İran prezidentinin xanımı, Məşhədin imam-cüməsinin qızı Cəmilə Ələm əl-Hadi Venesuela telekanalına müsahibəsində “kişi kimi” oxumağı, işləməyi və yaşamağı zorakılıq nümunəsi adlandırıb.
“Biz qadınların qadın olaraq qalmasını istəyirik. Niyə biz kişi kimi oxumalıyıq, işləməliyik və yaşamalıyıq? Bu, zorakılıq nümunəsidir”, - deyə İranın birinci xanımı vurğulayıb.
Onun açıqlamasından da başa düşmək olur ki, birinci xanım bu gün İranın qadın hüquqlarına qarşı yürütdüyü zorakılıq siyasətini dəstəkləyir. O, qadını zərif məxluq adlandırmaqla bu duruma “müdafiə” donu geyindirərək molla rejimi üçün havadarlıq edir.
Məsələ ilə bağlı güneyli siyasi şərhçi Məhsa Mehdili Ednews-a açıqlamasında bildirib ki, İran prezidentinin həyat yoldaşı bir qadın olaraq utanc verici açıqlamalar verib.
“Qadın ayrıseçkiliyini, qadına olan zülmü, nəinki qadına insana uyğun olmayan qaydaları dəstəkləyən birisi insanlığın üz qarasıdır. Prezidentin xanımı bərabərliyi, qadının öz ayağı üstündə dura bilməsini, qadının da insan olduğunu müdafiə etmir. Əksinə qadınların geri planda qalmasını, yalnız mətbəxdə olmasını, qadının insan sayılmamasını müdafiə edir. Bu cəhalətin tavan nöqtəsidir. İranda ayrıseçkilik pik həddə çatıb”.
Siyasi şərhçinin sözlərinə görə, İran qaydalarına görə qadın insan sayılmır.
“İran cəmiyyətində qadın bir kölə olaraq görülür. Düşünün, prezidentin həyat yoldaşı, dövlət təmsilçisi bütün qeyri-insani qanunları müdafiə edir. Qadınları kölə kimi görən qaydalar dövlət tərəfindən məşhurlaşdırılıb və qanun halına gətirilib. Dünyanın gözünün içinə baxa-baxa yalanlar danışmağa da davam edir. İran dövləti hazırda çox pis vəziyyətdədir. Ən acınacaqlı tərəfi də odur ki, qadını heç sayan ölkənin sıradan bir qadın deyil, prezidentin həyat yoldaşıdır. Bu çox ciddi bir mövzudur. İran dövlətini təmsilən edən bir qadın belə danışırsa görün, dövlət nə gündədir”.
Aysel Şahmar