Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən portalda mövcud olan e-ərizə, e-müqavilə, e-idarəetmə, e-hesabat və e-ekspertiza sistemləri üzərində genişmiqyaslı texniki təkmilləşdirmələr və funksional yenilənmələr həyata keçirilir.
“EDnews” xəbər verir ki, yeni mərhələdə layihələrin qiymətləndirilməsi prosesi elektron hesabat sistemi vasitəsilə onlayn formada icra ediləcək. Qiymətləndirmə Agentlik tərəfindən müəyyən edilmiş meyarlar əsasında həyata keçiriləcək və 0-dan 100-ə qədər bal aralığında avtomatik hesablanacaq. Nəticələr PDF, Excel və digər formatlarda ixrac edilə bilən hesabatlar şəklində formalaşdırılacaq.
Bundan əlavə, sistem vasitəsilə layihələr üzrə statistik göstəriciləri əks etdirən avtomatik cədvəllər hazırlanacaq. Bu cədvəllərdə keçirilmiş tədbirlərin sayı, dərc olunmuş məqalə və nəşrlərin statistikası, təşkil olunmuş təlimlər, iştirakçı məlumatları və digər mühüm göstəricilər əks olunacaq.