“Məni birinci sinifə rəhmətlik atam aparmışdı. Birinci sinifə getmək əlbəttə hər bir uşaq üçün çox həyəcanlı və maraqlı olur”
Eurasia Diary xəbər verir ki, bunu "moderator.az"a açıqlamasında Xalq artisti Mənsum İbrahimov ilk dərs günü haqda danışarkən deyib. Xalq artisti bu gün nəvəsini birinci sinifə yola saldığını bildirib:
“Birinci sinifə Ağdamda getmişəm. Yadımdadır ki, ilk müəlliməm Sənubər xanım olub. O, bizə o qədər nəvaziş göstərib, mehriban davranırdı ki, bu günə qədər onu unutmamışam. Birinci sinifə getmək əlbəttə hər bir uşaq üçün çox həyəcanlı və maraqlı olur. Məni birinci sinifə rəhmətlik atam aparmışdı. Dərsdən qaçmamışam, amma 1-2 dərsdən sonra məktəbə öyrəşmişəm. Bu gün isə öz nəvəmi birinci sinifə yola saldım. Özüm də 6-nömrəli məktəbə nəvəmi apararkən orda çıxış etdim və bildirdim ki, bu uşaqlar ona görə xoşbəxtdirlər ki, onlar artıq müstəqil ölkənin vətəndaşlarıdır. Biz isə Sovet hökumətinin vaxtında dərsə getmişik”.
Xalq artisti ilk dərs günü münsaibətilə müəllim və şagirdləri təbrik edib:
“Bu gün ölkəmizdə bayramdır və mən bütün müəllimləri, tələbələri, şagirdləri, valideynləri təbrik edirəm. Hesab edirəm ki, ölkənin inkişafında təhsil bir nömrəli vacib məsələlərdən biridir. Dövlətimizin təhsilə diqqət və qayğısı yüksək səviyyədədir. İnanıram ki, hər şey yaxşı olacaq”.