Koreya Respublikasının dördüncü kəşfiyyat təyinatlı peyki uğurla hədəf orbitinə çıxarılıb.
“EDnews” xəbər verir ki , bu barədə “Yonhap” agentliyi Koreya Respublikası Müdafiə Nazirliyinə istinadən bildirib.
Buraxılış Seul vaxtı ilə saat 09:48-də (Bakı vaxtı ilə 04:48) Florida ştatının Kanaveral burnundakı ABŞ Kosmik Qüvvələrinin bazasından həyata keçirilib. Aparat orbitə ABŞ-nin “SpaceX” şirkətinin “Falcon 9” raketi ilə çıxarılıb.
Ümumilikdə, Koreya Respublikası 2025-ci ilin sonunadək daha bir peyk buraxmağı planlaşdırır. Orbitdəki beş aparat Seula KXDR-i iki saatlıq intervalla daimi müşahidə etmək imkanı verəcək. İlk kəşfiyyat peyki 2023-cü ilin dekabrında buraxılmışdı. Kosmik kəşfiyyatın öz potensialı Cənubi Koreya tərəfinin bu məsələdə ABŞ-dən asılılığını azaldacaq.
2023-cü il noyabrın 21-də KXDR özünün ilk “Malligyon-1” kəşfiyyat peykini buraxmışdı, bundan əvvəl iki uğursuz cəhd olmuşdu.
Fatimə Mərdanlı // EDnews