İraqın paytaxtı Bağdadda yerləşən ciddi mühafizə olunan Yaşıl Zonada təhlükəsizlik qüvvələri genişmiqyaslı əməliyyat keçirib.
EDnews "AFP" agentliyinə istinadən xəbər verir ki, bazar günü səhər həyata keçirilən əməliyyat məhkəmə qərarları əsasında maliyyə korrupsiyası ittihamı ilə bir neçə siyasətçini hədəf alıb.
Əməliyyata terrorla mübarizə qüvvələri və hərbçilər cəlb olunub.
Yerli" Telegram" kanallarında yayılan görüntülərdə təhlükəsizlik qüvvələrinin tanklar və digər ağır texnika ilə Yaşıl Zonada yerləşdirildiyi əks olunub. Bəzi kadrlarda hərbçilərin yaşayış evlərinə daxil olduğu da görünür.
Bağdadın Yaşıl Zonasında ABŞ səfirliyi, digər diplomatik nümayəndəliklər, beynəlxalq təşkilatların ofisləri, eləcə də İraqın yüksək vəzifəli dövlət rəsmiləri və siyasətçilərinin iqamətgahları yerləşir.
İndiyədək İraq hakimiyyəti əməliyyatla bağlı rəsmi açıqlama verməyib. Saxlanıldığı bildirilən siyasətçilərin adları da açıqlanmayıb.
Qeyd edək ki, İraqın Baş naziri Əli əl-Zeydi hökumətə gəldikdən sonra ölkədə geniş yayılmış korrupsiya ilə mübarizə aparacağını bəyan etmişdi.







