Mayın 29-da Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gələcək. Bu səfər xaricdə yaşayan azərbaycanlılarla dini-mənəvi əlaqələrin, birlik və həmrəyliyin daha da möhkəmləndirilməsi məqsədi daşıyır.
EDnews xəbər verir ki, səfər Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və onun tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə həyata keçiriləcək.
Səfər çərçivəsində nümayəndə heyəti aşağıdakı məkanları ziyarət edəcək:
Azərbaycan İlahiyyat İnstitutu
Fəxri Xiyaban
Şəhidlər Xiyabanı
Zəfər Parkı
Türk Şəhidləri Abidəsi
Eyni zamanda, nümayəndə heyəti Bakıda yerləşən ibadət ocaqları ilə tanış olacaq, burada aparılan dini-mənəvi işlər və fəaliyyətlər barədə məlumat alacaqlar.
Səfərin diqqətçəkən məqamlarından biri də işğaldan azad edilmiş ərazilərə planlaşdırılan ziyarətlərdir. Gürcü və türk din xadimləri Ağdam və Şuşa şəhərlərinə səfər edəcək, burada yerləşən tarixi-dini abidələri ziyarət edəcəklər. Onların ziyarət edəcəyi yerlər arasında:
Ağdam Cümə Məscidi
Ağdam İmarət Kompleksi
Şuşadakı Yuxarı və Aşağı Gövhərağa məscidləri
Saatlı və Mamayı məscidləri
və digər tarixi-mədəni irs nümunələri var.
Səfərdə 30-dan çox azərbaycanlı din xadimi də iştirak edəcək. Proqram iyunun 2-dək davam edəcək və müxtəlif görüşlər, müzakirələr, dini-mədəni tədbirlərlə zəngin olacaq.
Bu səfər həm regional dini dialoqun gücləndirilməsi, həm də azad edilmiş ərazilərin mənəvi dirçəlişində beynəlxalq dəstəyin ifadəsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Fatimə Şükürova // EDnews