Özbəkistanın Ali Məclisinin Qanunvericilik Palatası və Senatı Qaraqalpaqda baş verən hadisələrlə bağlı müstəqil araşdırma aparmaq üçün komissiya yaradılması barədə qərar qəbul edib.
Ednews bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Müvafiq qərar hər iki palata Şuralarının birgə iclasında qəbul edilib.
Araşdırmanın nəticələri Özbəkistan və dünya ictimaiyyətinin diqqətinə çatdırılacaq.
Xatırladaq ki, iyulun 1-2-də Nukusda başlayan etiraz aksiyaları Konstitusiyanın Qaraqalpaq Respublikasının statusu ilə bağlı maddələrinə dəyişiklik edilməsi ilə bağlı təkliflər verildikdən sonra qanunsuz aksiyalara çevrilib. İğtişaşlar nəticəsində 4-ü polis olmaqla 18 nəfər həlak olub, 38-i təhlükəsizlik işçisi olmaqla 243 nəfər yaralanıb.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev şəxsən Nukusda olub və orada vətəndaşları Qaraqalpağın statusunun dəyişdirilməyəcəyinə əmin edib. Mirziyoyevin imzaladığı fərmanla avqustun 2-dək Qaraqalpaq ərazisində fövqəladə vəziyyət elan edilib.