ABŞ-ın keçmiş prezidenti Donald Tramp texnologiya milyarderi İlon Maskı nadir və simvolik bir hədiyyə ilə yola salıb. Belə ki, Tramp, Maskın ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsini tərk etməsi münasibətilə ona Ağ Evin qızıldan hazırlanmış açarını təqdim edib.
"EDnews" xəbər verir ki, Tramp və Mask bu hadisə münasibətilə birgə mətbuat konfransı keçiriblər. Tədbirdə həm media nümayəndələri, həm də Ağ Ev administrasiyasının üzvləri iştirak ediblər. Tramp çıxışında Maskın rolu və töhfələrini yüksək qiymətləndirib:
“İlon bu administrasiyaya yeni nəfəs gətirdi. Onun innovativ fikirləri və dövlət idarəçiliyinə yanaşması misilsiz idi.”
Tramp onu da bildirib ki, bu ayrılıq daimi deyil və Mask gələcəkdə prezident administrasiyasına töhfə verməyə davam edəcək. Milyarder isə cavab olaraq qeyd edib:
“Mən bura gəlməyə davam edəcəyəm. Prezidentin dostu və qeyri-rəsmi məsləhətçisi olacağam.”
Maskın DOGE rəhbəri kimi fəaliyyəti dövründə texnoloji transformasiya, bürokratik mexanizmlərin sadələşdirilməsi və süni intellektin dövlət idarəçiliyində tətbiqi sahəsində irəliləyişlər əldə olunduğu vurğulanıb.
Mətbuat konfransı sosial şəbəkələrdə geniş rezonans doğurub. Maskın Ağ Evin qızıl açarını qəbul etdiyi anın görüntüləri qısa zamanda viral olub.
Bu addım həm siyasi, həm də simvolik anlam daşıyır: Trampın Maskı sadəcə bir iş ortağı deyil, strateji müttəfiq və şəxsi dost kimi gördüyü bir daha təsdiqlənmiş oldu.
Fatimə Şükürova // EDnews