Posthumanizm: İnsandan Sonrakı Dövrün Fəlsəfəsi

Yazarlar 11:00 19.05.2025

Shems.jpg

Müəllif: Şəms Ajax

Bəşəriyyət tarix boyu özünü mərkəzə qoyub – kainatın, həyatın, hətta mənanın mərkəzinə. İnsanlıq uzun illər boyunca təbiətə hökm edən, canlılar arasında ən ağıllı, ən irəli varlıq olduğunu düşünərək özünü "yaradılmışların tacı" kimi təsəvvür edib. Amma XXI əsr – texnoloji inqilablar, süni intellekt və biotexnologiyanın partlayış dövrü – bu köhnə təsəvvürlərin altını oyur. Artıq "insan nədir?" sualı yenidən və daha fundamental şəkildə gündəmə gəlir. Əgər insan düşüncəsini maşına ötürə, bədənini robotla birləşdirə, genetik kodunu redaktə edə bilirsə – o zaman insanlığın sərhədləri harada bitir?

Posthumanizm bu suallara cavab axtaran fəlsəfi yanaşmadır – təkamül prosesinin sonrakı mərhələsinə işarə edən  düşüncə istiqaməti. O yalnız bioloji və antropoloji yanaşmaları deyil, eyni zamanda texnoloji, mədəni və etik perspektivləri də özündə birləşdirir. Posthumanizm deyir ki, insan artıq yalnız bioloji varlıq deyil, informasiya, kod, texnoloji interfeys və süni sistemlərlə iç-içə keçmiş  kompleks varlıqdır. Bu anlayış sadəcə gələcəyə dair elmi-fantastik proqnozlar deyil – bugünkü reallıqların fəlsəfi təhlilidir.

Bu dəyişiklik təkcə texnoloji inkişafa əsaslanmır. Bu həm də insanın özünü anlamasında baş verən dərin bir ideoloji və ontoloji dəyişiklikdir. Əgər qədim dövrlərdə insan tanrılara bənzəməyə çalışırdısa, bu gün o, maşınlara bənzəməyə başlayır. Biz artıq "insan olmaq" anlayışının sərhədlərini yenidən cızmalıyıq: biz yalnız düşünən və hiss edən varlıq deyilik – biz eyni zamanda məlumat axınında üzən, texnologiya ilə vəhdətdə olan, dəyişə və dəyişdirilə bilən strukturlarıq.

Posthumanist nəzəriyyə bu dəyişən insan anlayışını təkamül, texnologiya və fəlsəfə üçbucağında araşdırır. Burada suallar cavablardan çoxdur: İnsan texnologiya ilə birləşəndə azad olur, yoxsa əsarətə düşür? Öz məhdudiyyətlərini aşan insan hələ də "insan" olaraq qalırmı? Biz insanlığı təkmilləşdiririk, yoxsa məhv edirik? Bu sualların cavabı təkcə gələcəyimizi yox, bu günkü kimliyimizi də müəyyən edəcək.

Posthumanizm – insanın öz imkanlarını aşdığı bir zamanın fəlsəfəsidir. Bu, insanın öz bioloji və zehni sərhədlərindən o yana baxma cəhdidir. Bu həm vəd, həm də  xəbərdarlıqdır.

Posthuman nəzəriyyəsinin mahiyyəti: İnsanlıqdan sonranın fəlsəfəsi

Posthumanizm yalnız texnoloji gələcəyin xəritəsini çəkmək deyil – insanın bu günə qədər özü haqqında qurduğu bütün təsəvvürləri təməldən sarsıtmaq cəhdidir. Bu nəzəriyyə insan mərkəzli dünyagörüşünün – antropomorfizmin – hakimiyyətini sona çatdırmaq, insanın özündən o yana olan imkanlarını və eyni zamanda risklərini analiz etmək üçün meydana çıxmışdır. Posthuman nəzəriyyəsi təkcə intellektual moda deyil; bu, insanın nə olduğu və nə ola biləcəyi ilə bağlı dərin, bəzən narahatedici axtarışdır.

Bu nəzəriyyəyə görə, insan artıq sabit və dəyişməz varlıq deyil. O, bioloji və texnoloji elementlərin dinamik sintezindən yaranan, hibrid, keçici və çevrilə bilən varlığa çevrilməkdədir. Müasir dövrdə süni intellekt, genetik mühəndislik, kiber orqanlar və neyrotexnologiyalar insanın təkamül prosesinə bilavasitə müdaxilə etməyə imkan verir. Nəticədə, posthumanizm insanın sadəcə bioloji olaraq təkmilləşməsini yox, həm də onun mahiyyətinin köklü şəkildə dəyişməsini müzakirə edir.

Bu anlayış, ənənəvi humanizmə meydan oxuyur. Humanizm dövründə insan ağlı, fərdi iradəsi və mənəvi aləmi kainatın mərkəzinə yerləşdirilirdi. Amma posthumanizm bu mərkəzi dağınıq hala gətirir: artıq insan süni varlıqlarla, alqoritmlərlə və qeyri-insani sistemlərlə bərabər düşünülür. İnsan öz idarəedici rolunu paylaşmalı, hətta bəzən ondan imtina etməlidir. Bunu bəzi filosoflar tənqidi şəkildə “post-insanlıq travması” adlandırırlar.

Süni intellektin yaranması və inkişafı bu dəyişimin əsas katalizatorlarından biridir. İnsanın illərlə özünəməxsus hesab etdiyi düşünmək, öyrənmək, qərar vermək kimi funksiyalar artıq maşınlar tərəfindən də yerinə yetirilə bilir. Bu isə insanın intellektual unikalığını sual altına alır. Artıq "ağıllı olmaq" insanın imtiyazı deyil, çünki alqoritmlər səhv etmir, yorulmur, hisslərdən təsirlənmir və milyonlarla məlumatı saniyələr içində analiz edə bilir. Bu texnoloji üstünlük insanın zehni və etik varlığına güzgü tutur: bəlkə də, bizim zəiflik hesab etdiyimiz tərəflərimiz, bizi insan edən əsas komponentlərdir?

Burada Şopenhauerin insanın məyusluqla yüklü təbiəti və daimi narazılıq halı posthumanist analizə maraqlı bir paralel təqdim edir. Şopenhauer insanı arzuları ilə əzab çəkən, heç vaxt qane olmayan varlıq kimi təsvir edirdi. Posthumanizm isə bu arzuların texnoloji vasitələrlə sonsuz şəkildə genişlənə biləcəyini göstərir. Bəlkə də insan texnologiyanı öz narazılığını doyurmaq üçün yaratdı – lakin indi bu texnologiyalar insanı özündən uzaqlaşdıraraq yeni bir mahiyyətə doğru itələyir.

Posthuman nəzəriyyəsinin fəlsəfi gücü ondadır ki, o, yalnız "gələcəkdə nə olacaq?" sualının yerinə, "bu gün biz nə qədər insanıq?" sualını da gündəmə gətirir. Əgər insan süni əlavələrlə təkmilləşirsə, bəs insanlığın sərhədi harada başlayır və harada bitir? Əgər yaddaşımız bulud sistemində saxlanılırsa, hisslərimiz virtual reallıqda formalaşırsa, bədənimiz isə biointerfeyslərlə gücləndirilirsə – biz hələ də “insan” olaraq qalırıqmı, yoxsa artıq posthuman mərhələsinə keçmişik?

Bu suallar posthumanizmi təkcə elmi-fantastik bir ideya kimi yox həm də, real və təcili fəlsəfi gündəm kimi dəyərləndirməyə vadar edir. Posthumanizm insanın dəyişən mahiyyətini izləməklə kifayətlənmir – o, insanın bu dəyişikliklər qarşısında nə qədər azad, nə qədər məsuliyyətli və nə qədər həssas olduğunu da sorğulayır.

Süni İntellekt və Fəlsəfi Düşüncə: Keçmişin Arzuları, Gələcəyin Reallıqları

Əsrlər boyunca insan düşüncəsi bəşəriyyətin ən ali keyfiyyəti sayılıb. Fəlsəfə tarixində Aristoteldən Dekarta, Kantdan Hegelə qədər saysız mütəfəkkir insan ağlını, məntiqini və özünüdərketmə qabiliyyətini digər canlılardan ayıran əsas xüsusiyyət kimi tərifləyib. Lakin XXI əsrin reallığı bu təsəvvürü bünövrədən sarsıdır: süni intellekt artıq yalnız fikirləri təqlid etmir, həm də onları yaradır, qərarlar verir, öyrənir və hətta – bəzi iddialara görə – "yaradıcılıq" sərgiləyir. Bu, insan zehni ilə bağlı çoxəsrlik metafizik və mədəni üstünlük anlayışını sarsıdan inqilabdır. Və bu inqilabın adı posthumanizmdir.

Süni intellekt (Sİ), insanın öz intellektual imkanlarının yetərsizliyini aşmaq cəhdidir. Hər bir texnologiya, əslində, insan zəifliyinə cavab olaraq yaranır: təkər hərəkət imkanımızı, teleskop görmə qabiliyyətimizi, kompüter isə hesablama bacarığımızı genişləndirib. Süni intellekt isə bir qədər fərqlidir – bu texnologiya artıq yalnız insanı tamamlamır, onun yerini tuta biləcək qədər müstəqil şəkildə inkişaf edir. Bu, Şopenhauerin təsvir etdiyi narazı, daim əskiklik hissi yaşayan insanın texnologiya vasitəsilə öz hədsiz istəklərinə çatmaq istəyinin növbəti mərhələsidir. Süni intellekt həm vasitə, həm də  güzgüdür – o bizi bizə göstərir, eyni zamanda bizdən fərqli olanı da inşa edir.

Maraqlıdır ki, bu transformasiyanın ilk toxumları məhz 1956-cı ildə — Dartmut konfransında səpildi. Burada süni intellekt ilk dəfə müstəqil  elmi sahə kimi təqdim olundu və bu andan etibarən insan ağlının simulyasiyası yox, artıq onun alternativi nəzərdən keçirilməyə başlandı. Bu isə Aristotel və Dekartın "insan ağlının təkrarsızlığı" ideyasına birbaşa meydan oxuyurdu. İndi isə bu meydan oxuma sadəcə nəzəri deyil – gündəlik həyatımızın bir hissəsinə çevrilib.

Lakin texnoloji nailiyyətlərin fonunda daha böyük, daha sarsıdıcı suallar yaranır: Sİ ilə düşünən maşınlar etik qərar verə bilərmi? Onlar məsuliyyət daşıyırmı? Əgər süni ağıl səhv edərsə, bu səhv kimindir – maşının, yoxsa onu yaradan insanın? Posthumanist düşüncə bu sualları sadəcə texniki çərçivədə yox, ontoloji və epistemoloji səviyyədə araşdırır. Çünki məsələ sadəcə yeni texnologiyanın tətbiqi deyil – bu, insanın öz yerini və funksiyasını yenidən müəyyən etmə prosesidir.

Bəzi posthumanist filosoflar – məsələn, N. Ketrin Hayls və Rozi Braidotti – Sİ-nin insanla texnologiya arasındakı sərhədləri qeyri-müəyyənləşdirdiyini, bu iki sahənin artıq bir-birindən ayrılmaz hala gəldiyini qeyd edirlər. Burada artıq insan və maşın, təbiət və texnika, orqanik və süni arasındakı ikiləşmiş dualist düşüncə pozulur. İnsan sistemə çevrilir – informasiya axınında yer alan, verilənlərlə işləyən, alqoritmik şəkildə düşünən mexanizm. Sual isə budur: belə bir sistemin hüdudlarında insanın mənəvi və mənalı varlığına nə baş verir?

Bu məqamda etik və metafizik paradokslar qaçılmazdır. Əgər süni intellekt ağlın funksiyalarını yerinə yetirə bilirsə, bəs onda ruh nəyin funksiyasıdır? Əgər insan səhvlər edən, hisslərə qapılan varlıqdırsa, və Sİ bundan azaddırsa – bu "qüsursuzluq" insan olmağın əsas fəzilətlərinin itirilməsi demək deyilmi? Süni intellektin insanı tamamlaması gözlənilirdi, lakin indi o, insanın yerinə keçməyə real namizəd kimi görünür. Bu isə texnoloji transformasiyanın mərkəzində olan etik boşluqları üzə çıxarır.

Posthumanizm süni intellektə yalnız alət kimi yox, həm də aktyor kimi yanaşır. Bu yalnız gələcəyin yox, indinin də reallığıdır. Əgər biz süni intellektlə birlikdə düşünməyə, qərar verməyə və yaşamağa başlayırıqsa – bu artıq yeni bir ontoloji mövcudluq formasıdır. Bu birlik isə insanın əvvəlki tərifini məhv edir və onun yerinə posthuman  varlıq formalaşdırır.

Nəticə etibarilə, süni intellekt sadəcə  texnologiya deyil – bu, insanın özünün nə olduğunu, nə ola biləcəyini və nə olmaq istədiyini sorğulayan fəlsəfi güzgüdür. Bu güzgüdə biz təkcə gələcəyi yox, həm də insanlığın dərinləşən daxili boşluqlarını və suallarını görürük. Posthumanizm bu güzgünü sındırmaq deyil, ona daha dərindən baxmaq cəhdidir.

Təkamül, genetik mühəndislik və insan bədəninin yenidən quruluşu: Bədən posthumanist kodda

İnsan bədəni tarix boyu həm kainatın mərkəzi, həm də onun sirrini daşıyan müqəddəs məkan kimi qəbul olunub. Lakin müasir texnoloji və bioloji müdaxilələr bu məkanı yenidən dizayn etməyə başlayıb. Artıq bədən təkcə bioloji deyil, həm də mühəndislik obyektinə çevrilir. Bu transformasiya sadəcə estetik və ya tibbi ehtiyaclara cavab vermir; bu, insanın öz təbiətinə, ontoloji mövqeyinə və hətta varlıq fəlsəfəsinə müdaxiləsidir. Posthumanizm bu prosesə "təkamülün süni sürətləndirilməsi" kimi baxır – təbiətin minilliklər boyu apardığı işi insan indi öz əli ilə, daha sürətli və məqsədli şəkildə həyata keçirmək istəyir.

Çarlz Darvinin təkamül nəzəriyyəsi canlıların dəyişən mühitə uyğunlaşaraq zamanla təkamül etdiyini irəli sürmüşdü. Lakin Darvinin təsvir etdiyi təkamül nisbətən passiv proses idi – təbiət seçirdi, insan sadəcə bu seçimin nəticələrinə uyğunlaşırdı. İndi isə bu nizam dəyişir: insan artıq təbiətin seçimini gözləmir, o, özünü özü seçir. Genetik mühəndislik vasitəsilə DNT kodlarını dəyişdirmək, xəstəlikləri proqram səviyyəsində aradan qaldırmaq və hətta bədən funksiyalarını optimallaşdırmaq mümkündür. Bu, insanın ilk dəfə olaraq təkamül prosesində aktiv subyektə çevrilməsi deməkdir. Artıq növlərin gələcəyini təbiət yox, insanın özü müəyyən edir.

Bu transformasiya təkcə bioloji yox, fəlsəfi mənada da radikaldır. Əgər insan özü-özünü genetik olaraq dəyişdirirsə, o zaman "insan" anlayışı nə dərəcədə sabit qalır? Bədən – insan varlığının fiziki təcəssümü – indi dəyişkən və manipulativ platformaya çevrilibsə, biz hansı sabit identitetə sahibik?

 Fransız filosofu Fuko bədəni hakimiyyətin və bilik formalarının mərkəzi olaraq təsvir edirdi. İndi isə bu bədən texnologiyanın laboratoriyasına çevrilmiş, öz sərhədlərini itirməyə başlayıb. Bəlkə də artıq bədən bir forma deyil – o, bir prosesdir, hətta layihədir.

Genetik müdaxilə həm də bioetik dilemmaları üzə çıxarır. Uşaqlar doğulmamışdan əvvəl onların genetik xəritəsinin dəyişdirilməsi, "ideal insan" modelinin yaradılması arzusu, insanın Tanrı rolunu oynamaq istəyinə bənzəyir. Bu zaman belə bir sual yaranır: insanın özünü yaxşılaşdırmaq arzusu nə vaxt özünü dəyişdirmə ehtirasına, nəzarətsiz gücə çevrilir? Alman filosofu Habermas bu məsələ ilə bağlı xəbərdarlıq edir: əgər insan gələcək nəsilləri genetik olaraq "dizayn" edirsə, bu zaman onların avtonomluğu pozulur – çünki onların kim olacağına özləri deyil, genetik mühəndislər qərar verir. Bu isə insan hüquqlarının və azadlığının mənbəyində duran fərdi seçim prinsipinin əleyhinədir.

Posthumanist düşüncə isə bu etirazlara alternativ yanaşma təklif edir. Bu nəzəriyyə insanın dəyişkənliyini vurğulayır – insan həmişə təkamül edib, özünü aşmaq istəyib. Genetik mühəndislik bu arzunun son texnoloji formasıdır. Transhumanistlər isə bu müdaxiləni "özünü-inkişaf"ın bir mərhələsi kimi görürlər – əgər biz xəstəlikləri aradan qaldıra, ömrü uzada və intellekti artıra biliriksə, niyə dayanmalıyıq?

Burada diqqət çəkən bir məqam da bədənin artıq  təkcə simvolik yox,  həm də funksional obyekt kimi qəbul olunmasıdır. İnsanın əzələsi, sinirləri, hüceyrələri – artıq müqəddəs toxunulmazlığa malik deyil. Onlar düzəldilə, dəyişdirilə, təkmilləşdirilə bilən kodlardır. Bu isə Platonun "ideya"sını, Aristotelin "substansiya"sını, Kantın isə "transsendental subyekt"ini qeyri-sabit formaya çevirir. Artıq insan nə forma, nə də idealdır – o, daim yenidən yazılan və dəyişən bir proqramdır.

Bu gün bədən üzərində aparılan genetik eksperimentlər sabahın postinsanını yarada bilər. Bu postinsan nə mütləq daha yaxşı, nə də mütləq daha pis olacaq – o, sadəcə fərqli olacaq. Bu fərqlilik isə bizi həm heyrətləndirir, həm də qorxudur. Çünki bu, bilinməyənə – texnologiyanın dəyişdirdiyi, etik dilemmalarla dolu bir gələcəyə  aparır.

Beləcə, posthumanizmin bədənə baxışı  təkcə təkamül romanı deyil- o, həm də tənqid və çağırışdır. Bu çağırış təkcə elm adamlarına deyil, filosoflara, yazarlara, etiklərə və hər bir insana ünvanlanır: "İnsan nədir?" sualı hələ cavablanmayıb – çünki insan hələ tam formalaşmayıb. Və bu formalaşma prosesində genetik mühəndislik ən qalmaqallı, lakin ən ümidverici fəsillərdən biridir.

Posthumanizmin istiqamətləri: Transhumanist arzular, materialist çevrilmələr və mədəni metamorfozlar

Daha əvvəl də qeyd etdiyimiz kimi, insanlıq tarixinin hər dönəmində özünü aşmaq istəyi mövcud olub: mağarada yaşayan insan qaya rəsmləri ilə zamanın fövqündə bir iz buraxmağa çalışırdısa, müasir insan isə DNT-sini yenidən kodlayaraq ölümsüzlüyün sərhədlərinə toxunmaq istəyir. Bu yolçuluğun müxtəlif adları, formaları var – lakin hamısı bir sualla toqquşur: “İnsan olmaq bizə kifayət edirmi?”

Transhumanizm: Ümidin texnoloji dialekti

Transhumanizm – ən bariz, ən optimist və eyni zamanda ən çox tənqid olunan posthumanist istiqamətdir. Bu yanaşma insanın bioloji və zehni məhdudiyyətlərini texnologiyanın gücü ilə aradan qaldırmaq ideyasına əsaslanır. Transhumanistlər inanırlar ki, ölüm xəstəlikdir, zəiflik nasazlıqdır və ağılsızlıq isə düzəldilə bilən səhvdir. Bəs bu arzunun fonunda hansı fəlsəfi və etik risklər dayanır?

Texnologiyanın insan həyatını uzatma potensialı ilk baxışdan cazibədar görünsə də, burada fundamental bir məsələ dayanır: insanlığın mənası nədir? Əgər insanın ölümə qarşı mübarizəsi onun varlığının əsas təkanverici qüvvəsidirsə, ölümsüzlük halında bu mənalı boşluqla nə baş verəcək? 

Haydegger insanın “ölümə doğru gedən varlıq” olduğunu deyirdi. Ölüm fikri onu mənalandırırdı. Transhumanist insan isə ölümsüzlük uğrunda ölümə meydan oxuyaraq, insanın mənəvi koordinat sistemini dəyişdirir.

Bununla belə, transhumanizm sadəcə fiziki dəyişiklikdən ibarət deyil – o, həm də estetik və zehni transformasiyadır. Artıq insan zehni beyin-kompüter interfeysləri ilə gücləndirilir. İlon Mask-ın “Neuralink” layihəsi, insanın beyinlə cihaz arasında birbaşa əlaqəsini yaratma cəhdi – texnoloji meditasiyadır. Bu, insanı informasiya axınında təkcə müşahidəçi yox,  həm də aktiv iştirakçıya çevirir. Bu isə bilik və təfəkkür strukturumuzu dəyişir. Bəlkə də gələcəyin filosofları artıq kitab yazmayacaq – sadəcə düşüncələrini buluda yükləyəcəklər.

Yeni materializm: Maddənin ruhu, ruhun maddəsi

Ənənəvi materialist fəlsəfə maddəni passiv, formalaşdırılan, cansız substansiya kimi görürdü. Lakin yeni materializm bu baxışı kökündən dəyişir. Maddə artıq yalnız fizik qanunlara tabe obyekt deyil – o, öz daxili dinamikasına, agentliyinə, təsir gücünə sahib varlıq kimi düşünülür. Bu yanaşma insanın "kainatın mərkəzi" statusunu zəiflədir və onu maddi dünyanın bir aktoru, eko-təbiətin bir hissəsi kimi təqdim edir.

Yeni materializm posthumanizmlə kəsişdiyi yerdə insan-mərkəzli düşüncəni dağıdır. Ətraf mühit, texnologiya, heyvanlar, obyektlər – hamısı bir növ "agentlərdir" və insanla münasibət qururlar. Bu, Latour-un "aktyor-şəbəkə nəzəriyyəsi" ilə paralellik təşkil edir. İnsan artıq aktiv yaradan, qərar verən yeganə varlıq deyil. O,  sadəcə şəbəkənin bir halqasıdır.

Bu perspektiv həm də ekoloji fəlsəfəyə yeni nəfəs verir. İqlim böhranı, biomüxtəlifliyin itməsi və planetar tükənmə, insanın maddə ilə olan münasibətini yenidən dərk etməsini zəruri edir. Yeni materialist posthumanizm bu çağırışa cavab olaraq deyir: "İnsan dünyaya hökm etməməli, onunla ahəngdə yaşamalıdır."

Mədəni posthumanizm: Anlayışların Transformasiyası

Posthumanizmin daha incə, lakin bir o qədər də təsirli istiqaməti – mədəni posthumanizmdir. Bu yanaşma insan anlayışının mədəniyyət, diskurs və texnoloji təmsillər vasitəsilə necə transformasiya olunduğunu araşdırır. Kino, ədəbiyyat, rəqəmsal sənət və hətta pop-kultura – bunlar artıq yalnız əyləncə deyil, yeni insan modelinin eksperimental platformalarıdır.

Məsələn, Aldous Huksleyin "Cəsur Yeni Dünya"sı texnologiyanın insan psixikasına necə müdaxilə edə biləcəyini sorğulayır. Donna Hareveyin "Kiborg Manifesti" isə feminist posthumanizmin ən radikal ifadəsidir – burada insan bədəninin sərhədləri texnologiya ilə silinir, cinsiyyətin bioloji əsası sual altına alınır, kimliklər axıcı və qeyri-sabit hal alır.

Mədəni posthumanizm bizə göstərir ki, “insan” anlayışı heç vaxt sabit olmayıb – bu, zamana, kontekstə və diskursa görə dəyişib. Bugünkü posthumanist mədəniyyət insanı bir varlıq kimi yox, bir proses, bir imkanlar məcmusu kimi təsvir edir. İnsan olmaq sabitlik deyil – ehtimaldır.

Təkamül davam edir – Amma istiqaməti biz seçirik

Posthumanizm bizi ən qorxulu və eyni zamanda ən ümidverici suallarla qarşılaşdırır: Texnologiya bizi azad edir, yoxsa fərqli formada kölələşdirir? Genetik kodun dəyişdirilməsi bizi xilas edəcək, yoxsa tanınmaz hala gətirəcək? Zehni süni şüurla birləşdirmək bizi müdrik edəcək, yoxsa yaddaşsız varlığa çevirəcək?

Bu sualların cavabı hazırda yoxdur – çünki posthumanist dövr hələ başlanğıc mərhələsindədir. Lakin bir şey aydındır: insan anlayışı artıq keçmişin divarları arasında qala bilməz. O dağılır, genişlənir, forma dəyişir, yenidən yazılır. Bəzən serverdə, bəzən laboratoriyada, bəzən isə bir romanın sətirlərində.

Sonda isə bu dönüşü bir cümlə ilə ifadə etmək olar:

İnsanlıq artıq insanla bitmir.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Azərbaycan və İran hərbçilərinin birgə təliminin açılış mərasimi keçirilib
12:53 19.05.2025
Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir
12:49 19.05.2025
Pakistan Baş nazirinin müavini Çinə səfər edəcək
12:34 19.05.2025
Avropa İttifaqı və Böyük Britaniya sammit ərəfəsində ilkin razılıq əldə edib
12:33 19.05.2025
Azərbaycan ilk dəfə dünya çempionatında 4 kateqoriyada 6 badmintonçu ilə təmsil olunacaq
12:28 19.05.2025
Kiyevdə görkəmli şair Abbas Abdullanın 85 illiyinə həsr olunmuş tədbir keçirilib
12:18 19.05.2025
“Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası təşkil edilib
12:13 19.05.2025
Azərbaycan taekvondoçusu “Ədalətli oyun ruhu” mükafatına layiq görülüb
12:11 19.05.2025
Kişineuda Azərbaycan xalçaları sərgisinin rəsmi açılışı olub
12:07 19.05.2025
Polşa İspaniyadan Azərbaycan üçün göndərilən təyyarə şinlərini müsadirə etdi
12:00 19.05.2025
Azərbaycan nümayəndə heyəti “Rusiya-İslam dünyası: Kazan Forum-2025” Beynəlxalq İqtisadi Forumunda iştirak edib
11:46 19.05.2025
Türkiyənin Maltadakı səfiri vəfat edib
11:32 19.05.2025
Azərbaycan və Pakistan arasında bitki təhlükəsizliyi sahəsində yeni saziş: kənd təsərrüfatında strateji əməkdaşlıq güclənir
11:32 19.05.2025
Baş Prokurorluğun idarə rəisi Qarabağ Universitetinin tələbləri ilə görüşüb
11:29 19.05.2025
Azərbaycanda vərəsə miras açıldıqdan sonra ölərsə, onun pay almaq hüququ yaxınlarına ötürüləcək
11:24 19.05.2025
Azərbaycanın Milli Qəhrəmanı İqor Kşnyakinin doğum günüdür
11:17 19.05.2025
Azərbaycan Astana Beynəlxalq Forumunda təmsil olunacaq
11:12 19.05.2025
İtaliya, Böyük Britaniya, Almaniya və Fransa liderləri Trampla Ukrayna məsələsini müzakirə ediblər
11:12 19.05.2025
Abşeronda 64 ağacın məhv edildiyi yaşıllıq sahəsi bərpa olunub
11:09 19.05.2025
Sahibə Qafarova İspaniyada rəsmi səfərdədir
11:03 19.05.2025
Prezidentin Albaniya səfəri yaddaşlarda rəsmi Bakının Avropa zəfəri kimi qalacaq Ekspert Rəyi
11:03 19.05.2025
Azərbaycan millisinin voleybolçusu: Avropa Qızıl Liqasında hədəfimiz bayrağımızı qürurla dalğalandırmaqdır
11:02 19.05.2025
Azərbaycanda pambıq istehsalçılarına məhsulun qəbulu haqqında qəbz elektron formada veriləcək
11:00 19.05.2025
Posthumanizm: İnsandan Sonrakı Dövrün Fəlsəfəsi
11:00 19.05.2025
Ötən həftə 1291 ha ərazi minalardan təmizlənib
10:45 19.05.2025
Azərbaycan Prezidentinin iqlim üzrə nümayəndəsi AIF2025-də iştirak edəcək
10:42 19.05.2025
Liviya Tripolidə atəşkəs komitəsi yaradır
10:35 19.05.2025
Bakıda gecə leysan yağacaq
10:34 19.05.2025
Çində Azərbaycan dili virtual formada tədris olunur
10:32 19.05.2025
Polşada prezident seçkilərinin birinci turunda qalib müəyyənləşməyib
10:24 19.05.2025
Azərbaycan velosipedçisi Qazaxıstanda bürünc medal qazanıb
10:19 19.05.2025
Moldovada Azərbaycan xalçalarına həsr olunmuş sərgi açılıb
10:18 19.05.2025
Qaxda avtobus yanıb
10:01 19.05.2025
Malayziyada Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib
09:16 19.05.2025
Qazaxıstanda təcili eniş edən “An-2” təyyarəsi 8 saat sonra tapılıb
09:03 19.05.2025
Türkiyədə milli azadlıq mübarizəsinin başlanmasının 106-cı ildönümü qeyd edilir
08:17 19.05.2025
Arxeoloqlar Yava sahillərində insan əcdadlarının “itmiş dünyasını” aşkarlayıblar
06:10 19.05.2025
Britaniyalı alpinist 19-cu dəfə Everestə qalxaraq yeni rekord müəyyənləşdirib
04:01 19.05.2025
Rumıniyada prezident seçkilərinin nəticəsi məlum olub
03:26 19.05.2025
Hikmət Hacıyev “X”dəki hesabında İranda keçirdiyi görüşlərlə bağlı paylaşımlar edib
01:53 19.05.2025
Hamısı