Yaponiya hökumətinin rəsmi nümayəndələrinin verdiyi məlumata görə, Kumamoto prefekturasında baş vermiş zəlzələ nəticəsində kənd və meşə təsərrüfatına təqribən 23 milyard 600 milyon yen (212 milyon ABŞ dolları) məbləğində zərər dəyib.
Təbii fəlakət nəticəsində 49 nəfərin həlak olduğu, bir nəfərin isə itkin düşdüyü bildirilir. Minamiaso kəndinin sakini olmuş həmin şəxs burada baş vermiş güclü torpaq sürüşməsi nəticəsində itkin düşüb.
Bundan əlavə, rəsmi mənbələrin bildirdiyinə görə 16 nəfər təxliyə zamanı yaranan böyük gərginlik və ya əvvəlcədən mövcud olan xəstəliklər səbəbindən dünyasını dəyişib.
Zəlzələ nəticəsində 6800 yaşayış binası zərər çəkib. Kumamoto prefekturasında hələ də 39700 nəfər təxliyə mərkəzlərində yaşayır.
Düyü və tərəvəz tarlalarında yaranmış torpaq çatları burada məhsul yığımının təxirə salınması ilə nəticələnib.
"Azərtac"