İyulun 18-də Beynəlxalq Muğam Mərkəzində Yaponiyanın məşhur piano ifaçısı və bəstəkarı Nakamura Tempeyin konserti keçirilib.
Ednews xəbər verir ki, konsert Yaponiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı, Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə gerçəkləşib. Tədbir iki ölkə arasında diplomatik münasibətlərin 30-cu ildönümünə həsr olunub.
Konsertdən əvvəl jurnalistlərə müsahibə verən Yaponiyanın ölkəmizdəki səfiri Cuniçi Vada bu ili həm də Yaponiya-Azərbaycan arasında dostluq ili kimi xarakterizə edib. O, il ərzində bir sıra tədbirlərin keçiriləcəyini bildirib: “Bu həftəsonu Dənizkənarı Milli Parkda “Çərpələng festivalı”, digər aylarda “Budo - Yapon döyüş sənətləri festivalı” kimi tədbirlər keçiriləcək”.
Nakamura Tempei Avropa turu çərçivəsində Qafqaz bölgəsinə ilk dəfə gəlib. Pianoçunun qeyri-adi bir xüsusiyyətə malik olduğunu deyən səfir bildirib ki, ifaçı Yaponiyanın UNESCO-ya daxil olan bütün irs məkanlarını gəzərək dəfələrlə xeyriyyə konserti verib.
Bildirib ki, yaxın gələcəkdə səfirlik yapon musiqisini muğamla sintez etmək üçün ölkəsinin tanınmış ifaçılarını Azərbaycana dəvət edəcək.
Sonra konsert proqramı təqdim olunub.
Nakamura Tempei konsertdə Yaponiya və dünyanın aktual məsələlərini əks etdirən unikal və ruh oxşayan ifaları ilə çıxış edib.
İfaçı öz bəstəsi olduğu " Qırmızı cırcırama", “Şansı qaçırma”, “Əjdahanın göz yaşları”, “Montmartredə sevgi hekayəsi”, “Sevginin ölümü”, “Şanlı şeypur” və pandemiyaya həsr etdiyi “Pandemiyanın əlaməti”, “Qəmgin karantin günləri”, “Təcrid” musiqi parçalarını ifa edib. Sonda ifaçı Azərbaycan himnini və Bakıya həsr olunmuş kompozisiyanı təqdim edib .
Nakamura Tempein çıxışı alqışlarla qarşılanıb və hamının zövgünə oxşayıb.
Günel Həsənova