“Azərbaycanın Avrasiya İqtisadi İttifaqına hər hansı formada üzv olması ölkəmizə heç bir üstünlük gətirə bilməz”.
Bu sözləri Ednews - a açıqlamasında iqtisadçı Natiq Cəfərli Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulması ilə bağlı dolaşan iddiaları şərh edərkən bildirib.
“Azərbaycan tərəfdaşlıq üzərində qurulan iqtisadi əlaqələri, xüsusilə ixracatının və idxalının istiqamətləri, investisiya imkanları daha çox Qərbə tərəf yönəlib. Ölkəmizin Türkiyə və Qərb ölkələri ilə iqtisadi əlaqələri daha çox güclüdür. Azərbaycanın xarici ticarət dövriyyəsinə baxdıqda, görürüq ki, ixracatımızın priotetləri Avropa Birliyinə üzv olan ölkələr və İsrail ilə iqtisadi əlaqələrdə əsas yer tutur. Bundan başqa, investisiya xəritəsini nəzərdən keçirəndə Azərbaycan daha çox kapital yatıran Britaniya, ABŞ, Avropa ölkələri və Türkiyənin olduğunu görərik”.
İqtisadçının sözlərinə görə, Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmağa ehtiyacı yoxdur.
“İndiki şəraitdə bu ittifaqa üzvlüklə bağlı məsələnin gündəmə gətirilməsi doğru deyil. Bilirik ki, ittifaqın üzv dövləti Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi hələ bağlanmayıb, sərhədlərin delimitasiyası həyata keçməyib, regional kommunikasiylar açılmayıb. Belə olan halda Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzv olması nə dərəcədə məntiqə sığa bilər? Ümumiyyətlə, ölkəmizin bu ittifaqa üzvlüyü texniki və hüquqi baxımdan mümkün deyil. Bu məsələ ətrafından gedən iddialar obyektivliyi və reallığı əks etdirmir”.
Qeyd edək ki, Novoye-Vremya xəbər portalında Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulma ərəfəsində olması ilə bağlı məqalə dərc olunub.
Məqalədə qeyd olunur ki, Aİİ-a üzvlük Azərbaycana bir sıra üstünülük verə bilər.