Mərakeşdə polisin müsadirə etdiyi balığı zibil maşınından çıxarmağa çalışan balıqsatanın həlak olmasına görə minlərlə mərakeşli ölkənin şəhər və qəsəbələrində etiraza qalxıb.
"Eurasia Diary" xarici mətbuata istinadən xəbər verir ki, ölkənin şimalındakı əl-Hoseyma şəhərində Muhsin Fikri adlı balıqsatanın başına gələn faciə sosial mediada qəzəb dalğası yaradıb.
Bu hadisə 2010-cu ildə Tunisdə meyvəsatanın ölümünə etiraz olaraq alovlanmış Ərəb üsyanlarının başlanğıcını xatırladır.
Mərakeş kralı Məhəmməd rəsmilərə Fikrinin ailəsinə baş çəkməyi əmr edib.
Daxili İşlər və Ədliyyə nazirlikləri hadisənin dərin təhqiqatının aparılacağını vəd edib.
Mərakeş üçün misli görünməmiş etirazları 20 Fevral hərəkatı təşkil edib.
Mərakeş mediasının yazdığına görə, bu balığın ilin bu vaxtında ovlanması qadağan olduğuna görə, Fikrinin satdığı qılıncbalığı polis müsadirə edərək zibil maşının mişarı üzərinə atıb.