Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) ilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində birgə iş və tərəfdaşlıq imkanlarını müzakirə edib.
Ednews xəbər verir ki, bu müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun AİİB-in vitse-prezidenti Lyudqer Şuknextlə keçirdiyi görüşdə aparılıb.
Görüşdə dayanıqlı inkişafın təmin olunması, o cümlədən “yaşıl iqtisadiyyat”a keçid, “yaşıl enerji”nin təşviqi, həmçinin COP29-a hazırlıq çərçivəsində ölkəmizdə görülən işlər diqqətə çatdırılıb.
Ölkənin banka üzv olduğu 2016-cı ildən səmərəli əməkdaşlığın davam edildiyi vurğulanıb. Bankın üzv ölkələrin infrastruktur baxımdan inkişafına verdiyi dəstək qeyd olunub. AİİB ilə əməkdaşlıq çərçivəsində prioritet layihələr barədə məlumat verilib.
Lyudqer Şuknext Bankın Azərbaycanla uğurlu tərəfdaşlıq etdiyini bildirib. AİİB-nin Asiya regionunda iqtisadi artımın stimullaşdırılması, iqlim siyasətinə əsaslanan maliyyələşdirmə aləti, az inkişaf etmiş üzvlər üçün nəzərdə tutulan xüsusi fond pəncərəsi barədə məlumat verib. Bankın işbirliyi çərçivəsində maraq göstərdiyi yeni istiqamətlər barədə fikirlərini bölüşüb.
Tərəflər ikitərəfli əməkdaşlıq məsələlərinin müxtəlif aspektlərini nəzərdən keçiriblər. AİİB tərəfindən son dövrlərdə həyata keçirilən strategiyalar və nəzərdə tutulan tədbirlər, Azərbaycanda Bankın fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparılıb.