Sığınacağa yerləşdirilən uşağın qohumları Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə hədə-qorxu gəlir, intiharla təhdir edir.
"EDnyus" xəbər verir ki, bu barədə Birliyin sədri Kəmalə Ağazadə özünün "Facebook" səhifəsində paylaşım edib.
O bildirib ki, təxminən, bir il öncə ana iki yaşlı övladını dayənin yanına qoyaraq gedib və onunla 28 gün ərzində əlaqə saxlamayıb:
"Dayə uşağın anasından xəbər çıxmadığını görəndə vəziyyətlə bağlı qaynar xəttimizə müraciət edib. Daha sonra polis əməkdaşlarının iştirakı ilə uşaq sığınacağa yerləşdirilib. Ananı dəfələrlə sığınacağa dəvət etsək də, gəlmədi. Lakin bundan sonra naməlum şəxslər müxtəlif nömrələrdən zəng edərək özlərini uşağın dayısı, əmisi və ya digər qohumları kimi təqdim ediblər. Onlar təhdidedici ifadələr işlədərək, uşağın təhvil verilməsini tələb edirlər. Bizə hədə-qorxu gəlir, öldürəcəklərini deyirlər".
K.Ağazadənin sözlərinə görə, ona mesaj yazaraq bildiriblər ki, uşağı onlara təhvil verməsələr, ana intihar edəcək və bunda onu günahlandıracaq.