Zaqatala rayonu Faldarlı kəndinin 3 sakini 7 iyun 2024-cü il tarixində “Qara yara” diaqnozu ilə Bakı şəhəri Kliniki Tibbi Mərkəzinə hospitalizasiya olunublar.
Ednews xəbər verir ki, bu barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən “apa.az”a bildirilib.
Xəstələrdən biri Canqa Xalis oğlu Süleymanovda “Qara yara” diaqnozu laborator təsdiq edilib, digər 2 xəstədən laborator müayinə üçün nümunələr götürülüb və Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib.
Hazırda Zaqatala rayon İcra Hakimiyyəti başçısının Faldarlı kənd İnzibati ərazi üzrə nümayəndəliyi, Zaqatala rayon Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi, Zaqatala Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi və Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Faldarlı kəndində müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.