Böyük Britaniya şahzadəsi Harri atası Kral III Çarlz və qardaşı vəliəhd şahzadə Uilyamla münasibətləri düzəltmək məqsədilə onları 2027-ci ildə İngiltərədə keçiriləcək "Sarsılmaz oyunlar"a dəvət etməyi planlaşdırır.
“EDnews” xəbər verir ki, bu barədə insayder məlumat verib.
Mənbənin sözlərinə görə, Sasseks hersoqu iyun ayının sonunda ailə üzvlərinə elektron məktub göndərəcək, daha sonra isə rəsmi dəvət təqdim olunacaq.
"Sarsılmaz oyunlar"ın təşkilatçıları ümid edirlər ki, kral ailəsi tədbirə qatılaraq müharibə veteranlara dəstək göstərəcək. Harri istəyir ki, atası aralarındakı fikir ayrılıqlarını unudaraq tədbirdə iştirak etsin. Kral ailəsi bu oyunlara hər zaman böyük dəstək verib və Harrinin bu sahədəki uğurları ilə fəxr edib. Bu, onun tərəfindən barışıq jesti kimi qiymətləndirilir və müsbət qarşılanacağı gözlənilir", - insayder bildirib.
Qeyd edək ki, "Sarsılmaz oyunlar" hərbi əməliyyatlar zamanı yaralanmış və əlil olmuş veteranlar üçün nəzərdə tutulmuş beynəlxalq idman yarışlarıdır. Bu tədbir 2014-cü ildə şahzadə Harrinin təşəbbüsü ilə təsis olunub. Yarışlarda iştirakçılar oxçuluq, basketbol, voleybol, reqbi, üzgüçülük və digər idman növlərində güclərini sınayırlar.