Dünyada bir milyarda yaxın insanın izləyəcəyi Bakıdakı möhtəşəm final qarşılaşmasının başlanmasına yaxın yenə erməni lobbisi və anti-azərbaycan mövqeli qüvvələr fəallaşdı və Bakıdakı finalı əngəlləmək, ona kölgə salmaq üçün cəhdlər etdi. Əsas müzakirə predmeti isə təbii ki, Mxitaryan mövzusunda oldu. Rəsmi bakı Mxitaryanın təhlükəsizliyinə zəmanət versə belə oyunçu Bakıya gəlməkdən imtina etdi və final qarşılaşmasında komandasını tək qoydu. Əlbəttə, belə bir məqamda Arsenal azərkeşləri öz futbolçularını deyil, bizi, Azərbaycanı günahlandırdılar. Onların bu qınağı tamamilə emosional xarakter daşıyır. Bu məsələyə Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov CNN kanalına verdiyi müsahibədə ideal cavab verib və bütün söz-söhbətlərə son qoyub.
Nazir CNN telekanalına müsahibəsində bildirib ki, Azərbaycan “Arsenal”ın futbolçusu Henrix Mxitaryanın qorxusunu dəf etmək üçün əlindən gələni edib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti London klubuna və UEFA-ya ölkəyə idmançıların gəlişi üçün nə vaxtsa olduğundan daha çox yazılı təminat təqdim edib. Lakin buna baxmayaraq, Mxitaryan mayın 29-da “Arsenal”la “Çelsi”nin qarşılaşacağı Avropa Liqasının final oyununa gəlməkdən imtina edib.
“Siz daha çox təminat istəyirsiniz?! – Azad Rəhimov CNNSport-un əməkdaşı Amanda Devisin sualını cavablandırarkən təəccüblənir. – Siz “daha çox” deyərkən nəyi nəzərdə tutursunuz? 100 faizlik təminatdan daha çox nə ola bilər? Biz “təhlükəsizlik” deyərkən anlaşılan nə varsa, hamısını etdik. Daha nə edə bilərik?
Bəlkə Mxitaryanın dalınca iki F-16 Fighting Falcons qırıcısının müşayiəti ilə özəl təyyarə yollayaq? Mən daha nə edə biləcəyimizi bilmirəm”.
Nazir qeyd edib ki, UEFA və “Arsenal” Azərbaycandan “mümkün olan və olmayan bütün sənədləşməni” alıblar.
“Öz tərəfimdən mən hökumətin, AFFA-nın və təhlükəsizliyə cavabdeh olan bütün dövlət orqanlarının adından imzalanmış təminat məktubları göndərmişəm”, - Azad Rəhimov vurğulayıb.
Nazir xatırladıb ki, Azərbaycan Ermənistandan deyil, Böyük Britaniyadan klubu qəbul etməyə hazırlaşır. Onun şəxsən Mxitaryana zəng vurub-vurmaması ilə bağlı suala Azad Rəhimov təbəssümlə cavab verib:
“Əlbəttə ki, yox. Mən heç onun nömrəsini də bilmirəm. Amma Londondakı səfirimiz müsahibəsində Mxitaryana təklif edib ki, onunla əlaqə saxlasın. Lakin cavab olmayıb”.
Nazirdən onu da soruşublar ki, gələn il Azərbaycan 2020-ci ilin Avropa çempionatının 4 oyununu qəbul etdiyi zaman erməni millətindən olanlar Bakıya gələ bilərlərmi?
“Biz heç vaxt Azərbaycana idman yarışına gəliş üçün məhdudiyyətlər qoymamışıq. – A.Rəhimov cavab verib. – Erməni əsilli vətəndaşlar əvvəlcədən Azərbaycana viza üçün sənədlərlə müraciət etməlidirlər. Bu, ölkəmizə gələn digər turistlərə nisbətən daha çox vaxt apara bilər. Bu, yeganə fərqdir. Belə isə, heç bir məhdudiyyət yoxdur”.
UEFA prezidenti Aleksandr Çeferin də bu məsələdə öz mövqeyini ifadə edib. O, qeyd edib ki, “Mxitaryan Bakıya getmək istəmir? Bu oyunçunun öz işidir. Azərbaycan oyunçunun təhlükəsizliyinə təminat vermişdi. Əgər biz bu situasiya ilə bağlı getsək, futbol bu siyasi təzyiqlər altında oynansa gələcəkdə heç nə təşkil edə bilmərik”-Aleksandr Çeferin “Spiegel”ə müsahibəsində deyib.
Azərbaycanda insan haqları ilə bağlı problemlər haqda suala cavabında isə UEFA prezidenti deyib ki, belə problemlər başqa ölkələrdə də var. “Başqa ölkələrdə də buna oxşar problemlər var. Bu o deməkdir ki, Bakı sakinlərinin canlı futbol izləmək haqqı yoxdur?”-Çeferin bildirib.
Bu qədər söz-söhbətə səbəb olan Mxitaryanın isə final oyunundan sonra Arsenal klubundan ayrılacağı gözlənilir. Çünki komanda bu futbolçunun oyunundan məmnun deyil.
Həmçinin bir faktı da qeyd etmək lazımdır ki, Henrix Mxitaryan 3 dəfə Dağlıq Qarabağda olub. Xankəndində Qarabağ savaşında həyatını itirmiş hərbçilərin ailə üzvləri ilə görüşüb və onlara müxtəlif hədiyyələr paylayıb. Ona Dağlıq Qarabağ Respublikası adından baş nazirin medalı təqdim olunub. Ona görə də biz bu futbolçunun adını tezliklə Xarici İşlər Nazirliyinin qara siyahısında görə bilərik.
Bütün bunlara rəğmən, Arsenal klubu artıq Bakıdadır. Finala saatlar qalıb. Sonda qeyd edək ki, biz bu tipli dezinformasiyalara, qara təbliğatlara artıq alışmalıyıq. Çünki nə zaman Bakıda bir beynəlxalq tədbir keçirilir, dünyanın diqqətini cəlb edən bir festival və ya idman yarışı keçirilir, Azərbaycana qarşı kompaniyalar daha da şiddətlənir. Səbrlə və inamla, ən əsası peşəkarlıqla 29-dakı final oyununu və digər beynəlxalq tədbirləri uğurla təşkil edib düşmənlərə laiqli cavab verilməlidir.
Nicat İsmayılov