Bu gün Ermənistandan sonuncu azərbaycanlıların qovulmasının 33-cü ildönümüdür.
Qərbi Azərbaycan İcmasının məlumatına görə, 8 avqust 1991-ci ildə erməni hakimiyyətinin Zəngəzur mahalının Nüvədi kənd sakinlərini zorla doğma torpaqlarından köçürdükdən sonra Ermənistanda bir nəfər də azərbaycanlı qalmayıb. Beləliklə, 1987-ci ildə başlayan və 300 min azərbaycanlının Ermənistandan qovulması ilə nəticələnən sonuncu deportasiya baş tutdu. Bu fakt bəşər tarixində qara səhifə olaraq qalır.
Qərbi Azərbaycan İcması bir daha bəyan edir ki, bu ədalətsizliklə heç vaxt barışmayacaq. Biz hazırki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtması üçün şərait yaradılmasını tələb edirik. Bu geri qayıtma hüququ Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər mühüm aktlarda təsbit olunub.
Biz beynəlxalq ictimaiyyəti azərbaycanlıların doğma torpaqlarına qayıtması üçün təhlükəsizliyin təmin olunmasında dəstək verməyə, həmçinin hüquqi baxımdan məcburi xarakter daşıyan müvafiq təsdiq və zəmanət mexanizmi ilə beynəlxalq aktların qəbulunda dəstək verməyə çağırırıq. Biz həmçinin geri qayıtma hüququ məsələsində etnik və dini zəmində hər cür ayrı-seçkilik cəhdlərini qınayırıq və bu məsələdə qarşılıqlı hörmət və bərabərlik prinsipinə əməl olunmasının vacibliyini vurğulayırıq - deyə icmada bildirilib.