İran rəhbərliyi ABŞ ilə razılığa gəlmək üçün dördmərhələli plan hazırlayıb.
EDnews bildirir ki, bu barədə "Fars" agentliyi Tehranın danışıqlar nümayəndə heyətinin üzvü Səid Acarluya istinadən məlumat yayıb.
Agentliyin həmsöhbətinin sözlərinə görə, plan hələlik Vaşinqtona göndərilməyib.
Planın birinci bəndi hərbi əməliyyatların tamamilə dayandırılmasını nəzərdə tutur. "Bu məsələ bütün tərəfləri və bütün cəbhələri əhatə etməlidir: həm İran və ABŞ-ni, həm də müqavimət cəbhəsini", - deyə agentlik Acarlunun sözlərindən sitat gətirir.
İkinci mərhələdə İran dörd məsələnin həllini təklif edir: Hörmüz boğazında gəmiçilik məsələsi, İran limanlarından blokadanın götürülməsi, neft sanksiyalarının ləğv edilməsi və İranın dondurulmuş aktivlərinin bir hissəsinin sərbəst buraxılması.
Üçüncü mərhələdə danışıqlar qrupları sanksiyaları və nüvə proqramını müzakirə edə biləcəklər. Sonuncu mərhələdə isə ölkələr hər iki tərəfin saziş üzrə öz öhdəliklərini yerinə yetirməsinə nəzarət edəcək komitə yaradacaqlar.
"Bu komitənin üzvləri hələ təsdiqlənməyib, lakin İran bu mexanizmdə dost və müttəfiq ölkələrin iştirak etməsinə çalışır ki, sazişin icrası prosesi lazımi dəstəyə malik olsun", - deyə Acarlu qeyd edib.







