Professor Nazim İmanov: Azərbaycan iqtisad elminin görkəmli siması

Yazarlar 16:53 11.06.2025

Müasir Azərbaycan elminin inkişafında mühüm rol oynamış simalardan biri də professor Nazim İmanovdur. Onun çoxşaxəli fəaliyyəti – elm, siyasət, idarəçilik və təhsil sahəsində göstərdiyi xidmətlər, onu unikal elmi şəxsiyyətlərdən birinə çevirir.

Nazim Müzəffər oğlu İmanov 11 iyun 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. Nazim İmanovun elmi fəaliyyəti Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda dissertant olduğu illərdən başlayır. 1983-cü ildə müdafiə etdiyi namizədlik dissertasiyası və daha sonra 1987-ci ildə nəşr olunan "Təbiətdən istifadə sferasının iqtisadi münasibətləri" əsəri yeni yanaşmalarla iqtisadiyyat elminin sosial və təbiət əlaqələrini yenilikçi şəkildə təhlil etmiş, bu sahədə mövcud olan stereotipləri və ideoloji məhdudiyyətləri aşmışdır. Bu əsər, sovet ideologiyasının zəifləyişi dövründə müstəqil düşüncənin və dərin təhlillərin nümunəsi kimi yüksək qiymətləndirilmiş, təkcə akademik çevrələrdə deyil, eyni zamanda ictimai-siyasi mühitdə də böyük rezonans yaratmış, o dövr üçün çox nüfuzlu Lenin Komsomolu mükafatına layiq görülmüşdür.

Professor İmanov sonrakı tədqiqatlarında da iqtisadiyyatın sosial və ətraf mühitlə əlaqələrinin kompleks təhlilinə üstünlük vermişdir. O, iqtisadiyyatın yalnız maliyyə və istehsal amilləri ilə deyil, həm də təbiət və insan faktorları ilə sıx bağlı olduğunu elmi şəkildə təsdiqləmiş, Azərbaycan iqtisadiyyatının ekoloji dayanıqlığı və təbiətdən səmərəli istifadə prinsipləri xüsusilə vurğulamışdır. Bu, həmin dövrdə nadir hallarda diqqətə alınan məsələlərdən idi. Onun tədqiqatları göstərmişdir ki, iqtisadi inkişafın yalnız qısa müddətli maliyyə göstəricilərinə fokuslanması dayanıqsızlıq yaradır və uzunmüddətli perspektivdə ciddi problemlərə yol açır. Nazim İmanovun bu yanaşması beynəlxalq iqtisadi elmin qabaqcıl prinsipləri ilə uzlaşır və xüsusilə, BMT-nin Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi kontekstində çox aktualdır.

Moskva İctimai Elmlər Akademiyasında doktorantura təhsili alarkən Nazim İmanov marksizmin köhnəlmiş iqtisadi təhlil modellərinə meydan oxuyaraq yeni təfəkkürün və inkişafın əsas prinsiplərini işləyib hazırlamışdır. Onun bu dövrdə yazdığı doktorluq dissertasiyası həm sovet, həm də postsovet məkanında iqtisadiyyat elminə modern yanaşmalar gətirmiş, ideoloji çərçivələrdən azad olan tədqiqat nümunəsi olmuşdur. O, 1990-cı ildə Moskva şəhərində İctimai Elmlər Akademiyasında uğurla doktorluq dissertasiyalarını müdafiə etmişdir.

1992-ci ildən professordur. 1986-1991-ci illərdə Bakı Ali Partiya Məktəbində baş müəllim, sonralar adı dəyişilən həmin Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda professor və prorektor vəzifələrində çalışıb.

Milli Məclisin deputatı kimi fəaliyyəti: qanunvericilikdə prinsipial mövqelər

1995-ci ilin noyabrında keçirilən Milli Məclis seçkilərində professor Nazim İmanov deputat mandatı qazanaraq parlament fəaliyyətinə başlamışdır. Bu, müstəqil Azərbaycanın ilk parlamentlərindən biri idi və ölkənin qanunvericilik bazasının formalaşdırılmasında həlledici mərhələ idi. Milli Məclisin deputatı kimi o, qanunvericilik prosesində fəal iştirak edərək, ölkənin müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadiyyatın liberallaşması və sosial siyasətin formalaşdırılması, təhsil və elm sahəsində islahatların həyata keçirilməsi, iqtisadi islahatların qanunvericilik bazasının yaradılması istiqamətində təşəbbüslər irəli sürmüşdür. Deputatlıq fəaliyyəti zamanı Nazim İmanov Milli Məclisin “Büdcə məsələləri” Komissiyasında çalışmış, burada qanunların beynəlxalq standartlara uyğunlaşdırılması, sosial və iqtisadi islahatların həyata keçirilməsi istiqamətində mühüm töhfələr vermiş, bir çox sistemqurucu qanun layihələrinin hazırlanmasında iştirak etmiş, iqtisadi islahatların hüquqi bazasının formalaşmasında mühüm rol oynamışdır.

Nazim İmanovun ən önəmli uğurlarından biri də müstəqil Azərbaycan parlamentinin nüfuzunun artırılması, qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması və Azərbaycanda demokratik islahatların, insan hüquq və azadlıqlarının təmin olunması üçün effektiv mexanizmlərin yaradılması olmuşdur.

Nazim İmanov Azərbaycanın əsas qanunlarından biri sayılan “Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası”nın hazırlanması və qəbulunda, fəal iştirak etmiş, müxtəlif qanun layihələrinin hazırlanmasında və müzakirəsində öz bilik və təcrübəsini əsirgəməmişdir. Onun parlamentdəki fəaliyyəti bir neçə mühüm qanun layihələrinin hazırlanması və qəbuluna təsir göstərmişdir.

Həmin dövrdə iqtisadi islahatlarla bağlı qanun layihəsinin hazırlanmasında Nazim İmanovun rolu xüsusilə vurğulanmalıdır. Onun təşəbbüsü ilə qəbul edilən qanunlar iqtisadiyyatın liberallaşması, kənd təsərrüfatının, kiçik və orta sahibkarlığın inkişafı və sosial sahədə əhalinin rifah halının yaxşılaşdırılması baxımından mühüm rol oynamışdır. Bu təşəbbüslər ölkədə yeni iqtisadi modelin formalaşmasında önəmli addım olmuşdur.

Professor Nazim İmanovun siyasi fəaliyyəti və Azərbaycanın müstəqillik tarixindəki xidmətləri: elm, dövlətçilik və vətənsevərlik

1990-cı illər Azərbaycanın müstəqillik yolunda ən çətin və eyni zamanda ən şanlı dövr olmuşdur. Bu dövrdə Azərbaycanın müstəqillik əldə etdiyi və dövlətçilik ənənələrinin yenidən bərpası uğrunda mübarizə aparan, dövlətçilik ideyalarını qoruyan və inkişaf etdirən çoxsaylı görkəmli şəxsiyyətlər meydana çıxmışdır. Onlardan biri də professor Nazim İmanovdur. Onun Milli Məclisin deputatı kimi fəaliyyəti və ölkənin müstəqillik tarixində göstərdiyi xidmətlər Azərbaycanın müasir dövlətçilik tarixində dəyərli səhifədir.

1990-cı illərin əvvəllərində ölkədə baş verən siyasi sarsıntılar fonunda Nazim İmanov milli ideyaların bərpası və gücləndirilməsi istiqamətində mühüm işlər görmüşdür. Bu illərdə ölkədə siyasi sistemin formalaşması, müstəqilliyin qorunması, yeni dövlət quruculuğu üçün fundamental addımlar atılmışdır. Professor İmanovun siyasi və elmi fəaliyyətinin mərkəzində həmişə müstəqillik və milli inkişaf dayanırdı. Onun Azərbaycan müstəqillik tarixindəki rolu yalnız siyasi fəaliyyətlə məhdudlaşmır. O, elm və təhsil sahəsindəki fəaliyyəti ilə də ölkənin inkişafına mühüm töhfələr vermişdir. Onun əzmlə, dürüstlük və vətənpərvərliklə apardığı siyasi və elmi fəaliyyət Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində,  vətənpərvərlik ruhunun təbliği və gənc nəslin maarifləndirilməsi baxımından əvəzsizdir.

Nazim İmanovun müstəqillik dövründə Azərbaycanı beynəlxalq aləmdə tanıtmaq və ölkəmizin səsinin çatdırılması üçün göstərdiyi səylər də xüsusi qeyd olunmalıdır. O, siyasi dialoq və əməkdaşlıq mühitinin yaradılması, regional sabitliyin təmin olunması istiqamətindəki fəaliyyəti ilə müasir Azərbaycanın qurucularından biri kimi tanınır.

Professor Nazim İmanov təkcə siyasi xadim deyil, həm də görkəmli alim və pedaqoq kimi tanınır. Onun elmi fəaliyyətində Azərbaycan dövlətçiliyinin problemləri, müasir siyasi sistemlərin inkişafı və təhsil siyasəti kimi mövzular xüsusi yer tuturdu. Nazim İmanovun elmi fəaliyyəti təkcə nəzəri səviyyədə qalmamış, onun praktik dövlətçilik təcrübəsi ilə sintez olunmuşdur. Əldə etdiyi dövlət idarəetmə təcrübəsi daha sonra elmi fəaliyyətinə də güclü təsir etmiş, xüsusilə iqtisadi strategiyaların hazırlanmasında və elmi əsaslandırılmış tövsiyələrin verilməsində özünü göstərmişdir. Onun 1999-cu ildə nəşr etdirdiyi “İqtisadi etüdlər” kitabı bu baxımdan bir növ yeni iqtisadiyyat konsepsiyasının ictimaiyyətə elmi-populyar dildə təqdimatı idi. Nazim İmanov həm də görkəmli alim olaraq müasir Azərbaycan dövlətçiliyinin elmi əsaslarının yaradılmasına mühüm töhfələr vermişdir. Professor Nazim İmanovun rəhbərliyi altında hazırlanmış bir sıra elmi əsərlər müasir Azərbaycanın dövlətçilik prinsiplərinin təkmilləşdirilməsinə xidmət etmiş, gənc alimlərin yetişdirilməsində böyük rol oynamışdır.

Müstəqil Azərbaycanın dövlətçilik ideyalarının təbliği və vətənpərvərlik ruhunun formalaşmasında onun elmi əsərləri, monoqrafiyaları və çıxışları mühüm rol oynamışdır. O, Azərbaycanın dövlət quruculuğunda elmin və təhsilin əhəmiyyətini dəfələrlə vurğulamış, gənc tədqiqatçıların və tələbələrin yetişdirilməsi üçün şərait yaratmışdır. Onun təşəbbüsü ilə Azərbaycanın müxtəlif bölgələrində maarifçilik layihələri həyata keçirilmiş, vətənpərvərlik və milli dəyərlərin təbliği istiqamətində ictimai fəaliyyət genişləndirilmişdir.

Bu gün də Nazim İmanovun fəaliyyəti gələcək nəsillər üçün nümunədir və müstəqil Azərbaycanın inkişaf yolunda göstərilən xidmətlər daim yüksək qiymətləndirilir.

Müəllimlik: nəcib sənət, şəxsiyyətin yetişdirmə sənəti

Azərbaycan elminin və iqtisadi fikrinin mühüm simalarından olan professor Nazim Müzəffər oğlu İmanov, yalnız elm aləmində deyil, həm də ali təhsil mühitində doğulub boya-başa çatmış bir müəllim-pedaqoq olaraq tanınır. O, əslində tələbəlik illərindən müəllim kimi yetişib: 1982-1986-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində, 1986-1991-ci illərdə isə Bakı Ali Partiya Məktəbində baş müəllim, dosent olaraq, sonralar adı dəyişilən həmin Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda professor və prorektor vəzifələrində çalışıb.

Professor Nazim İmanovun ölkənin müxtəlif nüfuzlu Universitetlərində oxuduğu (məsələn, 2015-ci ildə UNEC-in magistrantlara “Azərbaycan iqtisad elminin aktual problemləri” adlı mühazirəsi)  “Ustad dərsləri” ilə də yadda qalıb. Bu tip ustad dərslər, tələbələr üçün sadəcə nəzəriyyatın öyrənilməsi deyil, eyni zamanda düşünmək, təhlil etmək və soruşmaq bacarığının inkişafı deməkdir. Onun ustad dərsləri və motivasiyaedici yanaşması sayəsində yüzlərlə gənc iqtisadçı formalaşıb. Professor İmanovun dərsləri həm də nümunəvi pedaqogikanın canlı təzahürüdür.

Professor Nazim İmanov müəllim kimi hər zaman tələbələrinə yol göstərən, onlara elmin dərinliklərini yaşadan, müstəqil düşünməyə həvəsləndirən bir şəxsiyyətdir. Onun müəllimlik fəlsəfəsi – öyrətməyin öyrənmək olduğuna inanan, fikir mühitində böyüyən gələcəyə istiqamət götürən bir sənətdir. Müəllimlik - sadəcə məlumat ötürmək deyil; insanın düşüncə yollarını açmaq, şəxsiyyətə qayğı göstərə bilmək, ömürlük düşüncə sərvəti verməkdir. Professor Nazim İmanov alim olsa da, müəllimlik onun Ruhuna xasdır.

Hər bir böyük müəllim özündən sonra iz qoyur – yalnız dərs dediyi sinif otaqlarında deyil, insanların şüurunda, gələcəkdəki addımlarında, onların həyata baxışında. Professor Nazim İmanovun tələbələri bu gün respublikanın müxtəlif sferalarında – iqtisadiyyat, idarəetmə, təhsil və beynəlxalq təşkilatlarda məsuliyyətli vəzifələrdə çalışan mütəxəssislərdir. Onların bir çoxu zaman-zaman etiraf ediblər ki, həyat yolunda ilk böyük fikri, ilk analitik düşüncə toxumunu məhz İmanovun dərslərində alıblar.

Onun müəllim obrazı klassik “müəllim-müəllimdir” stereotipini aşaraq daha çox “müəllim-bələdçi”, “müəllim-düşüncə oyadıcı” obrazına çevrilmişdi. Çünki o, tələbəyə faktları öyrətməkdən daha çox, faktların içində düşünməyi, suallar verməyi, cavab axtarmağı öyrədirdi.

Nazim İmanovun elmi-pedaqoji fəaliyyətində fərqləndirməli məqamlar:

1.   Dialoq və müzakirə məkânı: mühazirə idéologiya deyil, diskussiya məkanı olub;

2.   Tələbənin şəxsiyyətinə hörmət: rəqabətli mühit, amma eyni zamanda dostluq və dəstək ruhu formalaşdırılıb;

3.   Sonsuz öyrənmə perspektivi: “elmi beşikdən qəbrə qədər öyrənin” – bu şüar müəllimlik anlayışını ömür boyu davam edən yol kimi təqdim edir.

Professor İmanovun dərsləri ilə yanaşı, onun həyat tərzi, davranış etikası, əxlaqı da tələbələr üçün böyük məktəb idi. O, sadəliyi və prinsipiallığı, təvazökarlığı və tələbkarlığı özündə birləşdirən nadir müəllim nümunəsidir. Bu baxımdan o, müəllimlikdə mənəvi məsuliyyəti ən azı elmi məsuliyyət qədər vacib sayır. Onun üçün müəllimlik həm də vicdanın səslə danışması idi – tələbəyə düzgün qiymət vermək, imtahanda ədalətli olmaq, düşüncəsinə hörmətlə yanaşmaq.

Bu gün gənc müəllimlər – artıq özləri də namizədlik və doktorluq müdafiə etmiş iqtisadçılar, tez-tez onun tərzini örnək göstərir, dərslərində Nazim İmanovun metodik yanaşmalarına əsaslanırlar. Bəziləri isə açıq-aşkar etiraf edirlər:
“Nazim müəllim kimi dərs deməyə çalışıram. O, tələbəni informasiya ilə yox, düşüncə ilə yükləyirdi.”

Bu isə sadəcə tərif deyil – bu, bir pedaqoji fəlsəfənin canlı şəkildə nəsildən-nəslə ötürülməsidir. Elə buna görə də, Nazim İmanovun müəllimlik fəaliyyəti bir məktəbdir – klassik anlamda yox, təməl dəyərlərə söykənən düşüncə məktəbi. Onun dərs deməsi, düşündürməsi və şəxsiyyət yetişdirməsi bu gün də örnəkdir və örnək olaraq qalacaq.

Elmi və akademik fəaliyyəti

Professor İmanovun elmi fəaliyyəti Azərbaycan iqtisadiyyatının inkişafı, makroiqtisadi modellər, regionların sosial-iqtisadi inkişafı və innovasiya iqtisadiyyatı sahələrini əhatə edir. O, 100-dən çox elmi məqalənin müəllifidir və bir sıra monoqrafiyalar və dərsliklər yazmışdır.

Nazim İmanov 2000-ci illərin əvvəllərindən etibarən Azərbaycanın iqtisadi transformasiyasını elmi əsaslarla təhlil edən və sistemli yanaşmalar irəli sürən tədqiqatçı kimi tanındı. Onun rəhbərliyi ilə 100-dən çox məqalə beynəlxalq və yerli jurnallarda dərc olunmuş, çoxsaylı layihələr həyata keçirilmişdir. Gənc tədqiqatçıların elmi inkişafına göstərdiyi diqqət nəticəsində institutda yeni elmi məktəb formalaşmışdır.

Professor Nazim İmanovun elmi yaradıcılığı yalnız nəzəri səviyyədə deyil, həm də praktik nəticələrə yönəlmişdir. Onun tədqiqatları iqtisadiyyatın təbiət və sosial mühitlə inteqrasiyasını araşdırmaqla yanaşı, regional iqtisadi inkişaf, dayanıqlı iqtisadi siyasət və investisiya strategiyaları kimi aktual problemlərə də diqqət yetirmişdir.

Rəhbərlik və idarəçilik üsulları

Azərbaycan iqtisadi təfəkkürünün müasir mərhələsində sistemli yanaşma və praktik yönümlü strategiyalarla tanınan alimlərdən biri professor Nazim İmanov olmuşdur. Onun direktor olduğu 10 il ərzində fəaliyyət göstərən Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu elmi tədqiqat mərkəzi kimi yenidən təşkil edilmiş, institutda yeni elmi tədqiqat sahələri formalaşmış, gənc alimlərin yetişdirilməsi istiqamətində uğurlu işlər görülmüş, idarəetmədə innovativ yanaşmaların tətbiqinə nail olmuş, elmi-nəzəri və praktiki istiqamətlərdə mühüm nailiyyətlər əldə etmiş, aparılan tədqiqatlrı prioritet sahələr üzrə istiqamətləndirmişdir.

Professor Nazim İmanovun rəhbərlik qabiliyyəti də onun elmi uğurlarını tamamlayır. Nazim İmanovun rəhbərliyi ilə İnstitutu bir çox fundamental tədqiqatlara imza atmış, yeni elmi istiqamətlər üzrə fəaliyyətini genişləndirmiş, ölkənin iqtisadi inkişafına dair fundamental araşdırmalar aparılmış, beynəlxalq elmi diskursda Azərbaycanın mövqeyini gücləndirən əsərlər hazırlanmışdır.O, İqtisadiyyat İnstitutunun direktoru kimi həm elmi-tədqiqat işlərinin inkişafına, həm də institutun elmi potensialının gücləndirilməsinə mühüm töhfələr vermişdir.

Nazim İmanovun rəhbərlik etdiyi komanda tərəfindən hazırlanan iqtisadi inkişaf proqramları dövlət səviyyəsində qəbul edilmiş, ölkənin iqtisadi siyasətinə strateji töhfələr vermişdir. O, həmçinin beynəlxalq elmi konfranslarda Azərbaycanı təmsil etmiş, ölkəmizin iqtisadi elminin dünya elmi mühitində tanınmasına çalışmışdır.

Nazim İmanovun rəhbərliyi altında fəaliyyət göstərən İqtisadiyyat İnstitutu ölkənin aparıcı elmi mərkəzlərindən birinə çevrilmiş, həm yerli, həm də beynəlxalq səviyyədə tanınmış layihələr həyata keçirilmişdir. Bu uğurlar professor İmanovun rəhbərlik bacarığının və strateji düşüncə tərzinin nəticəsidir. İqtisadiyyat İnstitutu hazırda ölkəmizdə iqtisad elminin inkişafında öncül mərkəz kimi tanınır. Onun təşəbbüsü və rəhbərliyi ilə institutda yeni tədqiqat proqramları, layihələr həyata keçirilmiş, yüksək səviyyəli elmi seminarlar və konfranslar təşkil edilmişdir.

Nazim İmanov rəhbərlik etdiyi qurumlarda şəffaf və səmərəli idarəetmə sistemlərini tətbiq etmiş, elmi tədqiqatların keyfiyyətinə və praktiki əhəmiyyətinə xüsusi diqqət ayırmışdır. O, həmkarları arasında qarşılıqlı hörmətə, yaradıcılıq azadlığına və əməkdaşlığa böyük önəm vermiş, institutun fəaliyyətini elmi innovasiyalar və yeni texnologiyalar əsasında qurmağa çalışmışdır.

Professor Nazim İmanovun elmi uğurlarından əlavə, onun insani keyfiyyətləri, əməkdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə sadiqliyi də diqqət çəkir. O, həmkarları, tələbələri və əməkdaşları tərəfindən nümunəvi rəhbər, sədaqətli dost və dərin bilikli mentor kimi yüksək qiymətləndirilir.

Gənc alimlərin yetişdirilməsi,  gələcək perspektivlər və yeni çağırışlar

Professor Nazim İmanovun digər mühüm fəaliyyət sahəsi gənc alimlərin hazırlanmasıdır. O, dissertantların və doktorantların elmi rəhbəri kimi onlarla gənc iqtisadçıya rəhbərlik etmiş, onları müstəqil tədqiqatlar aparmağa, beynəlxalq elmi standartlara cavab verən işlər yazmağa təşviq etmişdir.

Bu institutun gənc alimlərin yetişdirilməsi, onların elmi fəaliyyətə cəlb olunması və beynəlxalq əlaqələrin qurulması baxımından da böyük rolu vardır. Beləliklə, professor İmanov təkcə bir alim deyil, həm də Azərbaycan iqtisadi elminin inkişafını təmin edən mütəfəkkir və idarəedicidir.

Nazim İmanovun rəhbərliyi altında hazırlanan dissertasiyalar iqtisadiyyatın müxtəlif sahələrində yenilikçi yanaşmalar nümayiş etdirmiş, ölkədə elmi məktəbin inkişafına töhfə vermişdir. Onun rəhbərlik etdiyi İqtisadiyyat İnstitutu təkcə elmi-tədqiqat mərkəzi deyil, həm də intellektual potensialın inkişaf etdiyi təhsil ocağı kimi fəaliyyət göstərmişdir.

Bugünkü sürətlə dəyişən qlobal iqtisadi şəraitdə professor İmanovun irəli sürdüyü dərindəngörmə anlayışı daha da aktuallaşır. O, iqtisadiyyatın rəqəmsallaşması, innovasiya yönümlü inkişaf, dayanıqlı enerji mənbələrinin istifadəsi və sosial ədalətin təminatı kimi yeni çağırışlara uyğun olaraq, tədqiqatlarını davam etdirir. Bu mənada, Nazim İmanovun elmi məktəbi gələcək nəsillər üçün strateji istiqamətlər və metodoloji yanaşmalar təqdim edir. Onun rəhbərliyi altında yetişən gənc alimlər, müasir iqtisadi problemləri həll etmək üçün yeni metodlar və innovativ həlləri inkişaf etdirirlər.

Nazim İmanovun elmi əsərlərinin qısa xülasəsi

Professor Nazim İmanov müstəqil Azərbaycanın iqtisadi fikrinin formalaşmasında, post-konflikt dövrü inkişaf strategiyalarının işlənməsində və sosialyönlü iqtisadi model anlayışının elmi əsaslandırılmasında xüsusi xidmətləri olan nüfuzlu alimlərdəndir.

I. Post-münaqişə ərazilərinin bərpası: Bu əsərlər çoxşaxəli elmi istiqamətlər - postkonflikt inkişafdan tutmuş iqtisadi model təhlilinə qədər geniş spektri əhatə edir və Azərbaycan elmi fikrinin iqtisadiyyat sahəsindəki inkişafını və beynəlxalq səviyyədə tanınmasına xidmət edir. Azərbaycan iqtisad elminə ilk dəfə bilavasitə professor Nazim İmanov tərəfindən təqdim olunan bu tədqiqatlar təkcə elmi deyil, həm də praktiki qərarların verilməsində dəyərli mənbə rolunu oynamaqdadır.

Burada Qarabağ və ətraf rayonlarda iqtisadi və sosial reabilitasiya yolları, Konseptual əsaslar və regionun uzunmüddətli inkişafı üçün strateji baxış formalaşdırılır,  post-konflikt ərazilərin bərpası – elmi konsepsiya və təkliflər verilr, Burada həmçinin Azərbaycanın post-konflikt dövründə iqtisadi və sosial siyasət məsələləri, Qarabağ münaqişəsindən sonra işğaldan azad olunmuş ərazilərin bərpasına dair konseptual əsaslar, institusional yanaşmalar və beynəlxalq təcrübə baxımından post-münaqişə dövründə iqtisadi-sosial canlanmanın metodoloji çərçivəsi təqdim olunur, iqtisadi bərpa, sosial inkişaf, əhalinin geri dönüşü və davamlı inkişafla bağlı müxtəlif ideoloji-iqtisadi modellərin qarşılıqlı əlaqəsi təhlil edilərək praktik strategiyalar təklif edilir.

Daha sonra bu sahə üzrə araşdırmalar genişləndirildi, Prezidentin tapşırığı ilə post-konflikt ərazilərin iqtisadi dirçəldilməsi üzrə Dövlət Proqramı konsepsiyasının hazırlanmasında Nazim müəllimin rəhbərlik etdiyi İqtisadiyyat İnstitutu mühüm rol oynadı. Bu elmi istiqamət Azərbaycan iqtisad elminə yeni nəfəs gətirərək praktiki əhəmiyyətini tam sübut etmişdir.

II. Sosialyönümlü iqtisadiyyat və ideoloji sistemlər: Professorun xüsusi maraq göstərdiyi istiqamətlərdən biri iqtisadiyyatın sosialyönlü aspektlərinin təhlilidir. O, müxtəlif iqtisadi sistemləri (sağçı və solçu modelləri) müqayisə edərək, sosial siyasətin iqtisadi artıma təsirini araşdırmışdır. Bu əsərlərdə iqtisadi sistemlərin liberallıq və müdaxilə səviyyəsi üzrə ölçülməsi üçün yeni metodoloji indekslər təqdim olunmuşdur. Əsərlərdə solçu və sağçı sistemlərdə iqtisadiyyatın sosial yönlülüyü geniş şəkildə araşdırılıb. Bu yanaşma fərqli iqtisadi modellərin (liberalizm - dirijizm, sosial yönlülük) nəzəri əsaslarını təqdim etməklə yanaşı, Azərbaycanın iqtisadi inkişafında bu modellərin praktiki əhəmiyyəti də vurğulanır. İqtisadiyyatın liberallığı, sosial yönlülüyü və siyasi-iqtisadi uyğunluq kimi anlayışlar konseptual çərçivəyə salınaraq ölkənin inkişaf modelinin elmi əsaslarla formalaşmasına xidmət edir. Müəllif bu modelləri İL(P)E (İqtisadiyyatın liberalizm – dirijizm Potensialı) və İS(S)İ (İqtisadiyyatın sosiallıq səviyyəsi) kimi konseptual yanaşmalarla təqdim edir. Əsərlərdən göründüyü kimi:

·        iqtisadi modellərin təsnifatı konkret ölkələrin yerləşdiyi ideoloji spektr üzrə qruplaşdırılmasına imkan verir;

·        strateji seçimlər barədə təhlillər (məs., “iqtisadiyyatın sağlığı-solluğu”) Azərbaycana uyğun iqtisadi yolun seçilməsində nəzəri təməl rolunu oynayır;

·        sosial inkişafla iqtisadi inkişaf arasındakı tarazlığı müzakirə edir və uzunmüddətli dayanıqlı inkişaf üçün balanslı yanaşma təklif edilir.

Bu tədqiqatlarda iqtisadi sistemlərin ideoloji spektrdə yerləşməsinə (sağçı/liberal və solçu/dirijist) görə sosial siyasətlərin xarakterini təhlil edilir. Burada iqtisadiyyatın sosial yönümlülüyünü göstəricilər vasitəsilə müqayisə edir və bu sistemlərin iqtisadi inkişaf, sosial təminat və rifah səviyyəsinə təsirini araşdırılır.

III. İqtisadi model və dövlətin rolu: Onun 2014-cü ildə çap etdirdiyi “İqtisadiyyatın sosialyönlüyü: sağçı və solçu sistemlərdə” kitabı beynəlxalq elmi dairələrdə də maraq doğurmuş və elmi diskurslarda geniş əks-səda vermişdir. Alim bu əsərdə dövlətin tətbiq etdiyi iqtisadi siyasətin nəticələrinin ideoloji şüarlarla deyil, real sosial-iqtisadi göstəricilərlə ölçülməsinin zəruriliyini sübuta yetirmişdir. Bu işlərdə ölkələrin iqtisadi modelləri dövlətin iqtisadiyyata müdaxilə səviyyəsi və liberal-dirijist potensiala görə təsnif edilir. Bu metodoloji yanaşma inkişaf strategiyalarının daha doğru müəyyən olunmasına şərait yaradır və Azərbaycanın iqtisadi idarəçilik modeli üçün praktiki tövsiyələr formalaşdırılır.

IV. İqtisadi transformasiya və makroiqtisadi təhlil: Bu əsərlərdə Azərbaycan iqtisadiyyatının 1990-cı illərdən sonrakı keçid mərhələsi, struktur islahatları, dövlət mülkiyyətinin özəlləşdirilməsi və qeyri-neft sektorunun inkişafı məsələləri, iqtisadi artım tempinin arxasında duran amillər və problemlər geniş statistik baza əsasına təhlil olunur, Azərbaycanın iqtisadi keçid dövründə rastlaşdığı çətinlikləri və inkişaf perspektivlərini regional və qlobal kontekstdə qiymətləndirilir.

V. Regional və beynəlxalq müqayisəli tədqiqatlar: Azərbaycanın beynəlxalq və regional iqtisadi mövqeyi, rəqabət qabiliyyəti və inkişaf diverifikasiyası bu əsərlərin əsas mövzusudur. Professorun 2006-cı ildə çap etdirdiyi “Azərbaycanın reytinqi (beynəlxalq elmi müqayisələrdə)” kitabı bu sahədə ilk əsaslı elmi əsər olmuş və sonralar çoxsaylı araşdırmalara yol açmışdır. Burada Cənubi Qafqaz dövlətlərinin iqtisadi və siyasi sistemlərinin müqayisəli təhlili mühüm yer tutur, regional iqtisadi rəqabətlilik və siyasi-iqtisadi sinerji məsələlərinə aydınlıq gətirir. GUAM ölkələrinin siyasi-iqtisadi uyğunluğu və iqtisadi inkişafın yalnız iqtisadi deyil, sosial və siyasi amillərlə də bağlı olduğunu göstərir. Reytinq təhlilləri əsasında regionlar üzrə bərabərsizliklərə və inkişaf potensialına dair praktiki nəticələr əldə edilir və müvafiq tövsiyələr verilir. Bu əsərlər publisistik üslubda olsa da, cəmiyyətin əsas problemlərinə – korrupsiya, sosial ədalətsizlik və iqtisadi bərabərsizlik kimi məsələlərə toxunulur, ictimai fəallığın və şəffaf idarəetmənin əhəmiyyəti vurğulanır.

Konkret elmi görüşlər və təkliflər

İmanovun tədqiqatlarında sosial-iqtisadi bərabərsizlik, yoxsulluğun azaldılması və iqtisadi islahatların insan amilinə təsiri kimi məsələlər xüsusi vurğulanır. Məsələn, onun 1995-ci ildə dərc olunmuş məqaləsində Azərbaycan kənd təsərrüfatının inkişafında kiçik su anbarlarının iqtisadi səmərəliliyi araşdırılmış, bunun ölkənin regionlarının sosial-iqtisadi həyatında böyük əhəmiyyəti qeyd edilmişdir.

Nazim İmanovun elmi əsərlərində irəli sürdüyü iqtisadi nəzəriyyələr və modellər Azərbaycanın iqtisadi inkişaf strategiyalarında əhəmiyyətli rol oynamışdır. Onun təklif etdiyi iqtisadi inkişafın davamlı modeli, xüsusilə regional iqtisadiyyatın balanslaşdırılması və sosial rifahın yüksəldilməsi, innovasiya yönümlü iqtisadi modelin tətbiqi kimi strateji istiqamətlər konkret nəticələr verməkdədir. Məsələn, onun tədqiqatları nəticəsində Azərbaycanın müxtəlif regionlarında kənd təsərrüfatının və sənayenin inkişafı üçün yeni investisiya layihələri hazırlanmış, kiçik və orta biznesin dəstəklənməsi mexanizmləri təkmilləşdirilmişdir. Bu sahədə Nazim İmanovun ideyaları və tövsiyələri Azərbaycanın iqtisadi inkişaf strategiyasının əsas elementləri kimi bir çox dövlət proqramlarında strateji hədəflər kimi qəbul edilmiş və icra olunmuşdur.

Nazim İmanovun elmi yaradıcılığı yalnız iqtisadi nəzəriyyələrdən ibarət deyildir; onun əsərləri sosial ədalət, mədəniyyət və milli inkişaf kimi məsələlərlə də bağlıdır. O, iqtisadi inkişafın insan kapitalının artırılması və təhsilin təkmilləşdirilməsi ilə sıx bağlı olduğunu vurğulayaraq, bu sahədə də konkret proqramların hazırlanmasına təşəbbüs göstərmişdir.

Qarabağın dirçəlişinə elmi yanaşma: professor Nazim İmanovun Postkonflikt fəaliyyəti

Azərbaycan tarixində yeni bir səhifə – azad edilmiş ərazilərin bərpası və inkişafı mərhələsi yazılır. Bu səhifənin qəhrəmanlarından biri, şübhəsiz ki, akademik və praktik biliklərini vətənin xidmətinə səfərbər etmiş professor Nazim İmanovdur. O, yalnız elmi uğurları ilə deyil, həm də müharibədən sonrakı reallıqların qiymətləndirilməsi, zərərin ölçülməsi və regional iqtisadiyyatın yenidən qurulması sahəsində göstərdiyi fəaliyyətlə ölkənin intellektual öncüllərindən biri kimi seçilir.

İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın işğal altında saxladığı ərazilərdə törətdiyi ekoloji, iqtisadi və infrastruktur fəlakətlərinin real qiymətləndirilməsi mühüm dövlət vəzifəsinə çevrildi. Bu istiqamətdə aparılan işlərdə Nazim İmanovun rəhbərlik etdiyi elmi-tədqiqat qrupu strateji əhəmiyyət daşıyan yanaşmalar ortaya qoydu. Onun təşəbbüsü ilə postkonflikt zərərlərinin müasir iqtisadi modellər, coğrafi informasiya sistemləri (CİS) və tarixi-statistik müqayisələr əsasında hesablanması istiqamətində fundamental tədqiqatlar həyata keçirildi.

Professor İmanov bu sahədə beynəlxalq təcrübələri təhlil edərək, Azərbaycan reallıqlarına uyğunlaşdırılmış metodologiya təklif etdi. Onun hazırladığı yanaşmalar sayəsində təkcə fiziki dağıntılar deyil, həm də itirilmiş iqtisadi imkanlar, demoqrafik dəyişikliklər, ətraf mühitə vurulan ziyan və sosial-inzibati idarəetmənin pozulması kimi geniş spektrdə zərərlərin dəyərləndirilməsi mümkün oldu.

Qarabağın iqtisadi xəritəsinin yenidən çəkilməsi

Professor İmanovun elmi rəhbərliyi ilə Qarabağ iqtisadi rayonlarının yeni inkişaf xəritəsi işlənib hazırlandı. Bu model təkcə ərazi bərpasına deyil, həm də dayanıqlı iqtisadi sistemin formalaşmasına xidmət edir. Kənd təsərrüfatı, su ehtiyatları, turizm, təbii ehtiyatlar və nəqliyyat-logistika potensialı üzrə aparılan iqtisadi qiymətləndirmələr, gələcək investisiya strategiyalarının formalaşdırılmasında əsas baza rolunu oynayır.

Professor Nazim İmanov öz çıxışlarında dəfələrlə qeyd etmişdir ki, “bərpa prosesi təkcə tikinti deyil, bu həm də milli yaddaşın, iqtisadi potensialın və sosial strukturun yenidən dirçəldilməsidir”. Onun bu yanaşması bu gün Azərbaycan dövlət siyasətinin əsas xəttinə çevrilmişdir.

Real rəqəmlərin dili ilə həqiqətlər

Müharibədən sonrakı mərhələdə ən çox ehtiyac duyulan məsələlərdən biri də zərərin obyektiv və sübutedici şəkildə sənədləşdirilməsi idi. Beynəlxalq məhkəmə və tribunalara təqdim olunacaq hüquqi və statistik materialların hazırlanmasında elmi yanaşmalar həyati əhəmiyyət daşıyırdı. Professor Nazim İmanov bu istiqamətdə təkcə statistik məlumatların toplanması ilə kifayətlənmədi, o, həm də müxtəlif sahələr üzrə sistemli ziyan sinifləndirmə çərçivəsi hazırladı.

Məsələn, kənd təsərrüfatı sahəsində aparılan qiymətləndirmələr zamanı təkcə məhsuldar torpaqların itirilməsi deyil, həm də həmin ərazilərdə illərlə yetişdirilməmiş məhsulların ümumi dəyəri, heyvandarlığın tənəzzülü, suvarma infrastrukturunun məhv edilməsi kimi kompleks itkilər nəzərə alındı. Bu yanaşmalar sayəsində dövlət qurumları və beynəlxalq tərəfdaşlar üçün daha şəffaf və əsaslandırılmış məlumat bazası formalaşdı.

Bərpa planlarında elmə əsaslanan idarəetmə

Professor İmanovun təşəbbüsü ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında idarəetmə və resurs planlaşdırması üçün riyazi modellər işlənib hazırlandı. Bu modellər, bir tərəfdən, dövlət investisiyalarının maksimum effektivliklə istiqamətləndirilməsi, digər tərəfdən isə bərpa prosesinin monitorinqi və proqnozlaşdırılması üçün yeni imkanlar açdı.

O, xüsusilə “bərpa olunan resursların dayanıqlı istifadəsi” məsələsini ön plana çəkərək, su hövzələrinin və torpaq ehtiyatlarının ekosistem əsaslı yanaşmalarla qorunmasının zəruriliyini vurğuladı. Bu çərçivədə hazırlanmış “İqtisadi zərərin ekoloji koefisiyenti” adlanan indeks modeli, elmi dairələrdə böyük maraqla qarşılandı və hazırda dövlət planlaşdırmasında istifadə olunur.

Gələcək üçün irs: elmi məktəbin qurucusu

Nazim İmanovun postkonflikt araşdırmalar sahəsində fəaliyyəti yalnız tədqiqatla məhdudlaşmır. O, elmi məktəb formalaşdıraraq, bu istiqamətdə çalışan yeni nəslin yetişdirilməsinə önəm verir. Onun rəhbərliyi ilə gənc alimlər və magistrantlar üçün “Postkonflikt iqtisadiyyat və inteqrasiya” adlı ixtisasartırma proqramı hazırlanıb və uğurla tətbiq olunur. Bu proqram çərçivəsində Qarabağın bərpası kontekstində regional planlaşdırma, sosial-iqtisadi diaqnostika və investisiya risklərinin idarə olunması kimi dərslər keçirilir.

Bundan əlavə, professor İmanovun təşəbbüsü ilə müxtəlif universitetlərdə interdisiplinar seminarlar təşkil olunaraq, hüquqşünas, ekolog, iqtisadçı və memar-mühəndislərin birgə əməkdaşlığı ilə postkonflikt yanaşmaların təkmilləşdirilməsi təşviq olunur.

Professorun baxışı ilə gələcək

Professor Nazim İmanovun fikrincə, Qarabağın bərpası prosesi yalnız iqtisadi göstəricilərlə ölçülə bilməz: “Burada hər daşın altında bir ailənin taleyi, hər dağıntının arxasında bir tarix var. Biz təkcə tikmirik – biz ədaləti, hüququ və yaddaşı bərpa edirik.”

Bu dərin fəlsəfi yanaşma, onun postkonflikt fəaliyyətində həm elmi məsuliyyəti, həm də insani duyarlılığı bir araya gətirdiyini göstərir. Onun rəhbərliyi ilə həyata keçirilən tədqiqatlar həm Azərbaycanın dövlətçilik tarixində, həm də beynəlxalq elmi müstəvidə nümunəvi model kimi dəyərləndirilir.

Nazim İmanovun fəaliyyəti müharibə sonrası Azərbaycanın qarşılaşdığı ən çətin problemlərdən birinə – ərazilərin ədalətli, davamlı və səmərəli bərpasına elmi cavabdır. Onun rəhbərliyi ilə ərsəyə gəlmiş yanaşmalar, bu gün yalnız Azərbaycanın deyil, bütün postkonflikt ölkələrin tətbiq edə biləcəyi nümunəvi təcrübədir.

Beynəlxalq elmi platformalarda Qarabağ həqiqətləri

Nazim İmanov beynəlxalq elmi tədbirlərdə də Qarabağın postkonflikt reallıqlarını elmi əsaslarla təqdim etməyə xüsusi önəm verir. Onun Avropa və Asiya platformalarında çıxışları, təqdim etdiyi hesabat və araşdırmalar dünya ictimaiyyətinə Azərbaycanın üzləşdiyi dağıntıların miqyasını obyektiv şəkildə çatdırmağa xidmət edir. O, həmçinin bu istiqamətdə yetişən gənc alimlərə də yol göstərir, onların tədqiqatlarını dəstəkləyir və postkonflikt tədqiqatlarının elm sistemində ayrıca bir istiqamətə çevrilməsinə töhfə verir.

Professor Nazim İmanovun fəaliyyəti Qarabağın bərpasına yönələn təkcə elmi fəaliyyət deyil, həm də mənəvi və vətəndaşlıq missiyasıdır. Onun tədqiqatları bu torpaqlarda yalnız yolların, məktəblərin və körpülərin deyil, həm də ümidlərin, sabitliyin və inkişafın yenidən qurulmasına xidmət edir. Bu, Azərbaycanın müasir tarixində elm və vətənpərvərliyin nadir sintez nümunəsidir.

Beynəlxalq əlaqələr və təşkilati fəaliyyət

Professor İmanov müxtəlif beynəlxalq akademik qurumlarda təmsil olunmuş, Avropa İttifaqı, Almaniya, Rusiya, Türkiyə Çin Xalq Respublikası və MDB ölkələrinin iqtisadi mərkəzləri ilə əməkdaşlıq qurmuşdur. Beynəlxalq əməkdaşlıq professor İmanovun fəaliyyətində xüsusi yer tutur. O, ABŞ-ın aparıcı iqtisadiyyat institutları ilə sıx əlaqələr yaratmış, elmi mübadilə proqramlarında iştirak etmiş və beynəlxalq konfranslarda müntəzəm olaraq məruzələrlə çıxış etmişdir. Bu əlaqələr Azərbaycan iqtisad elminin dünyaya inteqrasiyasına, eyni zamanda ölkəmizin elmi potensialının beynəlxalq səviyyədə tanınmasına mühüm töhfələr vermişdir. Professor İmanov Çin Elm və Ali Təhsil üzrə Konsultativ Komitəsinin üzvüdür və beynəlxalq simpoziumlarda Azərbaycan iqtisadiyyatı ilə bağlı təqdimatlarla çıxış etmişdir.

Professor Nazim İmanovun elmi fəaliyyətinin beynəlxalq səviyyədə tanınması onun əsərlərinin çoxsaylı xarici dillərə tərcümə olunması və beynəlxalq jurnallarda dərc edilməsindən özünü göstərir. O, həmçinin iqtisadiyyat və sosial elmlər sahəsində nüfuzlu beynəlxalq təşkilatların fəal üzvü olmuşdur.

İmanov uzun illər Avrasiya İqtisadçılar Assosiasiyasının üzvü kimi ölkələrarası elmi əməkdaşlığın inkişafına xidmət etmiş, müxtəlif beynəlxalq konfranslarda panel rəhbərliyi və məruzələr təqdim etməklə Azərbaycan elminin təmsilçiliyi və nüfuzunun artırılmasına böyük töhfə vermişdir.

2003–2005-ci illərdə Avropa İttifaqının eksperti, 2005–2015-ci illərdə "Qafqaz və Qloballaşma" elmi məcmuəsinin baş redaktoru olmuşdur.

TANRIVERDİ PAŞA

AR Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi

Mənbə:  www.science.gov.az

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

"Kərimə" dövləti qurmaq istəyənlərə hökm oxundu
14:06 12.06.2025
"Suriyanın yeni rəhbərliyi ilə danışıqlarda maraqlıyıq"
14:02 12.06.2025
Hindistanda aviaqəza nəticəsində ölənlərin sayı 40-a çatıb
13:56 12.06.2025
“Elmi fəaliyyətlə bağlı qrantlara müraciət tam rəqəmsallaşdırılmalıdır”
13:47 12.06.2025
Hindistandakı aviaqəza "Boeing"-in səhmlərini ucuzlaşdırdı
13:36 12.06.2025
Məleykə Abbazasə repetitorlardan danışdı: "...özlərini reklam edirlər..."
13:24 12.06.2025
Çimərlik mövsümü 15 İyunda başlayacaq
12:48 12.06.2025
Fəxriyyə Xələfova Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşür - MÜSAHİBƏ
12:21 12.06.2025
BAEA İranı nüvə silahının yayılmaması üzrə öhdəliklərini pozmaqda ittiham edib
12:04 12.06.2025
Sabah 37 dərəcə isti olacaq
11:37 12.06.2025
Dünyada hər 67 nəfərdən biri məcburi köçkündür - BMT-dən yeni hesabat
11:35 12.06.2025
Azərbaycanlı cüdo hakimi ilk dəfə dünya çempionatını idarə edəcək
11:21 12.06.2025
Azərbaycan Prezidenti Vladimir Putini təbrik edib
10:58 12.06.2025
"İqlim müzakirələrində ziddiyyətlərin aradan qaldırılmasında əsas rolu elm oynayır"
10:54 12.06.2025
"UNEC elmi məqalələrin artım tempinə görə dünyada birinci yerdədir"
10:38 12.06.2025
Göyərtəsində minlərlə avtomobil olan gəmi bir həftədir ki yanır
10:28 12.06.2025
Şimali Koreya - Cənubi Koreya sərhədində səsli təbliğat dayandırıldı
10:08 12.06.2025
Polşa millisinin baş məşqçisi Levandovski ilə münaqişədən sonra postunu tərk edib
09:40 12.06.2025
Günəşin qütblərinin görüntüləri əldə edildi
09:22 12.06.2025
Məktəblərdə telefondan istifadə necə məhdudlaşdırıla bilər?
08:43 12.06.2025
İqlim böhranının insanların sağlamlığına təsiri artır -ÜST
08:29 12.06.2025
"Çelsi" yeni səfər formasını təqdim etdi
07:41 12.06.2025
Messi Klublararası dünya çempionatında iştirak edəcək?
07:35 12.06.2025
İran İsraillə müharibəyə hazırlaşır
06:50 12.06.2025
Aİ Çinin iki bankına sanksiya təklif edib
02:40 12.06.2025
ABŞ Avstraliyaya atom sualtı qayıqların tədarükü sazişinə yenidən baxacaq
00:24 12.06.2025
12 iyun - Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günüdür
00:01 12.06.2025
Professor Nazim İmanov: Azərbaycan iqtisad elminin görkəmli siması
16:53 11.06.2025
"Los-Anceles sakinləri çox şanslıdırlar ki, onlara kömək etmək qərarına gəldim"
16:21 11.06.2025
Peru tariflərə görə ümidini Çinə bağlayır
15:42 11.06.2025
Fariz İsmayılzadə: "Bağçaların sayını artırmaq üçün tikinti standartlarına yenidən baxmalıyıq"
15:31 11.06.2025
Rusiya İrana nüvə yanacağını ölkədən çıxarmağa kömək edə bilər
15:04 11.06.2025
Arıqlamaq üçün bitki çayları içən gənc komaya düşüb
14:23 11.06.2025
18 ildə 700 bal toplayan 116 nəfərdən biri də AMEA-ya üz tutmayıb - Niyə?
14:19 11.06.2025
"ChatGPT" yeni modelini işə salır
13:57 11.06.2025
Rusiya diplomatı XİN-ə çağırıldı
13:18 11.06.2025
Leroy Sane "Qalatasaray"la razılığa gəldi
13:01 11.06.2025
Aİ-nin Rusiyadan idxal etdiyi neft və qazın həcmi açıqlandı
12:24 11.06.2025
Rusiya Ukraynaya 1 200-dən çox hərbçinin meyitini qaytarıb
12:21 11.06.2025
ABŞ "F-35" qırıcılarının alışını iki dəfə azaltdı
10:26 11.06.2025
Hamısı