Almaniya höküməti İsraildən silah alacaq.
Ednews zdf.de nəşrinə istinadən bildirir ki, iki ölkə arasında Arrow 3 raketdən müdafiə sistemlərini almaq haqqında bəyannamə ötən günü Berlində imzalanıb.
Müdafiə nazirləri Boris Pistoris və Yoav Qalant tərəfindən imzalanan sənədə əsasən 2030-cu ilə qədər İsrail Almaniyaya üç Arrow 3 sisteminin yerləşdirilməsini nəzərdə tutur.
Almaniya və qonşu ölkələri mümkün raket hücumlarından daha yaxşı qorumaq məqsədi daşıyan müqavilə çərçivəsində ilk sistemin iki il ərzində göndərilməsi planlaşdırılır.
Qeyd edək ki, Arrow 3 sistemi 100 kilometrə qədər hündürlükdə atmosferdən kənarda idarə olunan raketlərlə birbaşa vuraraq uzaqmənzilli düşmən raketlərini dayandırmaq imkanı verir.
İsrailin məlumatlarına görə, dəyəri təxminən 6 milyard avro olan müqavilə İsrail tarixində ən böyük müdafiə sazişidir.
Ötən il Rusiyanın Ukraynaya hücumu ilə başlayan müharibədən sonra Almaniya ölkənin müdafiəsini yaxşılaşdırmaq və ordunu modernləşdirmək üçün 100 milyard avroluq xüsusi fond yaradıb.
Arrow 3-ün xərclərinin bu fonddan qarşılanacağı açıqlanıb.
Xəyal Ramiz