Son günlər istər rus sülhməramlılarının müvəqqəti nəzarətində olan Qarabağ regionunda, istərsə də Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən ardıcıl təxribatlara əl atır, geosiyasi mərkəzimiz olan Şuşanı atəşə tutur, sərhəddə xidmət edən bölmələrimizə qarşı təxribat törədir. Xüsusilə, son günlər Naxçıvan istiqamətində atəşkəsin intensiv şəkildə pozulmasından sonra Azərbaycan tərəfindən yaralananların, erməni tərəfindən isə hətta ölən olduğu bildirilir. Atəşkəsin xüsusilə Qarabağda pozulması isə bütün diqqətləri sülhə nəzarət etməli olan rus sülhməramlılarının üzərinə çəkir. Rusiya Müdafiə Nazirliyinin isə atəşkəsin pozulması ilə bağlı ötən gün yayımladığı bəyanat əslində regiondakı vəziyyəti və Moskvanın real mövqeyini anlamağımız üçün kifayət qədər vacib sənəd mahiyyətindədir.
Ermənistan Silahlı Qüvvələrinin Qarabağda nə işi var?!
Dünən Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında, Qarabağdakı sülhməramlı əməliyyatlara aid bölmədə yerləşdirilən məlumatda deyilir ki, Şuşa ətrafında Azərbaycan ordusu ilə “Ermənistan silahlı qüvvələri” arasında “nizamsız atışma” baş verib, Rusiya sülhməramlıları vəziyyətə müdaxilə edib və atəş dayandırılıb.
Qeyd edək ki, bu açıqlamada ifadə edilən “Ermənistan Silahlı Qüvvələri”nin böyük bir hissəsi 44 günlük Vətən müharibəsində darmadağın edilib, üstəlik 10 noyabrda imzalanan birgə bəyanatın 4-cü maddəsinə görə, onlar münaqişə zonasından uzaqlaşdırılmalı idi. Ruslarsa açıq şəkildə bildirirlər ki, orada Ermənistan Silahlı Qüvvələri var və fəaliyyətini davam etdirir.
Vətən müharibəsindən sonra regionda erməni birləşmələrinin qaldığı hamıya məlum idi. Amma bu birləşmələr Ermənistan Silahlı Qüvvələri kimi deyil, qondarma “DQR”-in özünümüdafiə qüvvələri kimi qələmə verilirdi.
Ortada başqa sual da var. Qarabağdakı silahlılar kimlərdir? Yerli əhalidən olan silahlılar, yoxsa Ermənistandan gələn əsgərlər? Niyə sülhməramlılar bütün bunlara göz yumur? Yerli silahlılar niyə tərksilah edilmir? Yaxud, məlumatda deyildiyi kimidirsə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində nə işi var, niyə çıxarılmır? Belə çıxır ki, rus hərbçiləri ən azından onların bölgəyə sızmasına göz yumur (ən azı), ya da onları özləri keçirilər.
Hamını düşündürən “nə etməli” sualı
Hər kəs eyni fikirdədir, ruslarla masaya oturmalı və birgə bəyanatın şərtlərinin təmin edilməsini onlardan tələb etməliyik. Lakin bunu deyənlər qarşımızdakı gücün yırtıcı və dağıdıcılığının fərqində deyilmi? Rusiyadan ürəyin istəyən zaman, könlün istəyəni tələb edə bilməzsən. Üstəlik məsələ sadəcə Rusiya da deyil. Regional cəhətdən bizə çox uzaq olsa da Qafqazdakı siyasi proseslərə aktiv müdaxilə edən və Qərbdə ermənilərin əsas havadarı hesab edilən Fransa ümumiyyətlə Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi hesab etməyə meylli deyil. Fransa parlamentinin aşağı palatasının Dağlıq Qarabağın tanınmasını hökumətə tövsiyə edən iki qətnamə qəbul etdiyini də unutmaq lazım deyil. Yeri gəlmişkən, qarşıdakı günlərdə Fransa prezidenti Makronun Ermənistana rəsmi səfəri gözlənilir. Səfərin İlham Əliyevin Dağlıq Qarabağın muxtar statusunun üzərindən xətt çəkdiyi “Azərbaycan iqtisadi rayonları haqqında” sərəncamından sonra, atəşkəsin intensiv pozulduğu bir dövrə təsadüf etməsi də maraqlı bir detaldır.
ABŞ-ın da son dövrlər Ermənistana yaxın addımlar atmasını nəzərdən qaçırmaq olmaz. ABŞ-ın ölkəmizdəki səfirinin Şuşaya getməkdən imtina etməsi, ötən günlərdə ABŞ Dövlət Departamentinin rəhbəri Blinkenin Paşinyana zəng etməsi və Azərbaycanda olan erməni hərbçilərin “sürətlə” Ermənistana qaytarılmasına olan dəstəyini ifadə etməsi buna misal kimi göstərilə bilər. Fransadan fərqli olaraq ABŞ bu münaqişədə ermənipərəst mövqeyə sahib deyil, lakin Vaşinqton Paşinyan hakimiyyətini Qafqazdakı yeni demokratik qüvvə hesab edir və onun Moskva təzyiqləri altında əzilmək yerinə, nisbətən güclənib Qərbə inteqrasiya etməsinə zəmin hazırlamağa çalışır.
Dəyişdirilməli olan geosiyasi vəziyyət
Təəssüf ki, böyük dövlətlərin mövqeyi Azərbaycanın lehinə sayıla bilməz. Lakin bunu dəyişmək də rəsmi Bakının iradəsindən xaric deyil. Belə ki, dövlətin vuran əli silahlı qüvvələr hesab edilirsə, dövlətin danışan dili XİN-dir. Azərbaycanda dövlətin vuran əli öz işini uğurla yerinə yetirib, danışan dilin isə daha hiyləgər və daha aktiv olmasına ehtiyac var. Tərtər, Bərdə və Gəncədə dinc vətəndaşlara qarşı kasetli bombalardan istifadə edən bir terrorçu rejimi demokratik Qərb necə dəstəkləyə bilər? Dövlətin bütün diplomatik qurumları, xüsusilə Avropa və Amerikadakı səfirliklərimiz Ermənistanın müharibə cinayətlərini ifşa etməli, Paşinyan rejiminin demokratik imicini məhv etməlidir. Qərbin dəstəyini qazanmaq üçün Türkiyənin vasitəçiliyi ilə gərəkli addımlar atılmalıdır. Çünki yalnız Qərbin tam dəstəyini qazanandan sonra Azərbaycan Rusiyanın qarşısına tələblərlə çıxa bilər.
İlham Əliyevin hücum diplomatiyası və AXC xəritələri
Bununla birlikdə Azərbaycan hökuməti Qərbin real dəstəyi olmadan da bəzi uğurlu diplomatik gedişlərlə vəziyyəti öz xeyrinə dəyişməyə çalışır. Buna misal olaraq Prezident İlham Əliyevin Şuşanın atəşə tutulmasından sonra verdiyi açıqlamaları göstərə bilərik:
“İndi Ermənistanda deyirlər ki, İlham Əliyev ərazi iddiası ilə çıxış edir. Əgər Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq. Bunu hələ on il bundan əvvəl demişəm. Mənim çıxışlarım hamısı mətbuatda var. Demişəm ki, bizim dədə-baba torpağımızdır, biz oraya qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur".
İlham Əliyevin bu açıqlaması açıq şəkildə həyata keçirilən diplomatik hücumdur. Prezident diplomatiyanın məşhur “məcburetmə taktikası” ilə düşməni təhdid edir və bəyan edir ki, əgər Qarabağdan çıxmasan, Zəngəzurdan çıxmalı olacaqsan...
Prezident İlham Əliyevin qeyd etdiyimiz açıqlamalarını eşitdikdə məşhur ziyalımız, tarixçi alim, professor Solmaz xanım Tohidinin aylar əvvəl verdiyi bir təklif yada düşür: “Azərbaycan SSRİ-yə daxil olarkən onun 114 min kvadrat km ərazisi var idi. Müstəqilliyini elan etdiyi gün isə 86.6 min kvadrat km ərazisi qalmışdı. Bəs nə üçün biz ermənilərlə sərhəd məsələlərini bizim demokratik cümhuriyyətimizi zor gücünə ələ keçirən, ərazilərimizi ermənilərə güzəştə gedən, xalqımıza qarşı olmazın cinayətlər törətmiş bir rejimin hazırladığı xəritələr əsasında müzakirə edirik? Azərbaycan Respublikası AXC-nin rəsmi varisi deyilmi?”
Nicat İsmayılov