Türkmənistanda ərzaq məhsullarının qiyməti kəskin bahalaşıb. Ölkədə qida qıtlığı dükan, bazar və marketlərdə sıxlığın yaranmasına səbəb olub. Böhranın qarşısını almaq istəyən hökumət sovet dönəmində tətbiq edilən qaydaları yenidən qanuniləşdirib.
Yeni-köhnə qaydalara əsasən, un, şəkər və yağın satışı məhdudlaşdırılıb.
Hər ailə gündəlik ancaq 2 kiloqram un ala bilər. Şəkər və yağ satışında da talon sistemi tətbiq olunur.
Paytaxt Aşqabadda 2 manat olan çörəyin qiyməti artaraq, 3.5 manat olub. Marketlərdə müştərilər gün ərzində 1 ədəddən artıq toyuq ala bilməz. Paytaxt və bölgələrdə də unun qiymətləri artıb. 50 kiloqramlıq un kisəsinin qiyməti 2 dəfə artaraq, 100 manat olub.
Qida qıtlığının Türkmənistanda sosial partlayışa gətirib çıxaracağı bildirilir.
Qeyd edilir ki, enerji qiymətlərinin kəskin şəkildə azalması iqtisadiyyatı tamamilə sıradan çıxarıb.