“COVİD-19” pandemiyasının geniş yayıldığı bir dönəmdə ölkə rəhbərləri dövlət və qeyri-dövlət iş yerlərinin fəaliyyətini müvəqqəti olaraq dayandırdı. Bu, həminölkələrin təhsil sistemlərinə də təsirsiz ötüşmədi. Dünyanın bir çox ölkələrində təhsil alan şagird və tələbələr online dərs proqramlarından istifadə etməyə başladılar. Bu səbəbdən müəllim(ə)lər dərs proqramını online olaraq tədris edirlər. Virtual məktəblər də buna şamil olunur. Təbii bucür şəraitdə də həm müəllimlərin, həm də valideynlərin üzərinə məsuliyyət düşür (şagirdlər vaxtı-vaxtında dərsdə iştirak etsinlər).
Online dərs şəraiti şagirdlərin bilik artımında nə dərəcədə yardımçı ola bilər?
Və nəzərə alaq ki, bölgələrimizdə bücur proqramdan faydalana bilməyən kifayət qədər şagirlər var.
Bəs görəsən, bölgələrdə yaşayan şagirdlərin təhsil ala bilmələri üçün hansı şəraitlər yaradılıb?
"Təəssüflər olsun ki, Təhsil Nazirliyi tərəfindən görülən bu qədər tədbirlərə baxmayaraq, təhsilin əlçatanlığı tam şəkildə təmin olunmayıb," -deyə, təhsil üzrə ekspert Kamran Əsədov EDNews.net -ə açıqlamasında bildirib:
- İlk növbədə qeyd edim ki, 3 mart tarixindən etibarən bütün təhsil müəssisələrində dərslər dayandırıldıqdan sonra Təhsil Nazirliyi çevik qərar qəbul edib 11 mart tarixindən etibarən mədəniyyət tv-də “Tele Dərs” layihəsinə başladı ki, bu da şagirdlər üçün dərs axınının təmin olunmasına müəyyən imkan yaratdı. Sonradan şagirdlərin tədris prosesi ilə bağlı biliklərini möhkəmləndirmək üçün yeni layihə başlanıldı. “Virtual məktəb” layihəsinin önə sürdüyü evdən çıxmadan şagirdlərin təhsil almalarına davam etmə kimi təşəbbüsü olduqca müsbət qiymətləndirirəm. Təhsil Nazirliyinin virtual məktəb platforması, orta məktəb şagirdləri üçün təhsilin əlçatan olmasanı təmin etməkdir. Nəzərə alsaq ki, sistemdə hələ də elektron resurs çatışmazlığı mövcuddur, lakin Təhsil Nazirliyinin Virtual məktəb layihəsi şagirdlər üçün göydən düşmədir. Təhsil Nazirliyi ümumtəhsil müəssisələrinin şagirdləri üçün məsafədən tədris imkanlarını genişləndirmək məqsədi ilə yaratdığı Virtual məktəb sisteminə daxil olduqda şagirdlər yaşlarına uyğun siniflərə düşəcək. Təhsil Nazirliyi tərəfindən təqdim olunmuş teledərslərə baxa biləcək və həmin mövzulara uyğun müəllimlər tərəfindən hazırlanmış tapşırıqları yerinə yetirə biləcəklər.
Virtual Məktəb platformasında tədris materialları, onlayn dərslər, tapşırıqlar və şagird yoldaşları ilə əlaqə saxlamaq üçün imkanlar da vardır.
Belə ki, şagirdlər sinif yoldaşları ilə görüntülü və səsli əlaqə yaratmaq üçün “Chat” funksiyasından istifadə edə bilərlər. Lakin bir məsələ vardır ki, o da şagirdlərin öz müəllimləri ilə deyil, yalnız Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş müəllimlərlə tədris prosesində iştirak edə bilmələridir.
Sayt qeydiyyat üçün 2 aprel tarixindən etibarən aktiv edilsə də, hələ də qeydiyyat zamanı texniki qüsurlar əmələ gəlir. Buna baxmayaraq, qısa müddət ərzində “Virtual məktəb” portalında 170 min şagird qeydiyyatdan keçib ki, bu da sevindirici hal hesab edilə bilər.
Bir məqamı da qeyd edim ki, elektron məktəb seçimindən fərqli olaraq, “Virtual məktəb”ə qeydiyyatda birincilik şagirdə hər hansı bir üstünlük vermir.
Amma təəssüflər olsun ki, Təhsil Nazirliyi tərəfindən görülən bu qədər tədbirlərə baxmayaraq, təhsilin əlçatanlığı tam şəkildə təmin olunmayıb. Belə ki, virtual məktəb portalında qeydiyyatdan keçmək prosesi müəyyən qədər qəliz və uzundur. Bundan başqa regionlarda şagirdlərin planşet, komputer və şəxsi telefonları olmadığı üçün bu prosesdə iştirak edə bilmirlər.
Bir məqamı da qeyd edim ki, istər Tele Dərslər, istərsə də Virtual Məktəb layihəsi yay aylarından da davam edəcək və şagirdlərin təhsillə əhatəliliyi təmin olunacaq.
Kamran bəy, ali təhsil müəssisələrində təhsil alan tələbələrin və abituriyentlərin imtahanlarında dəyişikliklər olacaqmı? Və hansı dəyişikliklər olacaq?
- Əlbəttə ki, dəyişikliklər olacaq. Çünki orta və ali məktəblərdə təhsil normal axarında həyata keçirilməyib. Ona görə də bu amil xüsusi diqqət tələb edən məsələdir. Burada həmçinin psixoloji amil də yer tutur.
Düşünürəm ki, Təhsil Nazirliyi tərəfindən bununla bağlı ciddi tədbirlər həyata keçiriləcək. Çünki qısa müddətdə həm keçirilməyən dərslərin keçirilməsi, eyni zamanda imtahanların təşkil edilməsi mümkün deyil.
Abituriyentlər və tələbələr üçün də imtahanın modeldən tutmuş, sual formalarına, qiymətləndirməyə qədər dəyişikliklər edilməsi mümkündür və bu olacaq. Bütün hallarda təhsilin əlçatan və davamlı olması təmin olunacaq.
Təşəkkür edirik!
Günel Ağayeva