İspaniya hökumətinin başçısı Pedro Sançes ABŞ prezidenti Donald Trampın Madrid yönəlik hədələrinə cavab verib.
“EDnews” xəbər verir ki, o, ölkəsinin suveren dövlət olduğunu xatırladıb.
Baş nazir bildirib ki, İspaniya NATO-nun məqsədlərinə çatmaq üçün ÜDM-in yalnız 2,1 faizini müdafiəyə xərcləməlidir.
Qeyd edək ki, bir neçə gün əvvəl İspaniya hərbi xərclərini ÜDM-in 5 deyil, 2,1 faizinə çatdırmaq üçün NATO-dan xüsusi yanaşma tələb edib. Bu, Trampı narazı salıb və o, İspaniyanı görünməmiş tariflərlə hədələyib.
Tramp bildirib ki, ABŞ İspaniyanı əlverişsiz ikitərəfli ticarət sazişi ilə razılaşmağa məcbur edəcək. Donald Trampın sözlərinə görə, o, bu mövqeyi İspaniya rəhbərliyinə şəxsən çatdırmaq niyyətindədir.
Prezidentin nöqteyi-nəzərindən İspaniya Şimali Atlantika blokunda hərbi xərclərin artırılması ideyasına “ən düşmən” olan ölkə oldu.
Brüsseldə keçirilən Aİ sammitinə gəldikdən sonra Sançesə Vaşinqtonun tariflər tətbiq etməklə bağlı hədələrindən narahat olub-olmadığını soruşublar.
Nazirlər Kabinetinin rəhbəri qeyd edib ki, İspaniya “alyansa üzv dövlətlərə sadiq olmaqla yanaşı, həm də suveren” ölkədir:
“Ticarət siyasəti buradan, Brüsseldən gələn siyasətdir, biz gömrük ittifaqındayıq. Ticarət siyasəti açıq şəkildə Brüssel tərəfindən bütün Aİ üzv dövlətləri adından müzakirə olunur”.
Baş nazirin sözlərinə görə, Madridin hərbi xərcləri ÜDM-in 5 faizinə çatdırmaq üçün “səylərin dəyəri” 350 milyard avro əlavə xərc tələb edəcək.
Apreldə Sançes bəyan etmişdi ki, hakimiyyət müdafiə və təhlükəsizlik xərclərini 2025-ci ildə ÜDM-in 2 faizinə çatdırmağa yönəlmiş planı təsdiqləyib. Madrid daha əvvəl bu hədəfə 2029-cu ilə qədər nail olacağına söz vermişdi. Bunun üçün krallıq 10,4 milyard avrodan çox vəsait ayırmağı planlaşdırır.
NATO sammitinin yekunu üzrə kommünikedə bildirilir ki, alyans ölkələrinin liderləri müdafiə xərclərini ÜDM-in 5 faizinə qədər artırmaq barədə razılığa gəliblər ki, bu da müdafiə infrastrukturunun inkişafı üçün 1,5 faizi də əhatə edəcək və Ukraynaya hərbi tədarüklər nəzərə alınacaq.