Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir.
Ednews xəbər verir ki, səs verənlər arasında "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov da var.
Tanınmış mütəxəssis 17 saylı Yasamal üçüncü seçki dairəsinin 2 saylı seçki məntəqəsinə gələrək öz namizədinə səs verib.
Q.Qurbanov daha sonra öz təəssüratlarını AZƏRTAC-la bölüşüb:
"Bu anı uzun zamandır gözləyirdik. Öz seçimimi etdim. Buraya gəlib səs verən hər kəs çox istəklidir, onların Vətənə sevgisi hiss olunur. Mən də bu ölkənin bir vətəndaşı kimi sevə-sevə öz səsimi verdim".
Qeyd edək ki, bu seçki məntəqəsində də yüksək seçici fəallığı müşahidə olunur. Seçkilər ilk dəfə olaraq ölkəmizin bütün suveren ərazisində keçirilir. Seçkilərdə 7 namizəd mübarizə aparır. Hazırda Azərbaycanda səsvermə hüququ olan vətəndaşların sayı 6 milyon 478 min 623 nəfərdir. Seçki prosesini 790 beynəlxalq müşahidəçi izləyir.
Onlar 72 beynəlxalq təşkilatı və 89 ölkəni təmsil edirlər. Yerli müşahidəçilərin ümumi sayı isə 90 minə yaxındır. Seçkiləri 109 beynəlxalq media qurumunun 216 təmsilçisi işıqlandırır. Səsvermə saat 19:00-da başa çatacaq.