Bu gün Beynəlxalq Cizgi Filmləri Günüdür. Dünya Cizgi Filmi Günü ilk dəfə 2002-ci ildə Beynəlxalq Animasiya Filmləri Dərnəyi tərəfindən təsis edilib.
Uşaqların gündəlik həyatını cizgi filmləri olmadan təsəvvür etmək mümkün deyil. Cizgi filmləri azyaşlıların inkişafına, gələcəkdə şəxsiyyət kimi formalaşmasına əhəmiyyətli dərəcədə təsir edir.
Gələcəyimiz olan uşaqların müxtəlif bilik və bacarıqlara yiyələnməsində, tərbiyələnməsində mühüm rol oynayan cizgi filmlərinin istehsalına niyə yetərincə diqqət ayırılmır? Ölkədə yerli cizgi filmləri istehsalı sənayesi hansı vəziyyətdədir?
“Sovet dövründə təkcə 50-ə yaxın animasiya rəssamı, 18 nəfər rejissor var idi, hələ başqa istiqamətləri demirəm. Moskvadan bizə maliyyə də ayrılırdı, ildə 8-9 dənə cizgi filmi çəkə bilirdik. 90-cı illərin axırlarından durğunluq başladı, heç bir şey çəkə bilmədik. 2002-ci ildən bu yana ildə bir cizgi filmi çəkilə, ya çəkilməz...”
Bunu Ednews-a açıqlamasında Azərbaycanın tanınmış animasiya rejissoru və ssenari müəllifi Elçin Hami Axundov deyib. Mövzu ilə bağlı fikirlərini bölüşən Əməkdar Mədəniyyət İşçisi qeyd edib ki, maliyyə və kadr çatışmazlığı problemləri Azərbaycanda cizgi filmləri istehsalına maneə yaradan əsas məsələlərdir.
“Əvvəllər kino sənayesi müstəqil idi, animasiya, cizgi filmləri istehsalı sahəsində də müəyyən inkişaf var idi. 2002-ci ildən Mədəniyyət Nazirliyinin nəzdinə keçəndən sonra bizdə problemlər başladı. O vaxtlar mən "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən “Azanfilm”in (Azərbaycan Animasiya Filmləri Studiyası) rəhbəri idim. Maliyyə, kadr çatışmazlığı problemləri Azərbaycanda cizgi filmi istehsalının qarşısında duran maneələrdir. Bunların hamısını vaxtilə həll etmək lazım idi. Hələ Polad Bülbüloğlunun vaxtından indiyə kimi dəfələrlə Mədəniyyət Nazirliyinə bu barədə müraciət etmişəm. Əfsuslar olsun ki, nazirlik bu sahəyə laqeyd yanaşır”.
“Animasiya sadəcə rəngli effektlər, şəkillər demək deyil. Animasiya dramaturgiyadır, həyəcandır”.
O bildirib ki, animasiyanın inkişafı üçün kurslar açmaq, rəssamları, aktyorları cəlb etmək, onları animasiyanın xüsusiyyətləri barədə məlumatlandırmaq, praktiki dərslər keçmək lazımdır.
“Uşaqlar bizim gələcəyimizdir. Onların inkişafını, düzgün istiqamətdə tərbiyə almasını, lazımi bilik və bacarıqlara yiyələnməsini düşünən ölkələr animasiya sahəsinə xüsusi diqqət ayırır. Rusiya, Belarusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, İranda – orada hətta iki məktəb, Təbrizdə və Ərdəbildə animasiya məktəbləri var, bu sahənin inkişafında gənc kadrların yetişməsi üçün kurslar təşkil olunur, böyük məbləğlər ayırılır. Bizdə bunu görmək mümkünsüzdür. Ölkədə professional animatorlar yoxdur, onları hazırlamaq müəyyən vaxt tələb edir. Bəziləri komputerdə hansısa proqramlar vasitəsilə animasiyalar yaradır, bu, professionallıqdan tamamilə uzaqdır. Animasiya sadəcə rəngli effektlər, şəkillər demək deyil. Animasiya dramaturgiyadır, həyəcandır. Bu effekti yaratmaqçün gərək professional animator olasan, bu işi azı bir il öyrənmək lazımdır. Gərək əvvəlcə studiya olsun”.

Elçin Hami Axundov onu da bildirib ki, son illərdə ölkədə animasiya istehsalı sahəsində müəyyən işlər görülsə də, ümumilikdə, inkişafdan danışmaq hələ çox tezdir.
“5 ildir mən və Praqada yaşayan gənc dostum, rejissor, prodüser və animator Rəşid Ağamalıyevlə birlikdə “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalını təşkil edirik. Düşündük ki, bəlkə belə bir Festivalın təşkili bizim nazirliyin də diqqətini cəlb edər, maddi yardım edilər... Hələ də nəticəsi yoxdur. 5 ildir biz bu Festivalı keçiririk, bir balaca dirçəliş var. Lakin bunlar kifayət etmir, ümumi olaraq, animasiya istehsalı sahəsi bizdə çox zəifdir".
Əməkdar Mədəniyyət İşçisi yerli cizgi filmlərinin çəkilməsinin həm də uşaqların milli ruhda böyüməsində təsirli amil olduğunu vurğulayıb.
“Vaxtilə “Nu poqadi”, “Çeburaşka”, “Karlson”, “Tom və Ceri”ə baxırdıq. İndi dövr dəyişib, tələblər də dəyişib. Artıq başqa səpkidə cizgi filmləri çəkilir. Texniki imkanlar da artıb, daha rəngli, canlı, hərəkətli animasiyalar buraxılır. Bizim uşaqlar xarici animasiya filmlərini izləyir. Bu onların ana dilində danışıq qabiliyyətindən tutmuş, davranış formalarına qədər bütün xüsusiyyətlərinə, gələcəkdə bir şəxsiyyət kimi formalaşmalarına ciddi təsir edir, onların tərbiyəsində istisnasız böyük rol oynayır. Hər ölkə öz animasiyasında öz davranış kodekslərini, mənəvi-əxlaqi prinsiplərini əsk etdirir. Bəzi cizgi filmləri uşaqlara şiddəti, pis davranışları təlqin edir. Öz cizgi filmlərimizi çəkməli, azyaşlılarımıza onları izlətməliyik ki, milli ruhda, düşüncədə və mənəviyyatda böyüsünlər. Cizgi filmi istehsalı, həm də azərbaycançılıq nöqteyi-nəzərindən vacib amildir”.
E.Axundov yerli cizgi filmlərinin istehsalında televiziyaların roluna da diqqət çəkib.
“1965-ci ildən “Azərbaycan Film” kinostudiyasında çalışıram. Onun nəzdində animasiya kursları var idi, oranın məzunu olmuşam. Sonra cizgi filmləri çəkməyə başladıq. İlk dəfə 1968-ci ildə klassik “Cırtdan” cizgi filmini ərsəyə gətirdik. Ondan sonra çox “Cırtdan”lar çəkildi – “Cırtdan və div”, “Cırtdan və pəhləvan”, “Cırtdanın yeni sərgüzəştləri” və s. Mütəmadi olaraq cavan rəssam və aktyorları cəlb edirdik, cizgi filmləri çəkilirdi. Kurslarda animasiyanın xüsusiyyətləri öyrədilirdi, xeyli animator var idi. 80-ə yaxın cizgi filmi çəkilib. Mənim özümün 30-dan artıq filmim var. Burada televiziyalar da məsuliyyət daşıyır. Demək olar ki, tv-lərdə ancaq “Tıq-tıq xanım”ı göstərirlər. Axı, ondan başqa da cizgi filmlərimiz var. İndi kanallarda öz cizgi filmlərimizi ümumiyyətlə görmürəm. Bu vəziyyətin yaranması da maliyyə məsələləri ilə bağlıdır. Azərbaycan Rejissorlar Kinogildiyasının telekanallarla bağladığı müqaviləyə görə, 10 dəqiqəlik animasiya filmi üçün Kinogildiyaya 15-20 dollar pul ödənməlidir. Bu məbləğ il ərzində toplanaraq hansısa rejissora və ya «Azanfilm»ə verilir. Televiziyalara iki saatlıq kaset qoyub, hansısa xarici filmləri yayımlamaq daha rahatdır, nəinki pul ödəyib film nümayiş etdirmək. Bütün sahələrdə olduğu kimi, bu iş də kompleks yanaşma tələb edir.
“Uşaqlar hansısa obrazı tanıyır və sevir, onu daim görmək istəyirlər. Uşaqların sevdiyi obrazları onlara daha yaxın etmək üçün cizgi filmləri davamlı yayımlanmalıdır, bunun da ən yaxşı yolu animasiya seriallarının çəkilməsidir”.
Bunu gənc animator Sultan Abbasbəyli bildirib. Mövzu ilə bağlı Ednews-a danışan S.Abbasbəyli qeyd edib ki, bütün inkişaf etmiş ölkələr animasiya istehsalına ciddi diqqət ayırır, Azərbaycan isə bu sahədə çox geridədir.
“Uşaqlar üçün cizgi filmləri çəkmək çox məsuliyyətli və vacib bir işdir. Onların inkişafı üçün ölkəmizdə resurslar çox azdır, televiziya və radiolar bu istiqamətdə çox iş görmür. Müasir dövrümüzdə elə bir inkişaf etmiş ölkə yoxdur ki, orada cizgi filmi, animasiya çəkilməsin. Azərbaycan bu sahədə çox geridə qalıb. Cizgi filmi istehsalında büdcə çox önəmlidir. Böyük məbləğ və vaxt hesabına, saniyəbəsaniyə hazırlanır. İnsan resursu, avadanlıqlar lazımdır.”

“Öz cizgi filmlərimizi çəksək, özümüzü maraqlandıran, heç vaxt işıqlandırılmayan, uşaqların yetişməsi üçün maarifləndirici, sosial mövzulara toxunarıq”.
Sultan Abbasbəyli son bir neçə ildə ölkədə cizgi filmi istehsalı sahəsində görülən işlərdən də danışıb.
“Ötən illərdə “Azanfilm” studiyasında “Tıq-tıq və dostları möcüzələr axtarışında” adlı iki hissəli cizgi filmini çəkdik. Bu günə qədər uşaqlar üçün çoxlu sayda reklam çarxları, animasiyalar hazırlamışıq. Ölkədə ilk dəfə üçölçülü animasiya filmi, ilk çoxpersonajlı animasiya filmi və s. ilklərə imza atmışıq. Uşaqlar üçün gözəl planlarımız var, yaxın zamanlarda yeni animasiya layihələrimizi reallaşdıracayıq. İndilik açıqlamaq istəmirəm, amma düşünürəm ki, illərdir üzərində çalışdığımız bu layihə ölkədə cizgi filmi istehsalı sahəsinə yeni nəfəs gətirəcək. Bu sahədə qonşu ölkələrlə rəqabət aparacaq potensialımız var. Cizgi filmlərinin çəkilişinə diqqət ayırılsa, yerli kadrlarla gözəl işlər görmək olar. Tək Mədəniyyət Nazirliyi yox, televiziya kanalları, digər aiddiyatı qurumların da dəstəyinə ehtiyac var”.
“Yerli cizgi filmləri istehsalı həm də uşaqlarımızın milli ruhda böyüməsi üçün şərtdir”.
Sultan Abbasbəyli qeyd edib ki, cizgi filmləri tək uşaqların əylənməsi üçün deyil, eyni zamanda öyrədici vasitədir.
“Valideynlər uşaqlarına hər təsadüfi cizgi filmini izlətməməlidirlər. Uşaqlar nəzarətsiz qalır, yutubda mənasını başa düşmədən istənilən animasiyaya baxırlar. Bunların içərisində mənfi cəhətlər aşılayan filmlər də olur. Öz cizgi filmlərimizi çəksək, uşaqlar kiçik yaşlarından düzgün istiqamətlənər, həm də bir çox mövzularda - ədəb qaydaları və ya təhlükəli vəziyyətlərdə davranış qaydaları və s. sosial mövzularda maariflənərlər. Ölkəmiz, xalqımız görkəmli şəxslər, mədəniyyət, incəsənət, ədəbiyyat adamları yetişdirib, niyə də onları, gördükləri işləri, yaratdıqları nümunələri cizgi filmləri vasitəsilə uşaqlarımıza tanıtmayaq?!”
Törə Zeynallı