Vurğun Əyyub dəhşətli xatirələrdə: - “Onu boykot edir, salam vermir, “çörəyimizi kəsdin” deyirdilər” | Eurasia Diary - ednews.net

21 Noyabr, Cümə axşamı


Vurğun Əyyub dəhşətli xatirələrdə: - “Onu boykot edir, salam vermir, “çörəyimizi kəsdin” deyirdilər”

Müsahibə A- A A+

Bədirxan Əhmədov: “ Vurğun dedi ki, nazir həyat yoldaşıma iş verir deyə, mən prinsipimdən əl çəkib, mövqeyimi dəyişməliyəm?!”

-Adı çəkiləndə ilk dilinizə gələn nə olur?

-Yenə də bu həyatı, bu mübarizəni, bu mövqeni seçərdi. Əminəm.

Fikirlərini beynində bir qədər götür-qoy etdikdən sonra davam edir:

“Hər şeyə maksimalistcəsinə yanaşır, hamıdan da bunu tələb edirdi. Nəzərə almırdı ki, cəmiyyətdə hər kəs onun kimi intellektual deyil, müxtəlif hadisələrə fərqli münasibətlər ola bilər”.

Amma onun ölümü xəbərinə hər kəsin münasibəti eyni oldu. Bu, sosial şəbəkələrdəki sevgi selindən aydın duyulurdu. Yuxarıdakı cümlələrdəki prinsipiallıq AzEdu.az-ın “Parta yoldaşı” layihəsinin budəfəki qəhrəmanının portretini müəyyən qədər cızır. “Parta yoldaşı” isə-bir adan tanıyacaqsınız, tələsməyək- onun barədə bir qədər də ipucu verir:

“Bəzi cəhətlərinə görə, onu Əhməd bəy Ağaoğluna bənzətmək olardı: Öz fikrini sübut etmək üçün sürəkli faktlar gətirərdi. Hətta yanlış olsa belə, təslim olmaq istəmirdi. Siyasətdə də belə idi: dürüst, təmiz, saf və birbaşa”.

Söhbət Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçmiş rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycanda test üsulunu ilk tətbiq edən şəxsdən - mərhum Vurğun Əyyubdan gedir.  Yeri gəlmişkən, bu gün Vurğun Əyyubun vəfatının 40-cı günüdür...

Onun haqqında da elə bu cür danışacağıq: “dürüst, təmiz, saf və birbaşa”. Belə söhbətlərin öhdəsindən yalnız ən yaxın dostluqlar gələ bilər.

Professor Bədirxan Əhmədov-yuxarıda qeyd etdiyimiz “parta yoldaşı” - Vurğun Əyyubla ömrünün ən şirin çağlarını-tələbəliyini bölüşsə də, sonrakı illər bu münasibəti daha da möhkəmləndirib:

“Vurğun bəylə yarım əsrə yaxın tanışlığım var; bunun hesab elə ki, qırx ilini yaxın dost olmuşuq. Bir yerdə ovaxtkı V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU –red.) Filologiya fakültəsində təhsil almışıq. O zaman kursumuzda 250 tələbə oxuyurdu. Yaxın dostum Babaxan Süleymanov da bizimlə oxuyurdu. 1973-cü il tələbəlik dövründən başlayan tanışlığımız getdikcə dostluğa çevrilib, sonacan da bir yerdə olduq”.  

“Son” sözündəki ümid, professorun bu kəlməni dilə gətirmək istəmədiyini, çətinlik və təəssüf hissi ilə dediyini bəlli edir.

Həə, bu arada:

Bədirxan Əhmədov  ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professordur. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, AMEA Nizami adına Ədəbiyyat İnstitutu Asiya xalqları ədəbiyyatı şöbəsinin müdiridir.

Daha səmimi təqdim etsək, Vurğun Əyyub barədə ağızdolusu danışa biləcək biri, onun keçmiş qrup yoldaşı, yarım əsrlik dostudur..

Hamıdan kiçik Vurğun- 16 yaşlı tələbə

 “Bu qədər tələbənin içindən Vurğunu fərqləndirən cəhət ilk vaxtlar hamıdan yaşca kiçik olması idi: ali məktəbə daxil olanda onun hələ 16 yaşı tamam olmamışdı. Məndən iki yaş kiçik idi. Nəzərə alsaq ki, kurs yoldaşlarımız arasında məndən də 2-3 yaş böyüklər var idi, onda Vurğunun düşdüyü mühiti aydın başa düşmək olar. Onun hamıdan kiçik, bir az da gərgin olması, səsinin hələ uşaq səsi kimi çıxması özünü kurs yoldaşlarının onu əzizləməsində də göstərirdi. Ancaq mühakimələrindəki ötkəmlik, qarşısındakının fikirlərilə razılaşmaması tezliklə onunla hesablaşmağın o qədər də asan olmayacağını üzə çıxardı.

O zaman Vurğun özündən yaşca böyük, elə bizdən iki, ya üç kurs yuxarıda oxuyan bacısı Şahnazla qalırdı. Şahnaz institutu bitirdikdən sonra isə onu digər bacısı Şəhla əvəzlədi”.

Dostunun da dediyi kimi, kirayədə qalan tələbələrlə yataqxanadakılar arasında geniş əlaqə olmur. Yataqxanada yaşayanlar bir-birini daha yaxşı tanıyır, yaxın münasibətdə olurlar. Vurğun Əyyub da kirayədə qaldığından ilk vaxtlar Bədirxan müəllimlə münasibətləri yalnız qrup yoldaşı səviyyəsində olub. Amma bu münasibətin gələcəkdə - tələbəlik illərindən sonra bir qədər də yaxınlaşacağından xəbərsiz idilər:

“Hər ikimiz Sabirabad rayonuna təyinat aldıq; o, Qalağayın, mən isə Abdulyan kəndinə müəllim göndərildik. Qalağayın kəndi demək olar, rayon mərkəzinə bitişik idi, Abdulyan isə bir qədər uzaqda Tiflis yolunun üstündə... Bundan sonra münasibətlərimiz bir qədər də sıxlaşdı. İki dəfə onun qaldığı yerə gedib, şəraiti ilə tanış oldum. Aspirantura dövründə isə münasibətlərimiz yaxın dostluğa çevrildi. Bu zaman 1980-ci illərin əvvəlləri idi”.

Professor uzun illərin münasibətini bir kənara qoyub, bu doğmalığın səbəbini belə izah edir:

“Bizi birləşdirən həyata, cəmiyyətə baxışlarımız, ziyalılığımız, elmə, ədəbiyyata marağımız idi”.

“İstəmirdi ki, ona dayısına görə hörmət etsinlər”

Bədirxan müəllim qrup yoldaşı ilə necə tanış olduqlarını xatırlamasa da, tələbəlik illərindən danışanda yadına Vurğun Əyyubla bağlı bəzi epizodlar düşür:

“Dayısı dosent Nadir Namazov bizə dərs deyirdi. O vaxt tələbələr özünə doğma olmasa da “dayı” axtarırdılar ki, onlara semestr boyu “dayı”lıq etsin. Ancaq danışırdılar ki, Vurğun dayısı evinə getmir, ümumiyyətlə, onunla danışmır. Səbəbini bilməsək də, hər halda Vurğunun bu hərəkəti bizə qəribə gəlirdi. Əslində, Vurğun istəmirdi ki, ona dayısına görə hörmət etsinlər”.

“Vurğun etirafı” – Kütlə qarşısında ilk çıxışın həyəcanı

“Onunla yaxından tanışlığım Asif Əfəndiyevin (Asif Ata) “Estetika” klubunda baş tutdu. Bu klubun iclasları Bakı Dövlət Universitetinin Akt zalında keçirilir, ora yüzlərlə dinləyici qatılırdı. Onda biz III kursda oxuyurduq. Vurğun “Füzulidə məcnunluq” mövzusunda məruzə edirdi. Məncə, dəyərli dostumun inkişafında Asif Atanın və bu məruzənin xüsusi yeri var. Boyu azacıq kürsüdən yuxarı çıxan Vurğun yaşı və elmi səviyyəsi ilə uyğun gəlməyən hökmlər verir, fikirlər söyləyirdi. O, Füzulidə məcnunluq probleminə şablon tənqid və ədəbiyyatşünaslıqdan fərqli yanaşmalar sərgiləyirdi.

Sonralar mənə danışırdı ki, kürsüyə çıxanda dəhşətə gəldim, zal ağzınacan dolu, bir anlığa qorxdum, bu yükün altından necə çıxacağımı fikirləşdim, qıçlarım titrəyirdi, az qalırdı yıxılam: “Sağ əlimlə dizimi bərk-bərk tutdum ki, yıxılmayım. Bircə bunu edə bildim. Yəqin, üzümdəki təlaş ilk sırada oturan professor Xudu Məmmədova çox şey deməli idi ki, başı ilə mənə razılıq əlaməti bildirdi. Bundan sonra rahatlandım və özümdə məruzəmi başlamağa cəsarət tapdım...”

Həmin məruzədən sonra Vurğunu təkcə APİ-dəki tələbələr deyil, Universitet tələbələri də yaxşı tanıdı. APİ-də isə onu barmaqla göstərirdilər. Bu hadisə bizi yaxınlaşdırdı”.

Qrup yoldaşı illərin Vurğun Əyyubu necə dəyişməsindən söz açır. APİ-də tanış olduğu, tələbə “Vurğun”u belə təsvir edir:

“Ortaboylu, qarayanız, ciddi görkəmi ilə seçilirdi. Bir qədər də qaraqabaq təsir bağışlayırdı, amma dərin mənalı ironiyası vardı. Bir az da mənə bənzəyirdi, daha doğrusu, bir-birimizə oxşayırdıq. Bəzən bizi dəyişik salırdılar. Bizim ailədə onu, onun ailəsində məni yaxşı tanıyırdılar.

Bir dəfə Əhmədli metrosunun başında durmuşduq. O, siqaret almağa getdi. Elə bu vaxt bir nəfər mənə yaxınlaşıb dedi: “Bağışlayın, siz Vurğun bəy deyilsiniz?” Dedim, Vurğun bəy deyiləm, amma qardaşıyam. Dedi, onda Elçinsiniz. Cavab verdim ki, yox. Dedi, axı, onun bir qardaşı var, o da Elçindir. Sən demə, məndən soruşan kəndçiləri imiş. Çoxdan kənddən ayrılmış, məni Vurğuna oxşatmışdı. Bu dəm Vurğun bizə yaxınlaşdı, tanış oldular.

Hə, o ki qaldı illərin onu dəyişməsinə, heç dəyişmədi, gəncliyində necə vardı, elə də qaldı. Mən onun xarakterini deyirəm”.

“Müəllimlərdən haqqını tələb edirdi”

Xarakterindən söz düşmüşkən...

“Həyatda maksimalist idi. Bu cəhətdən onu Əhməd bəy Ağaoğluna bənzətmək olardı. Öz fikrini sübut etmək üçün sürəkli faktlar gətirərdi. Hətta yanlış olsa belə, təslim olmaq istəmirdi. Siyasətdə də belə idi: dürüst, təmiz, saf və birbaşa. Ancaq bu təmizlik və dürüstlük ona həyata, insanlara münasibətdə çox mane olurdu.

Prinsipiallıq... Doğrudan da, prinsipial idi. Ona görə də müəllimlərdən haqqını tələb edirdi. Halbuki dayısının adını versə idi, “beş”i hazır idi. Ancaq Vurğun heç zaman buna getmirdi. Bu prinsipiallıq müəllimliyində, siyasətlə məşğul olduğu illərdə də onu tərk etmədi.

Prinsipiallıq həmişə cəmiyyətdə təpki ilə qarşılanır. Bu, birmənalı şəkildə belədir. Çünki cəmiyyətimizin təbiətində prinsipiallıq çox az yer tutur. Bunu onun 60 illiyinə həsr olunmuş məqaləmdə də qeyd etmişəm. Bizim cəmiyyətdə, daha çox heç kimlə pis olmamaq, heç kimi özündən rəncidə etməmək prinsipi əsas götürülür. Ona görə də prinsipiallığın onun həyatına təsir göstərmədiyini demək olmaz. Belə vaxtlarda işləri yaxşı getməsə də, mövqeyini qoruyub saxlayırdı.

Bir fakt deyim; 15 il əvvəl çətin vaxtları idi. Həyat yoldaşı yaxşı Ədəbiyyat müəllimi olsa da, iş tapa bilmirdi. Heç bir məktəb direktoru qorxusundan onu işə götürmürdü. Bir dostumuzun vasitəsilə bu məsələ nazirə deyilmiş, xahiş edilmişdi. Nazir də razılaşmışdı. Yəqin o da fikirləşirdi ki, yoldaşını işə düzəltdikdən sonra Vurğun Əyyub daha təhsil sistemindəki qüsurları tənqid etməz. Biz də məsələnin ciddiliyini nəzərə alaraq Vurğunu xəbərdar etmişdik ki, heç olmasa, yoldaşı işə düzələnə qədər sakit dursun, təhsil sistemindəki qüsurlar haqqında danışmasın. Lakin məsələ həll olunduğu ərəfədə Vurğunun müsahibəsi yayımlandı. Müsahibədə təhsil sistemindəki qüsurları sadalayır, naziri tənqid  edirdi. Bizdən çox nazirlikdə bu işə kömək edən dostumuz pis vəziyyətdə qaldı. İşin düzəldiyi bir zamanda müsahibənin verilməsi onu çox məyus etmişdi. Təbii, biz də Vurğun bəyə nələrsə dedik. Cavab verdi ki, nə olsun, yoldaşıma iş verir deyə, mən prinsipimdən əl çəkməliyəm, mövqeyimi dəyişməliyəm?”

...Doğma olsa da, əsl mühacirət həyatı...

Qrup yoldaşının dediyinə görə, başqa ziyalılar kimi Vurğun Əyyubun ailəsinin də sosial vəziyyəti müxtəlif vaxtlarda çətin olub:

“Bir müddət evdə heç kim işləməyib. Amma bəzi tərcümələr, redaktələr edirdi.

Elə bu vaxt imkan yarandı ki, Türkiyəyə işləməyə getsin. Heç cür getmək, ölkədən ayrılmaq istəmirdi. Əli Şamillə çox çətinliklə də olsa, Qarsa işləməyə getməsinə razılıq ala bildik. Hətta onu arxayın etdim ki, sən getdikdən sonra mən də gələcəyəm, bir yerdə işləyərik. Doğrudan da elə oldu. Bir il sonra mən də getdim. Qars Kafkaz Universitetinin Azərbaycan dili və ədəbiyyatı bölümündə işlədik. O dosent, mən professor idim. Qaydaya görə bölümdə bir professor, bir dosent olsa, orada magistratura açılırdı. Bizim bölümdə də magistratura açıldı. Hətta Universitetin ən böyük bölümlərindən biri, tələbəmiz Eda Eken Universitet birincisi oldu. Tədbirlər keçirdik, konfranslarda iştirak etdik. Bir sözlə, Qars həyatı çox məhsuldar oldu. Bir ildən sonra mən geri qayıtmalı oldum. O qalmaq istəyirdi. Qars nə qədər doğma olsa da, bizim üçün əsl mühacirət həyatı idi. Çətinliklər vardı: bu yaşda tələbə həyatı, hava şəraiti və s. Vurğun getməkdə nə qədər tərəddüd edirdisə, geri qayıtmaq da istəmirdi. Ona Xəzər Universitetində iş təklif olunmuşdu. Lakin fikirləşir, gəlmək istəmirdi. Qorxurdu ki, çətin ola: uşaqları böyümüşdü, biri ali məktəbdə oxuyur, digəri isə orta məktəbi bitirirdi”.

Bir qədər susduqdan sonra “Parta yoldaşı” davam edir. Tələbəlik illərindən yaddaşında qalan ən gözəl xatirələri ələk – vələk edir:

“Onun tələbəlik illərində çətinlik çəkdiyini demək olmaz. Çünki bizdən fərqli olaraq bacıları ilə qalırdı. Necə deyərlər, əlini ağdan-qaraya vurmurdu. Ailə vəziyyətləri yaxşı idi. Atası Əliş müəllim rayonun ən yaxşı müəllimlərindən idi. Onu da deyim ki, orta məktəbdə oxuyarkən Vurğun dünya ədəbiyyatının bir çox yazıçılarının əsərlərini artıq oxumuşdu”.

“Dedim, o zaman həmin adamları qəbul edib yanına gətirsəydim, indi sənin də, mənim də evim olardı”

Çoxları Vurğun bəyin testi tətbiq etməsini tələbəlik illərində şifahi imtahanlar zamanı üzləşdiyi haqsızlıqlarla əlaqələndirirlər. Bədirxan müəllim isə bunları inkar edərək bildirir ki, qəbula qalan müəllimlər tələbələrə haqsızlıq etməyiblər:

“Daha çox qeyri ixtisas-siyasi iqtisad, partiya tarixi, elmi kommunizm və s. bu kimi fənn müəllimləri haqsızlıq edirdi. Əksinə, şifahi imtahan verdikdə bilmədiyin sualların əvəzinə yenisini verirdilər. Bəlkə də bir filoloq üçün şifahi imtahan verməyin də öz üstünlükləri var idi. Özünü yaxşı tərəfdən göstərə bilirdin.

Testin tətbiqi Vurğun bəyin oraya təyin edilməsindən sonra başladı. Heç bir təcrübə yox idi. Qəbul yaxınlaşmışdı. Buna baxmayaraq, həmin sistemi qura bildi. İndi bəziləri deyir ki, testi mən gətirmişəm. Necə yəni?! Test yəni elə bir şeydir ki, onu götürüb gətirirsən, vəssalam?! Test bir sistemdir, onu bir dəfəyə necə gətirmək olar?! Onun üçün günlər, həftələr lazım oldu. Vurğunun bu işləri haqqında vaxtilə "Turan" qəzetində işləyərkən “”Çənlibeldən” başlanan yol" adlı məqalə yazmışdım. Əsas odur, sən bu sistemi necə qurursan, əsasını necə qoyursan. Bu sistem ona görə gətirildi ki, obyektivlik gözlənilsin, rüşvət aradan götürülsün, xalq rahatlasın”.

Elə test deyincə illər əvvəlin tələbə dostunun yadına bir xatirə düşür. Əhvalatı nəql edir:

“Günlərin birində Sabirabaddan dostlarım gəldi. Onları rayonun vəzifəli adamı mənim yanıma göndərmişdi ki, oğlunu “hüquqa qoysun”, nə istəyir verəcəm. Mən onları evdə qonaq etdim və əliboş yola saldım. Dedim ki, biz demokratik cəmiyyət qururuq. Bu sistem belə şeylərin qarşısını almaq üçün tətbiq olunur. Aradan bir neçə il keçmişdi. Vurğunun da, mənim də evimiz yox idi, kirayədə qalırdıq. Dərdləşəndə zarafatla dedim ki, o zaman həmin adamları qəbul edib yanına gətirsəydim, indi sənin də, mənim də evim olardı. Ciddi görkəm alıb dedi ki, elə bilirsən onları qəbul edəcəkdim? Yaxşı ki, gətirməmisən, özün də pis vəziyyətdə qalardın”.

Testin tətbiqi – Səhvlərin apardıqları doğru

Vurğun bəyi belə mətinləşdirən prinsipial dəyərlərə sadiqliyi üzündən rastlaşdığı çətinliklər olub. “Parta yoldaşı”nın dediyinə görə, elə test sisteminin tətbiqi zamanı da az çətinliklə üzləşməyib. Testin tətbiqi ilə elə Vurğun Əyyubun bəzi “dost”ları da “testdən keçib”:

“Testin tətbiqinin ən böyük çətinliyi cəmiyyətin onu düzgün qəbul edib-etməməsi idi. Deyim ki, Vurğun ən böyük təpkini müəllim yoldaşlarından gördü. Qəbula qalan müəllimlər onu baykot edir, salam vermir, "sən bizim çörəyimizi kəsdin",-deyə üzünə çırpırdılar. Hətta gənc elmlər doktorlarından biri qarşısını kəsərək "Mən ona görə elmlər doktoru oldum ki, qəbula qalım, ailəmi dolandırım, sən nə etdin?",-deyə onu tənbeh etmişdi. Çox az müəllim onu təqdir edirdi. Vurğun müəllimlərə “mən sizin şərəfli adınızı özünüzə qaytaracağam” deyirdi.

Axır ki, müəllimlər ondan intiqamını aldı: dosent kimi işlədiyi institutdan çıxarıldı. Vurğun bəyin dərsini əvəz edən müəllimi auditoriyadan çıxarırdılar ki, qoy dərs boş keçsin, onu işdən uzaqlaşdırmaq üçün əllərində əsas olsun. Bunu edən müəllimlər, ziyalılar idi”.

Demokratiya “Vurğun”u

Vurğun bəyin həyatını illər sonra unudulmağa qoymayan da elə ömrü boyu sadiq qaldığı dəyərlərlə yaşaması olub:

“İstəkləri çox idi: Elə başlıca istəyi Azərbaycanda demokratik cəmiyyətin qurulmasını görmək idi. Bütün varlığı ilə buna çalışırdı. Özü də dediyim məsələdə həmişə fərdlərə üstünlük verirdi. Düşünürdü ki, bu bizim hər birimizdən asılıdır. Heç zaman yuxarıları günahlandırmır, ziyalıların bu işdə öndə getməsini istəyirdi.

İstəyirdi, cəmiyyətdə yalan və yaltaqlıq olmasın. Birmənalı şəkildə onu içindən yeyən faktorların hamısının əleyhinə idi. Bu məsələdə heç kimə güzəşt etmək istəmirdi. Son vaxtlar sosial şəbəkələrdə ancaq bununla məşğul olurdu. Bəlkə də çox şey yazıb yaradardı. Şüurlu şəkildə bundan imtina edib sosial şəbəkədə maarifçilik işi ilə məşğul olur, adamlara yeni cəmiyyətin konturlarını cızırdı.

Həyata keçirmək istədiyi işləri də çox idi. Onların bir neçəsi yarımçıq qaldı. "Qanun" nəşriyyatı üçün bir tərcüməsi var idi, məqalələrini kitab şəklində çapa hazırlamaq istəyirdi və s.  Nə qədər dedim, ver o yazılarını tamamlayım, bu gün-sabaha saldı, vermədi. İstəyirdim, mətbuatda çıxan hekayə və şeir təhlillərini kitab şəklində dərc etdirəm. Çox dedim, razı olmadı...”

Bu yerdə bir sual

-Hisslərini sərt baryerlər, prinsiplər arxasında gizləyən Vurğun bəyin çoxlarına məlum olmayan hansı istedadları vardı?

-“Azərbaycan və dünya ədəbiyyatını çox yaxşı bilirdi. Saz havalarının hamısını tanıyırdı. S.Vurğun, M.Şəhriyar, B.Vahabzadə, M.Araz, R.Rövşəndən saatlarla şeir deyə  bilirdi. Yəni şeiri yaxşı deyirdi. Sabirabadda işləyəndə rayon mədəniyyət evində hansısa əsəri tamaşaya qoymuş, özü də rol ifa etmişdi. Uzun illər əvvəl bir povest üzərində işlədiyini deyirdi, ancaq üzə çıxarmadı. Cəmi bir neçə şeir yazdığını bilirəm”.

Deyirlər, böyük dostluqları möhkəmləndirən, qırılmaya qoymayan yoluna çıxan kiçik anlaşılmazlıqlar olur. Elə Vurğun Əyyubla Bədirxan müəllimin arasında da çox mübahisələr olub. Bu sualdan sonra Bədirxan müəllim saatlarla müzakirə apardıqları  vaxtlara qayıdır:

“Amma heç vaxt inciklik olmayıb. Müzakirələrimiz Əli Şamil, tələbə yoldaşımız Fazil Mustafayev kimi dostlarla bir yerdə olurdu. Həmişə də mübahisələrin mərkəzində hadisələrə, cəmiyyətə, şəxsiyyətlərə münasibət məsələsi dayanırdı. Hər şeyə maksimalistcəsinə yanaşırdı, hamıdan da bunu tələb edirdi. Nəzərə almırdı ki, cəmiyyətdə hamı onun kimi intellektual deyil, müxtəlif hadisələrə fərqli münasibətlər ola bilər”.

Qrup yoldaşınan Vurğun Əyyubla bağlı xatirələrini daha ətraflı xatırlamağı, bölüşməyi rica edirik. Düşünür, ən xoş, dilə gətirməyə belə qıymadığı xatirələrini sadalayır:

“Xatirələr bitib tükənməz, hansı birini deyim?

Elə bundan başlayım: Həştərxanda tələbə inşaat dəstəsində bir yerdə olmuşuq. Çox çətinliklərdən keçmişik. Qonşu kəndin klubunda qızlardan ibarət tələbə inşaat dəstəsilə rəqs edərkən kəndin bir qrup xuliqan gəncləri bizim dəstəyə hücuma keçmişdilər. Vurğun da orda olmuşdu. Onlar "silahlı", bizimkilər əliyalın idi. Evə qayıdarkən maşınla qabaqlarını kəsmiş, yaba, tros, bıçaqla silahlanmış dəstə bizimkilərə hücuma keçmişdi. Onlar tərəfdən bıçaqlanmalar, ağır yaralılar olmuşdu. Mən yataqxanada qalmışdım. Bizimkilər qaçıb alma bağında gizlənmişdilər. İki yük maşını dolu acıqlı dəstə yataqxanaya hücuma keçmiş, mən və bir nəfər çətinliklə onların əlindən qurtulmuşduq. Sonralar bu xatirələri tez-tez bölüşərdik.

Ehhh Vurğun... Söz verdimi, mütləq edər, ya da söz verməzdi. Bir dəfə dostumuz Fazil saat 12-də Milli Kitabxananın qabağında Vurğunla görüş təyin edir, amma özü saat 4-də gəlir. Bu qədər saatı Vurğun onu gözləyir. 1980-ci illər, mobil telefonun olmadığı vaxtlardan danışıram. Ən təəccüblüsü də budur: bizdən yaşca böyük bu dostumuz arxayın idi ki, onu gözləyirlər”.

“Kitabxanada səs yayıldı ki, Vurğun evli imiş...”

Dostluqları tələbəlik illərindən sonra daha da möhkəmlənən Bədirxan müəllim aspirantura dövründə də Vurğun bəylə sıx əlaqədə olub. Daha bir xatirəsi də elə həmin illərə aiddir:

“O vaxt Vurğun hələ subay idi. Kitabxanadakı gənc qızlar ona maraq göstərirdilər. Bir gün Vurğun Fazil dostumuzun 5 yaşlı oğlunu şəhərə gəzməyə çıxarır. Elə bu zaman qızlar onu görür, bir-birinə onun eşidəcəyi səslə "...ağız bu evliymiş ki..."-deyirlər. Tezliklə kitabxanada qızlar arasında səs yayıldı ki, bəs, deməzsənmi, Vurğun evli imiş...” (gülür)

“Test sisteminin 20 illiyi ilə bağlı buraxılan kitabda nə Vurğunun adı, nə də sistemin yaranması ilə bağlı sərəncam qeyd olunmuşdu”

Daha bir sual... Nə edək, söz sözü çəkər...

-Geriyə baxanda ən çox nədən narazı idi. Bu həyatını yenə yaşamaq istərdimi?

-Yenə də bu həyatı, bu mübarizəni, bu mövqeni seçərdi. Ancaq müxtəlif vaxtlarda ona edilən haqsızlıqlardan üçü ilə heç cür barışa bilmirdi:

Birincisi, müəllim yoldaşlarının ona münasibətini və institutdan əmrinin verilməsini böyük haqsızlıq, qanunsuzluq hesab edirdi. Çünki o, anadan bir müəllim doğulmuşdu. Testə görə onu işindən etdilər. Bu, həm də institut rəhbərliyinin test sisteminə münasibəti idi və acığını Vurğundan çıxırdı.

İkincisi, illərlə can qoyduğu "Müsavat" partiyasından özünün ərizəsi olmadan çıxarılması idi. Vurğun hərəkat yoldaşlarından da heç cür bunu gözləmirdi. Bu, deyərdim ki, taleyin ona istehzası idi.

Üçüncüsü, test sisteminin 20 illiyi ilə bağlı buraxılan kitabda nə Vurğunun adı, nə də sistemin yaranması ilə bağlı sərəncam qeyd olunmuşdu. O, bunu da gözləmirdi və belə bir haqsızlıqla heç cür barışa bilmirdi. Buna baxmayaraq həmişə bu təşkilatı müdafiə etmişdi”.

Vurğun bəy tələbə dostu ilə tez–tez zəngləşərmiş. Görüşmək istəyəndə zəng edər,"Professor, bir az dincəl, istirahət elə" - deyərmiş:

“Vədələşib görüşürdük. Mənim üç cildlik "XX əsr Azərbaycan ədəbiyyatı tarixi" kitabımla bağlı məqalə yazmışdı. Yüksək qiymətləndirirdi. "Bunu niyə görmürlər?.." kimi sözlər deyirdi. Mən də "Biz görmək üçün yazmırıq ki..." deyib sakitləşdirirdim”.

"Bu da belə bir ömürdü, yaşadım..."

Son görüş çox əhəmiyyətlidir. Bəzən illərin insan beynində cızdığı portreti alt – üst edir. İnsan sonuncu görüşdə necə görübsə, çox vaxt elə də xatırlayır.

Bədirxan müəllim də əziz dostu ilə sonuncu görüşlərini belə təsvir edir:

“Ölümündən bəlkə də bir həftə əvvəl görüşdük; Əli Şamil, o və mən. (Yeri gəlmişkən, Bədirxan müəllimin adını dəfələrlə çəkdiyi Əli Şamil də filoloq alimdir, Folklor İnstitutunun şöbə müdiridir, onlar həqiqətən də yaxın dost olublar-red.)  Xeyli söhbət etdik. Həmişə olduğu kimi, yenə cəmiyyət, elm və ədəbiyyatdan danışdıq. Mühakiməsi, məntiqi yerində idi. Ölümü heç yaxına buraxmırdı. Arada M.Arazın "Bu da belə bir ömürdü, yaşadım..." misrasını dedi. Mənə də, Ə.Şamilə də çox yaxşı göründü. Söhbəti yazmamağımıza təəssüf etdik. Yazsaq, gərək xəbəri olaydı, Biz də bunu etmirdik. İstəmirdik ki, Vurğun bunu vidalaşma kimi qəbul etsin. Cəmi bir neçə gün sonra komaya düşdü. Növbəti dəfə gedəndə artıq komada idi, gözlərini aça bilmirdi. Mehman bəylə bir neçə dəqiqə yanında ola bildik...

Vəfatı isə... O xəbəri alanda düşündüm ki, hər şey bitdi... Zatən buna qədər ailəsi, dostları onun yavaş-yavaş söndüyünü görür və ağrı çəkirdilər. Dərhal özümü ora çatdırmaq haqqında düşündüm...”

Bədixan müəllim hələ də illərin dostluğuna sadiq qalmağa, Vurğun bəyin xatirəsini yaşatmağa çalışır. Vurğun bəyin ruhuna layiq əməllərlə:

“Dəfn günü başım qarışıq olmuşdu. Sosial şəbəkəyə girdikdə Vurğun Əyyuba xalq tərəfindən sevgi selinin miqyasını gördüm. Son illərdə heç bir ziyalı, məmur, alim ölümü cəmiyyəti bu şəkildə silkələməmişdi. Dərhal paylaşım etdim ki, gənclərdən biri bu statusları toplasın. Sağ olsunlar, Elza Səmədli, Qətibə Vaqifqızı, Aynur Qəzənfər, Nizami Əlisoy və başqa gənclər səsimə səs verdilər. İndi o statusları bir kitab halında toplayıb "Sevgi Seli" adı altında dərc edirik. Bu, hələlik Vuğun Əyyubun anısına ilk işimizdir. Bundan sonra da layihələr davam edəcək.

Oktyabrın 25-də müəllim və tələbələrinin ad günü ilə bağlı təşkil etdikləri anım gecəsi adına layiq idi. Bir vaxtlar işlədiyi Xəzər Universitetinin kollektivinə və onun təsisçisi professor Hamlet İsaxanlıya bu işdə göstərdiyi bütün duyarlılığa görə təşəkkür edirəm. Vurğun Əyyubun bu topluma qazandırılmasında Hamlet İsaxanlının böyük əməyi oldu”.

Sonda isə... Bir qədər susub, uzun–uzadı düşünür. İnsanın ən səmimi fikirləri də elə susqunluğundan oxunar:

“Vurğun çox yaşayacaq... Onun ikinci ömrü bundan sonra başlayır...”

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...