İspaniyanın Ali Məhkəməsi yerli media şirkətləri Mediaset, Atresmedia və Movistar Plus-un tətbiqin istifadəçilərə müəllif hüquqları icazəsi olmadan audiovizual məzmun yükləməyə imkan verməsi ilə bağlı şikayətlərindən sonra Telegram mesajlaşma proqramının ölkədə fəaliyyətinin dayandırılmasına qərar verib.
Ednews bu barədə “Reuters”-ə istinadən xəbər verir.
Qeyd olunur ki, İspaniyada Telegram-dan istifadə martın 25-dən müvəqqəti olaraq dayandırılacaq.
Hakim Santiago Pedraz iddialar araşdırılarkən messencerin ölkədəki xidmətlərinin bloklanmasına razılıq verib. Məhkəmə mənbəsinin sözlərinə görə, Telegram xidmətlərinin bloklanması mobil operatorların üzərinə düşəcək. İstintaqın nə qədər davam edəcəyi açıqlanmır. Telegram rəhbərliyinin isə məsələyə reaksiyası məlum deyil.