İranın ali dini lideri Ayətullah Əli Xamenei ölkədə davam edən etirazları və təhlükəsizlik qüvvələri ilə baş verən toqquşmaları Qərb dövlətlərinin İrana qarşı hücumları ilə əlaqələndirib.
Ednews Yeni Safak-a istinadən xəbər verir ki, mərkəzi İsfahanda insanlarla görüşündə Xamenie bildirib ki, düşmənlər İranın inkişaf etməsinə imkan vermirlər və onlar xalq və dövlət arasında ümidsizlik yaratmağa çalışırlar.
“Düşmən qüvvələri təkcə xalqı, gəncləri yox, həmçinin məmurları da ümidini itirməyə sövq edir. Onlar kiberhücum və bir çox vasitələrdən istifadə etməklə ölkəmizdə ümidsizlik yaradırlar”, – deyə Xamenei bildirib.
Dini rəhbər həmçinin qeyd edib ki, Qərb qüvvələri pərdə arxasında gizlənərək ölkədə iğtişaşlar təşkil edirlər, insanları zorakılığa səsləyir və dövlət rəsmilərini taqətdən salmağa çalışırlar.
Qeyd edək ki, artıq iki aydan çoxdur ki, İranda genişmiqyaslı etirazlar davam edir.
Son həftələrdə təhlükəsizlik qüvvələrinə qarşı hücumların artdığı müşahidə edilir.
Yunis Abdullayev