"Cənubi Qafqazı, sözün əsl mənasında əsas qovşaq region adlandırmaq olar. Çünki burada Ermənistanla Azərbaycanın Rusiya ilə birlikdə hazırladıqları sülh təşəbbüslərinin həyata keçiriləcəyinə hələ də ümid var".
Ednews xəbər verir ki, bu fikirləri Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova çərşənbə günü Sputnik radiosunun efirində deyib.
O, Qərbin Cənubi Qafqazdakı vəziyyətə soxulmaq cəhdlərini kobud adlandırıb.
Zaxarovanın fikrincə, belə bir siyasət münaqişənin həlli üçün deyil, tam əks məqsədlər daşıyır.
"Təəssüf ki, uzun illərdir burada belə bir tendensiya müşahidə edirik. İndi qərblilər daha da fəallaşıblar", - diplomat əlavə edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi xatırladıb ki, Qərb tərəfdaşlarının iştirakı ilə münaqişənin həlli ilə bağlı uğurlu nümunələr yoxdur, əksinə onların təşəbbüsü ilə münaqişələrin sayı artır:
"Heç kim deyə bilməz ki, Qərbin əli, ayağı və ya düşüncəsi dəyən yer daha yaxşı olub”.