2025-26 mövsümünün başa çatmasının ardından transfer bazarında hərəkətlilik artıb.
EDnews-un məlumatına görə, iyunun 22-də açılacaq yay transfer pəncərəsi öncəsi klublar heyətlərini gücləndirmək üçün fəal danışıqlar aparırlar.
Mövsümü ikinci pillədə başa vuran "Fənərbaxça"da isə diqqətlər həm qarşıdan gələn prezident seçkilərinə, həm də transfer gündəminə yönəlib. İyunun 6-7-də keçiriləcək Fövqəladə Ümumi Yığıncaq ərəfəsində prezidentliyə namizədlər komandaya yeni futbolçular qazandırmaq istiqamətində fəaliyyətlərini davam etdirirlər.
Türkiyə mətbuatının yazdığına görə, prezidentliyə namizəd Hakan Safi bir sıra tanınmış futbolçularla yanaşı, hazırda "Sporting CP"nin formasını geyinən Luis Suareslə də ilkin razılıq əldə edib.
Məlumata əsasən, kolumbiyalı hücumçunun transferi seçkilərin nəticəsindən və "Sporting CP" ilə maliyyə məsələlərinin həllindən asılı olacaq. Tərəflər arasında maaş şərtləri üzrə yekun razılaşmanın əldə olunması transferin reallaşmasında əsas amillərdən biri hesab edilir.
Jurnalist Yağız Sabuncuoğlunun yaydığı xəbərdə isə Luis Suaresin bu gecə İstanbula gələcəyinin iddia olunduğu bildirilib. Həmçinin futbolçu ilə 3+1 illik müqavilə üzrə razılığın əldə edildiyi qeyd olunub.
Transferlə bağlı rəsmi açıqlama verilməsə də, Luis Suaresin adı artıq "Fənərbaxça"nın ən çox müzakirə olunan transfer hədəfləri sırasında yer alır.
Aytac Kərimova | EDnews
.png)




.jpg)
.jpg)
