ABŞ-nin 2026 maliyyə ili üçün (oktyabrın 1-də başlayacaq) 1,01 trilyon dollar həcmində müdafiə büdcəsi layihəsi ilk növbədə Çinin cilovlanmasına və Amerika hərbi-sənaye kompleksinin aktivləşdirilməsinə yönəlib.
“EDnews” xəbər verir ki, bu barədə Pentaqon nümayəndələri jurnalistlərə bildiriblər.
Qurumun əməkdaşlarından biri qeyd edib ki, “bu müdafiə büdcəsində prioritetlər daxili təhlükəsizlik, Hind-Sakit okean regionunda Çinin təcavüzünün cilovlandırılması, müdafiə-sənaye bazasının canlandırılmasıdır”. Nazirlik Konqresdən ABŞ quru qüvvələrinin ehtiyacları üçün 197,4 milyard dollar, Hərbi Dəniz Qüvvələri üçün 292,2 milyard dollar və Hərbi Hava Qüvvələri üçün 301,1 milyard dollar ayırmağı xahiş edir.
Pentaqon, xüsusilə, milli nüvə triadasının bütün komponentlərinin modernləşdirilməsi üçün 60 milyard dollar, ABŞ-nin yerləşdirmək istədiyi “Golden Dome” (“Qızıl günbəz”) raketdən müdafiə sisteminin yaradılmasına “ilkin kapital qoyuluşu” kimi 25 milyard dollar, altıncı nəsil F-47 qırıcı-bombardmançısının hazırlanması üçün 3,5 milyard dollar, hipersəs silahlarının hazırlanması üçün 3,9 milyard dollar almağı planlaşdırır. Bundan başqa, hərbi qurum kibertəhlükəsizliyin təmin edilməsi üçün 15,1 milyard dollar, hərbi-sənaye kompleksinin ehtiyaclarına təchizat zəncirlərinin təkmilləşdirilməsi üçün 1,3 milyard dollar, raket və digər döyüş sursatlarının istehsalının artırılması üçün 2,5 milyard dollar, sərhəd nəzarətinin gücləndirilməsi üçün 5 milyard dollar tələb edir.
Müdafiə büdcəsi layihəsinə əsasən, Pentaqon, əvvəllər gözlənildiyi kimi, 74 deyil, 47 ədəd beşinci nəsil “F-35 Lightning II” qırıcı-bombardmançısı almaq niyyətindədir. Bundan əlavə, o, “Boeing” korporasiyasının istehsalı olan “E-7 Wedgetail” uzaq radiolokasiya aşkarlama və idarəetmə təyyarələrinin alınmasından imtina etməyi tövsiyə edir.