İrəvanın Paruyr Sevak küçəsindəki binalardan birində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Georgi Kutoyanın silahla vurulmuş cəsədi tapılıb. Bu barədə Respublika İstintaq Komitəsinin mətbuat katibi Naira Harutyunyan məlumat verib.
Eurasia Diary Sputnik Ermənistan-a istinadən xəbər verir ki, işə İstintaq Komitəsinin rəhbərinin müavini Artur Melikyan və komitənin xüsusi işlər üzrə şöbə müdirinin müavini baxır. Mətbuatda yayılan bəzi məlumatlara görə, Kutoyan intihar edib.
Georgi Kutoyan 2016-cı ilin fevralından 2018-ci ilin mayınadək MTX-ə rəhbərlik edib. Məxməri inqilabdan sonra onu bu vəzifədə Artur Vanetsyan əvəz edib.