İstanbulda ondan boşanmaq istəyən arvadını silahla hədələyərək girov götürən şəxs polisin antiterror bölməsinin döyüşçüləri tərəfindən zərərsizləşdirilib.
Ednews Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu hadisə Şişli Koz küçəsində baş verib. Tugay Adak adlı şəxs ondan boşanmaq istəyən arvadı İnci Adakın olduğu, qadının ailəsinə aid evə gedib. Orada o, arvadını, onun anasını və daha bir qadını girov götürüb, balkona çıxaraq əlindəki silahla təhdidlər yağdırıb.
Hadisə barədə polisə xəbər verilib, İstanbul polisinin antiterror bölməsinin çoxsaylı döyüşçüləri evin ətrafını əhatəyə alaraq Tugay Adakı təslim olmağa çağırıb. Lakin o, silahı yerə qoymayıb və xüsusi təyinatlıların snayperi Adakı balkonda vurub, ardınca xüsusi təyinatlılar evə daxil olublar və onu zərərsizləşdiriblər. Şəxs yaralı halda xəstəxanaya aparılıb.