Azərbaycan və Gürcüstan poçt xidmətləri arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı razılığa gəliblər.
“EDnews” xəbər verir ki, razılıq Bakıda keçirilən Avropa və MDB Poçt Liderlərinin I Forumunda əldə olunub.
Belə ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, “Azərpoçt” və Gürcüstan Poçtu arasında görüş keçirilib. Görüşdə “Azərpoçt”un İdarə Heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev, İdarə Heyətinin üzvü Xəyyam Əli-zadə, Gürcüstan Poçtunun Baş direktoru Levan Chikvaidze və Beynəlxalq Əlaqələr Ofisinin rəhbəri Nugzar Bregvadze iştirak ediblər.
Tərəflər iki ölkə arasında poçt sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələlərini müzakirə ediblər. Elektron kommersiya sahəsində bağlamaların çatdırılması üzrə təcrübələrin paylaşılması və çeşidləmə proseslərində yeniliklərin tətbiqi imkanlarının araşdırılması barədə fikir mübadiləsi aparılıb.
Bundan əlavə, Azərbaycan və Gürcüstan arasında poçt vasitəsilə pulköçürmələrinin həyata keçirilməsi ilə bağlı yeni əməkdaşlıq mexanizmlərinin qurulmasının vacibliyi vurğulanıb.
Fatimə Mərdanlı //EDnews