Qubada “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalı keçirilib.
“EDnews”xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş festivalı Quba Rayon İcra Hakimiyyəti, Quba-Xaçmaz Regional Təhsil İdarəsi və Quba Uşaq-Gənclər İnkişaf Mərkəzi birgə təşkil edib.
Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Şimali Kipr Türk Respublikası və Rusiya Federasiyasının Şimali Osetiya-Alaniya Respublikasından olan rəqs kollektivləri təmsil olunub.
Əvvəlcə festival iştirakçıları və qonaqlar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Sonra iştirakçılar Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələri və ümumtəhsil müəssisələrinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirib, rəqs kollektivlərinin yürüşünü izləyiblər.
Daha sonra Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında yerləşən “Yaşıl teatr”da müxtəlif ölkələri təmsil edən kollektivlərin rəngarəng rəqs nömrələri nümayiş olunub.
Fatimə Mərdanlı //EDnews