Özbəkistan və Cənubi Koreyadakı diplomatik görüşlərdən sonra jurnalistlərə açıqlama verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın Afrin şəhərindəki hərbi əməliyyatların bitmədiyini bildirib.
Prezident Münbiç şəhəri ilə bağlı ABŞ-la görüş keçirəcəyini də açıqlayıb.
Türkiyə Hərbi Qüvvələrinin Münbiçə daxil olması ilə bağlı sualına Ərdoğan belə cavab verib: “Afrindəki təmizlik hərəkatı yüz faiz bitməyib. Əldəqayırma bombalarla bağlı ciddi bir nəticə əldə edilib. İdlib və Tel-Rıfatla bağlı proseslər davam edir. Xarici işlər nazirimizin ABŞ-a bir səyahəti olacaq. O, ABŞ-ın xarici işlər naziri Mayk Pompeo ilə Münbiç haqqında müzakirələr aparacaq. Biz Münbiçin YPG və PYD-dən təmizlənməsinə dair bütün addımların atılmasını təmənna edirik”.
Prezident daha sonra hərbi qüvvələrin xidmətində olan yerli istehsal olan silahlarla bağlı fikirlərini bölüşüb: “Dünyadakı hadisələr bizə A-dan Z-yə tədbir görmək mövzusunda siqnallar verir. Afrində, "Fərat Qalxanı"nda bunun nə qədər önəmli olduğunu gördük. Əgər tədbir görməmiş olsaydıq, “Fırtına” tankları, topçular, helikopterlər, F-16 qırıcıları, pilotsuz texnikalar Afrində öz gücünü göstərə bilməzdi. Müdafiə sənayesində yeni istehsallara başlayacağıq. Bunlarla birlikdə əsgərlərimiz daha güclü olacaq”.