Sosial şəbəkələrdə yaxın müddətdə Azərbaycanda “Aİ-92” markalı benzinin və dizelin bahalaşacağı ilə bağlı şayələr dolaşmaqdadır. Bəs, görəsən bu məlumatlar reallığı əks etdirir?
Məsələ ilə bağlı Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Ednews-a açıqlamasında deyib ki, indiyə kimi qiymətlərin qalxmasında və ya enməsində əvvəlcədən məlumat verilməyib.
Onun sözlərinə görə, hazırda qiymətlərin qalxması müzakirə olunmur:
“Bu qanun Tarif Şurası tərəfindən tənzimlənir. Bugün ki, gündə hər hansı bir qiymətin əvvəlcədən proqnozlaşdırılması çətindir. Bu dezinformasiya da ola bilər. Rəsmi məlumat olmadığı üçün hələ ki, biz bunu dezinformasiya kimi xarakterizə edə bilərik”.
Ekspert vurğuladı ki, istər dizelin, istərsə də benzinin qiyməti əhalinin əlçatan səviyyəsində olmalıdır.
“Qiymətlərin daha yüksək olması bizim yerləşdiyimiz coğrafi mühitlə də tarazlanmalıdır. Ona görə ki, Azərbaycan şimal, cənub dəhlizinin üzərində yerləşir. Şərq, Qərb ipək yolunun üzərində beynəlxalq yüklərin daşınması, yanacaqların vurulması bunlar hamısı rol oynayır. Qiymət elə tənzimlənməlidir ki, başqa problem yaranmasın. Rəsmi nəticə olmadığı üçün biz bunu dezinformasiya kimi qəbul edə bilərik”.
Aynurə İsmayıl