Milli Elmi Tədqiqatlar Mərkəzində (CNRS) işləyən Fransanın iki vətəndaşı Rusiyanın Marseldəki konsulluğuna hücumda iştiraklarını etiraf edib.
“EDnews” xəbər verir ki, bu barədə prokurorlar məlumat yayıb.
Məlumata görə, şübhəlilərdən biri mühəndis, ikincisi kimyaçıdır. Onlar fevralın 24-də konsulluğun bağçasına kimyəvi maddələrin qarışığı olan üç plastik butulka atıblar. Hadisə zamanı heç kim xəsarət almayıb və dağıntı qeydə alınmayıb.
Rusiya tərəfi hadisəni terror aktı adlandırıb, Fransa hökuməti isə diplomatik obyektlərin təhlükəsizliyinin pozulması hallarını pisləyib.
Şübhəlilər elə həmin gün Marseldə Ukraynayönümlü mitinqdə müəyyən edilərək saxlanılıblar.