"The Telegraph" yazır ki, Danimarka zooparkı oranqutanların özlərinə "sevgili" tapmaları üçün xüsusi "Tinder" proqramı yaradıb.
Bu üsuldan istifadə edərkən dişi oranqutanlara iPad-də mümkün erkək namizədlərin şəkilləri göstərilir.
Əgər dişi oranqutan iPad-dəki namizədlərdən kimisə xoşladığını nümayiş etdirsə, həmin erkək oranqutan hər hansı beynəlxalq zooparkdan, deyək ki, lap elə Sinqapur heyvanxanasından gətiriləcək.
Dörd illik eksperiment "oranqutanlar üçün Tinder" adlanır.
Başlanğıc olaraq Apeldoorn zooparkında saxlanan 11 yaşlı dişi oranqutan Samboja özünə yoldaş axtaracaq.
Zooparkda çalışan davranış bioloqlarından biri deyib ki, alimlər dişi oranqutanların cütləşmə üçün partnyoru necə seçdiyini öyrənmək istəyirlər.
Bioloq deyib ki, bəzən heyvanları cütləşmə üçün başqa zooparklara aparırılar, lakin gözlənilən cütləşmə baş vermir.
"The Telegraph" yazır ki, "Tinder" eksperimenti primatların emosional aləminin öyrənilməsi üçün aparılan daha geniş tədqiqatın bir hissəsidir.
Məqalədə deyilir ki, keçmiş eksperimentlər zamanı da heyvanlara başqa oranqutanların şəkilləri göstərilib. Lakin fotolar emosiyaları canlı ifadə edə bilmirdi.
Alimlər deyirlər ki, "Tinder" proqramı ilə bağlı əsaslı bir problem var. Meymunlar tabletlərlə rəftar etməyi bacarmırlar. Məsələn, Samboja ona verilən birinci iPad-i sındırıb.