“Azərbaycan Mərkəzi Bankının (AMB) ilk dəfə tədavülə buraxdığı investisiya məqsədli pul nişanlarını həm ölkə, həm də xarici vətəndaşlar əldə edə biləcək”.
Ednews xəbər verir ki, bunu Mərkəzi Bankın baş direktoru Aqşin Vəliyev pul nişanlarının təqdimatında bildirib.
O qeyd edib ki, qızıl sikkələr 999,9 əyarlı qiymətli metaldan hazırlanıb və onları həm AMB-nin, həm də yerli bankların kassalarından almaq mümkün olacaq.
"Sikkələrin qiyməti London Birjasında qızıl qiymətinə uyğun dəyişəcək. Onun dəyəri isə AMB-nin internet səhifəsində gündəlik açıqlanacaq və qızılın dəyərinə uyğun hesablanacaq", - deyə Aqşin Vəliyev əlavə edib.
Qeyd edək ki, Mərkəzi Bank ölkəmizin tarixində ilk dəfə olaraq yüksək əyarlı Azərbaycan qızılından hazırlanmış investisiya məqsədli pul nişanlarını 10 may 2023-cü il tarixindən etibarən tədavülə buraxacaq.