“İstənilən müharibə gec və yaxud tez sülh razılaşması ilə bitir. Rusiya Prezidenti Vladimir Putin müharibə dövründə hər iki tərəflə daim əlaqədə idi”.
EDNews.net “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko ADA Universitetində keçirilən “44 Günlük Zəfər Yolu” adlı konfransda deyib.
Onun sözlərinə görə, artıq bir ildir ki, rus sülhməramlılar Qarabağda uğurlu fəaliyyət göstərir.
Korotçenko, həmçinin müharibə vaxtı dronlardan istifadə edilməsinin əhəmiyyətini də vurğulayıb.
“Sözsüz ki, Azərbaycanın qələbəsinin əsas amili odur ki, Azərbaycan ve Azərbaycan xalqı ədalətli müharibə aparırdı. Azərbaycanın işğaldan azad edilən ərazilərindəki dağıntılar kimi dünyanın heç bir yerində dağıntı görməmişəm, burada hər şey dağıdılıb.
Paşinyan Səddam Hüseyndən nə ilə fərqlənir? O da yaşayış yerlərinə raket zərbələri endirirdi. Ermənistanın İkinci Qarabağ müharibəsində törətdikləri ilə bağlı hərbi tribunalın olub-olmamasını demək çətindir. Lakin bir şey aydındır ki, Ermənistanın etdiklərini bağışlamaq olmaz”, - deyə o əlavə edib.
İ. Korotçenko hazırda görülməli əsas məsələnin nəqliyyat kommunikasiyalarının, Zəngəzur dəhlizinin işə salınmasının olduğunu qeyd edib.
Rusiyali ekspert, eyni zamanda üçtərəfli İşçi Qrupunun hazırda fəaliyyətini davam etdirdiyini söyləyib.
Onun sözlərinə görə, Ermənistan regionda kommunikasiyaların açılması ilə bağlı hələ ki, iradə nümayiş etdirmir: “İkinci amil isə qanunsuz erməni hərbi birləşmələrinin Azərbaycan torpaqlarından çıxarılmasıdır. Azərbaycan hələ sovet dövründən öz tolerantlığı ilə tanınıb. Düşünürəm ki, bu, Qarabağ ermənilərini gələcəkdə nə gözləyəcəyinə əyani sübutdur”.
Baş redaktor Rusiyanın regionda sabitliyin olması üçün vacib rol oynadığını deyib.
O, Ağdamda Rusiya-Türkiyə Birgə Mərkəzinin fəaliyyətini vurğulayıb və qeyd edib ki, hər iki ölkə yaxşı şəkildə qarşılıqlı çalışır.