Ermənistan təqdim etdiyi mina xəritələrini böyük təzyiqlərdən sonra verib. 2021-ci ildə 3 mərhələdə bizə məlumat verildi.
Ednews xəbər verir ki, bunu ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov 4 Aprel Beynəlxalq mina xəbərdarlığı və mina təhlükəsizliyi - mübarizəyə yardım günü münasibətilə keçirilən brifinqdə deyib.
ANAMA sədri bildirib ki, bu yaxınlarda qarşı tərəf 8 mina xəritəsi təqdim edilib: "Bu formulyarlar əsasən, Kəlbəcər - Muraovdağ istiqamətində idi. Biz onu da yoxladıq. Dəqiqliyi yenə çox aşağı səviyyədə idi".
Vüqar Süleymanov deyib ki, əslində təqdim olunan xəritələrdə koordinatlar, basdırlan mina sayı ilə bağlı məqamlar öz əksini tapmalıydı: "Lakin biz o məlumatları emal etdik, yerində yoxladıq. Bu emal nəticəsində məlum oldu ki, xəritənin dəqiqliyi, tamlığı cəmi 25 faiz düzgün idi. Ümumilikdə yararlılığı bu qədər olub. Həmin xəritələrin böyük əksəriyyəti - 97-98 faizi 30 il olan təmas xətti ilə bağlıydı. Qeyd etməliyəm ki, statistikaya görə, mina partlaması ilə nəticələnən hadisələrin 70 faizi təmas xəttində deyil, daha içəri ərazilərdə baş verib".