Bu sərəncam praktiki olaraq kifayət qədər həssas qrup hesab edilən məcburi köçkünlərin sosial təminatının daha da yaxşılaşdırılmasına bir dəstək kimi xarakterizə olunmalıdır.
Bu sözləri Prezident İlham Əliyevin Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında sərəncamını şərh edən iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert qeyd edib ki, 2017-cu ilin yanvarın 1-dən dövlət məcburi köçkün və onlara bərabər tutulan şəxslərin kommunal xidmət xərclərini əvəzsiz olaraq ödəyir:
“2017-ci ilin əvvəlində bu rəqəm 36 manat idi, 2018-ci ildə 40 manata çatdırıldı. Son dəyişikliklərdən sonra isə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 50 faiz artırıldı. Bu o deməkdir ki, dövlət tərəfindən məcburi köçkün ailələrinin hər birinə kommunal xərclərin ödənilməsi üçün 60 manat vəsait ödəniləcək. Əgər ailədə dörd nəfər varsa, onda onlar aylıq olaraq dövlət büdcəsindən 240 manat əldə etmək imkanı qazanacaqlar. Əvvəllər bu rəqəm 160 manat idi, aprelin 1-dən isə 80 manat artacaq”.
İqtisadçı bildirib ki, birdəfəlik aylıq müavinətin ödənilməsi məcburi köçkünlərin sosial təminatı baxımından çox vacibdir:
“Nəticə etibarilə bu sərəncam məcburi köçkün ailələrinə bir dəstək kimi qiymətləndirilməlidir. Nəzərə alsaq ki, praktik olaraq dövlətin əvəzsiz dəstəyi xüsusən ailə üzvləri çox olan məcburi köçkün ailələrinin dövlət büdcəsindən daha çox vəsait əldə etməsinə imkan verəcək. Bu kontekstdə ölkə rəhbərinin son addımı Azərbaycanda həyata keçirilən sosial islahatların bir elementi kimi qiymətləndirilməlidir”.