Bu yaxınlarda İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla Azərbaycan arasında ilk real razılaşmaların şahidi olduq. Bu razılaşmalar nəticəsində tərəflər arasında mübadilə həyata keçirildi. Azərbaycan işğalçılardan azad edilmiş Ağdamın minalanmış ərazilərinin xəritəsinin qarşılığında Ermənistana əsir götürülmüş diversantları təhvil verdi. Mübadilənin ABŞ Dövlət Departamenti və Gürcüstan hökumətinin vasitəçiliyi ilə baş verdiyi diqqət çəkir.
Gürcüstanın Ermənistan-Azərbaycan münasibətlərindəki rolu nədən ibarətdir və ABŞ-ın geri dönməsi Qarabağ məsələsində Rusiyanın rolunu neytrallaşdırırmı? Bu barədə politoloq, Cənubi Qafqaz Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə Eurasia Diary-yə danışıb.
Politoloq xatırladıb ki, Gürcüstan uzun müddətdir ki, bölgədəki qeyri-hökumət təşkilatlarının (QHT) qarşılıqlı fəaliyyət platforması olmağa çalışırdı: “Heç kimə sirr deyil ki, Tbilisidə Azərbaycan və erməni icmalarının nümayəndələri Dağlıq Qarabağ Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı məsələləri müzakirə etmək üçün müxtəlif illərdə görüşüblər. Bu, müxtəlif beynəlxalq platformalar, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair Avropa Tərəfdaşlığı çərçivəsində həyata keçirilib. Burada Beynəlxalq International Alert, Crisis Management Initiative, Conciliation Resources, LINKS и Kvinna till Kvinna Foundation kimi təşkilatlar iştirak edib.
Münaqişədən sonra yaranmış reallığın yeni şərtlərinin diktəsilə Tiflis iki ölkə arasındakı münasibətlərdə vasitəçi roluna sahib olur, eyni zamanda Gürcüstan həm Bakı, həm də İrəvanla yaxşı münasibətləri olduğunu vurğulayır".
Ekspertin fikrincə, ABŞ-ın roluna gəlincə, son hadisələr nəticəsində Birləşmiş Ştatlar bölgədə baş verən son proseslərdən kənarda qalmışdı: “Hər halda üçtərəfli razılaşma ABŞ-ın, eləcə də Fransanın iştirakı olmadan imzalanıb. Bu proseslərdə ən aktiv rolu Rusiya oynadı. Bu mənada, ABŞ-ın fəallaşması iki ölkə arasındakı mübahisələrin həllinə marağın nümayişi kimi qiymətləndirilə bilər. Münaqişə keçmişdə qaldı, amma hələ də mübahisəli məqamlar mövcuddur və ABŞ bu problemləri həll etmək üçün öz səylərini göstərməyə çalışır. Bundan əlavə, Co Baydenin yeni rəhbərliyi beynəlxalq proseslərdə olduğu kimi regional proseslərdə də fəal iştirak etmək arzusunu nümayiş etdirir. Bu mənada ABŞ böyük ehtimalla Tiflisin Azərbaycan və Ermənistan arasında ikitərəfli mübahisələrdə vasitəçilik platforması olma səylərini dəstəkləyəcək”.
İ. Vəlizadə, həmçinin qeyd edib ki, ABŞ, bu məsələlərin Moskvanın iştirakı olmadan və ya minimal iştirakıyla həll olunmasına üstünlük verir Buna baxmayaraq, real götürsək, böyük ehtimalla Tiflis münaqişədən sonrakı reallıq çərçivəsində müəyyən mövzuları müzakirə etmək üçün platforma olacaq, mürəkkəb məsələlər isə Rusiyanın fəal iştirakı ilə həll ediləcək:
“Rusiya faktiki olaraq keçən il imzalanmış 10 Noyabr tarixli üçtərəfli razılaşmanın həyata keçirilməsinin qarantıdır və razılaşma bəndlərinin ardıcıl şəkildə həyata keçirilməsi yeni bir geosiyasi reallığın yaranmasına səbəb ola bilər. Bu vəziyyətdə, hazırda bölgədəki məsələlərini həll edən tərəflər, ilk növbədə, Azərbaycan və Ermənistan, birinci növbədə sənədin icrasını nəzərdə tutan müddəaları rəhbər tutmalıdırlar”.
Hüseyn Səfərov