Xəbər verdiyimiz kimi, Milli Məclisin 11 oktyabr tarixində keçirilən plenar iclasında millət vəkili Ceyhun Məmmədov Azərbaycanda İslam banklarının yaranması ilə bağlı fikirlər səsləndirib. Millət vəkili öz çıxışında bildirib ki, bir çox müsəlmən ölkələrində İslam qaydaları ilə işləyən maliyyə qurumları var.
Bu gün Azərbaycanda İslam banklarının yaranmasına zərurət varmı? Bununla bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Ednews-a danışıb:
“İslam banklarının yaradılması üçün qanunvericilikdə heç bir qadağa yoxdur. Dövlətin hər hansı İslam bankçılığının yaradılmasında iştirakı doğru deyil. Amma bu qaydalarla işləyən özəl bankların yaradılması mümkündür. Hazırda heç bir məhdudiyyət də yoxdur”.
İslam banklarının fərqlərindən danışan ekspert həmçinin qeyd edib ki, bu bankların digər banklardan fərqi faizsiz şəkildə işləməsidir.
“Faizlərin haram olduğunu nəzərə alaraq hesablamalar digər banklardan fərqli şəkildə aparılır. Banklar faizsiz kredit təklif edir, amma müştərinin layihəsinə şərik olur”.
Ayan Rzayeva