Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə zəng edərək BMT Təhlükəsizlik Şurası və Baş Assambleyada Qüdslə bağlı qətnamələrə verdiyi dəstəyə görə təşəkkür edib.
"Anadolu" agentliyinin verdiyi məlumata görə, Ərdoğan telefon danışığı zamanı bildirib ki, BMT Baş Assambleyası dünən verdiyi qərarla ABŞ-ın Qüdslə bağlı bəyanatının qeyri-qanuni olduğunu göstərdi.
Qeyd edək ki, ötən gün BMT-nin Baş Assambleyasında Qüdslə bağlı xüsusi sessiya keçirilib. Sessiyada Türkiyə və Yəmənin təqdim etdiyi qətnamə layihəsi ilə bağlı müzakirələr aparılıb.
Müzakirələrdən sonra qətnamə səsverməyə çıxarılıb. Səsvermə nəticəsində ABŞ-ın Qüdslə bağlı qərarını rədd edən qətnamə qəbul edilib. Nəticədə BMT Baş Assambleyası Qüdsü İsrailin paytaxtı kimi tanımayıb. 128 ölkə qətnamənin lehinə, 9 ölkə əleyhinə səs verib. 35 ölkə isə bitərəf qalıb. (AzVision.az)