"Qondarma "Erməni Soyqırımı"nı Tanıyan Dövlətlər Soyqırım Cinayəti Törədirlər" - Beynəlxalq hüquq eksperti prof. Şükrü Güzel - EKSKLÜZİV | Eurasia Diary - ednews.net

30 May, Şənbə


"Qondarma "Erməni Soyqırımı"nı Tanıyan Dövlətlər Soyqırım Cinayəti Törədirlər" - Beynəlxalq hüquq eksperti prof. Şükrü Güzel - EKSKLÜZİV

"Kağız üzərində icad edilən qondarma "erməni soyqırımı" iddialarını tanımaq əslində özü-özlüyündə bir soyqırım cinayətinin törədilməsidir".

Müsahibələr A- A A+

3 dəfə Nobel Sülh Mükafatına namizəd göstərilən beynəlxalq hüquq üzrə ekspert, İsveçrədə "Center for Peace and Reconciliation Studies" adlı düşüncə mərkəzinin sədri professor, fəxri doktor Mehmet Şükrü Güzel qondarma "erməni soyqırımı" iddiaları, Xocalı soyqırımı və qondarma "prezident və parlament seçkiləri" haqqında EDNews.net-ə eksklüziv müsahibə verdi.

- Türkiyədə və Azərbaycanda dəfələrlə soyqırım, qətliam və terror törətmiş ermənilər, qondarma soyqırım iddialarını bütün dünyaya qəbul etdirməyə çalışmaqla nələri hədəfləyir?

- Əvvəla, qondarma soyqırım iddialarının xristian ilahiyyatındakı yerini bilməliyik. "Yanılmazlıq" anlayışı ümumi mənada acizlik və səhvdən azad olmaqdan bəhs etsə də, xüsusi mənada ilahiyyatla bağlı istifadə zamanı isə xristian kilsəsinin iman və əxlaqla əlaqəli mövzulardakı müəyyən doqmatik təlimlərdə ilahi bir kömək tərəfindən xüsusi səlahiyyətlə səhvlərdən qorunmaqdır. "Yanılmazlıq" anlayışı toxunulmazlıq və səhv etməməklə sinonim kimi qəbul edilir. Bununla birlikdə, yalnız səhv etməməyi deyil, daha dəqiq dedikde, səhv etmək ehtimalından belə uzaq olmağı ifadə edir.

"Kilsə yanılmazlığı" şərq pravoslav kilsələri tərəfindən qəbul edilən bir anlayışdır. Qondarma "erməni soyqırımı" iddialarının maddi əsasını erməni patriarxlığı tərəfindən təqdim edilən əhali statistikasını təşkil edir. Bu əhali statistikası bütün dünyaya müqəddəs əhali məlumatları "yanılmazlıq" anlayışı kimi təqdim olunur. Ermənistanda heç bir tarixçi erməni əhalisi mövzusunu sorğulaya bilməz. Bu, erməni patriarxlığı statistikalarının müqəddəsliyini sorğulamaq kimi sayılır, həmçinin kilsənin müqəddəsliyinə edilmiş bir təhqir kimi qəbul edilir. Əslində, erməni patriarxlığının məlumatlarını qəbul etmək bütün xristian mənşəli tarixçilər üçün məcburilik kimi göstərilir.

Berlin Konqresi zamanı erməni patriarxlığı adından keçmiş patriarx Mkrtiç Xrimyan, erməni nümayəndə heyəti adından erməni əhalisi haqqında ilk rəsmi statistikanı qərb dövlətlərinə 3 milyon olaraq vermiş, ingilislərin qarşı çıxmasından sonra bu rəqəmi 2 milyon 660 minə endirmişdir. İstanbul erməni patriarxlığı tərəfindən iddia edilən Osmanlı İmperiyasında yaşayan erməni əhalisinin ümumi sayı 1912-ci ildə 2 milyon 26 min nəfərdir. Erməni əhalisi sayını 1882-ci il erməni kilsəsinin statistikasından 56 min az vermişdir.

Osmanlının 1914-cü il əhali statistikasına görə isə qriqorian ermənilərin sayı 1 milyon 161 min 169, katolik ermənilərin sayı 67 min 838, ermənilər də daxil olmaqla protestant xristian əhalisinin sayı 65 min 844 nəfər olmuşdur. 1914-cü ildə Osmanlı İmperiyasında protestant ermənilərdən başqa, qriqorian və katolik erməni əhalisinin sayı 1 milyon 229 min 7 nəfər olmuşdur. Erməni patriarxlığı tərəfindən iddia edilən 1912-ci il erməni əhalisinin sayı ilə Osmanlının 1914-cü il əhali statistikasında bildirilən erməni əhalisinin sayı arasında 796 min 993 nəfər fərq var. Osmanlının əhali statistikası ilə erməni patriarxlığının əhali məlumatları arasındakı fərq isə dünyaya öldürülmüş ermənilər kimi göstərilir.

Ermənistan dövlətinin hüquqi tezisi 1) tanınma, 2) təzminat, 3) torpaq kimi tanınır. Bu tezisin hüquqi əsasını "Clean Slate" doktrinası, yəni "Təmiz səhifə" doktrinası təşkil edir. Ermənistan, qanuni etibarsız olmasına baxmayaraq Estoniya, Litva və Latviya tərəfindən tətbiq olunan "Təmiz səhifə" doktrinasını həyata keçirir. Estoniya, Litva və Latviya, SSRİ-yə zorla daxil olduqlarını ikinci dünya müharibəsindən əvvəl bildirərək, müstəqillik qazandıqları günə qədər olan heç bir müqaviləni qanuni qüvvədə hesab etmirlər. Ermənistan dövləti də bu tezisi nümunə götürür.

Ermənistan dövlət tezisinə görə, Lozanna müqaviləsi ilə Türkiyənin şərq sərhədləri təyin olunmamışdır və bu səbəbə əsasən Ermənistan üçün Sevr müqaviləsi şərq sərhədləri hələ də qüvvədədir. Bunun hüquqi əsası Ermənistan dövlətinə görə belədir:

6 oktyabr 1920-ci ildə Ermənistanın Sülh Konfransı sədri A. Aharonyanın imzası ilə Millətlər Cəmiyyətinə (red. Millətlər Cəmiyyəti, BMT-nin təməli sayılan institutdur) bir məktub göndərilmişdi. Məktubda, 2 oktyabr 1920-ci ildə hökumətlərindən bir teleqram aldıqları və göndərilən teleqramda nizamlı Türk qoşunlarının komandiri Kazım Karabekir Paşanın Qarsa doğru getdiyi, həmçinin göndərdiyi memorandum ile Brest-Litovsk müqaviləsinin şərtlərinə görə Oltu, Qars və Ardahanı boşaltmaq istədiyi yazılmışdı, habelə Millətlər Cəmiyyətindən kömək tələb olunmuşdu.

Millətlər Cəmiyyəti, A. Aharonyanın göndərdiyi məktubdan sonra Millətlər Cəmiyyəti daxilində H. Ağnidesdən hüquqi rəy istəmişdi. H. Ağnides, 11 oktyabr 1920-ci il tarixli hesabatında Sevr müqaviləsinin hələ təsdiq olunmadığı üçün müqavilənin qanuni olaraq pozulmadığına görə, Ermənistanın adından A. Aharonyanın Millətlər Cəmiyyətinə deyil, Sevr müqaviləsini imzalayan Entente Dövlətlərinə müraciət etməli olduğunu bildirmişdi. A. Aharonyan, Brets-Litovks müqaviləsində Qars və Batumun türklərə verildiyini xatırladaraq, bunun Sevr müqaviləsinin pozulması olduğu bildirmişdi. Ermənistanın qarşısında hərbi baxımdan sayca üstün olan türklərə qarşı, Ermənistanın təcili olaraq Millətlər Cəmiyyətinə müraciət edərək mümkün olan hər hansı bir vəziyyətdə müdaxilə etməsini tələb edilmişdi.

16 dekabr 1920-ci ildə Millətlər Cəmiyyəti Baş Məclisinin iclaslarında Ermənistanın üzvlüyü müzakirə edilmiş və rədd edilmişdir. 20 yanvar 1921-ci ildə Ermənistan adından A. Aharonyanın Millətlər Cəmiyyətinə göndərdiyi məktubda, Ermənistan tərəfindən Paris Sülh Konfransı Ermənistan nümayəndə heyəti olaraq onlara göndərilən 2 Noyabr 1920-ci il tarixli teleqramda Ermənistanın imzalamaq məcburiyyətində qala biləcəyi bütün müqavilələrə baxmayaraq, Ermənistan nümayəndə heyətinin Sevr müqaviləsinə ciddi şəkildə riayət etməsinin tapşırıldığını bildirmişdi. Ermənistan, bu məktub ilə Ermənistan Paris Sülh nümayəndə heyətini dünyaya qanuni sürgün hökuməti olaraq tanıdır, həmçinin Qars, Gümrü və Moskva müqavilələrini qanuni olaraq saymır və "Təmiz səhifə" doktrinasının Baltikyanı ölkələr üçün olduğu kimi Ermənistan üçün də qüvvədə olduğunu iddia edir. Halbuki Baltikyanı ölkələr Millətlər Cəmiyyətinin üzvü olduqlarına görə "Təmiz səhifə" doktrinası onlar üçün qüvvədədir. Millətlər Cəmiyyəti müqaviləsinin 10-cu və 11-ci maddələri üzv ölkələrin siyasi müstəqilliyinə zəmanət verirdi. Bu, Ermənistan üçün qüvvədə deyil, əslində ermənilərin bütün hüquqi tezislərinin hökmü yoxdur.

Ermənistanın kağız üzərində icad edilən qondarma soyqırım ilə tanınma, təzminat və torpaq tələbləri əslində dünyada erməni diasporu üçün assimilyasiyanın qarşısını alan bir vasitə kimi də istifadə olunur, habelə imperializm baxımından hər bölgədə zəruri münaqişə mühitini təmin etmək üçün bir vasitə kimi də dəstəklənir. Bu isə fərqli bir mövzudur.

- Bəzi ölkələrin qondarma "erməni soyqırımı"nı qəbul etməsinin əsl səbəbi Türkiyəyə və müsəlmanlara qarşı olan mənfi münasibətləridir?

- Əvvəla, qondarma "erməni soyqırımı" iddialarını tanımaq əslində öz-özlüyündə bir soyqırım cinayətinin törədilməsidir.

Ermənistanın dünyaya təqdim etdiyi rəsmi tezisləri, birinci dünya müharibəsi fürsətindən istifadə edən Jön Türk Hökumətinin Osmanlı İmperiyası ərazisində yaşayan ermənilərə qarşı planlı bir soyqırımı həyata keçirdiyi iddiasına əsaslanır.

Birinci dünya müharibəsi dövründə erməni məsələsinin beynəlxalq hüquqda qarşılığı, onun beynəlxalq müharibəyə çevrilən vətəndaş müharibəsi olmasıdır. Amma bu müharibə, eyni zamanda beynəlxalq müharibəyə çevrilən terror müharibəsidir. Rusiya ordusu erməni qeyri-dövlət silahlı dəstələrinə təsirli bir nəzarət gücünə sahib olduğu üçün, erməni qeyri-dövlət silahlı dəstələri keçmiş Yuqoslaviya Döyüş Cinayətləri Məhkəməsinin qərarları çərçivəsində Rusiya ordusu adından hərəkət etmişdir. Digər tərəfdən, Sivas və digər bölgələrdə erməni qeyri-dövlət hnçaq və daşnaq dəstələrinin üsyanı səbəbiylə bölgəyə qoşun göndərməsi, Osmanlı ordusunun hərbi gücünü təkcə Rusiya ordusuna qarşı deyil, eyni zamanda Çanaqqala, Fələstin və Bəsrədəki ingilis və fransızlara qarşı da zəiflətmişdi. Birinci dünya müharibəsi dövründə erməni məsələsi Rusiya, İngiltərə və Fransanın müdaxilə etdiyi beynəlxalq müharibəyə çevrilmişdi.

Erməni qeyri-dövlət silahlı dəstələri, yəni hnçaq və daşnaqlar 19-cu əsrin sonlarından etibarən partizan müharibəsini Osmanlı İmperiyası ərazisində bugünkü mənada terror təşkilatı olaraq mülki insanları qətlə yetirirdilər. Ermənistanın dünyaya təqdim etdiyi rəsmi tezisləri, birinci dünya müharibəsi fürsətindən istifadə edən Jön Türk Hökumətinin Osmanlı İmperiyası ərazisində yaşayan ermənilərə qarşı planlı bir soyqırımı həyata keçirdiyi iddiasına əsaslanır. Ermənistan, Osmanlı ermənilərinin yaratdığı hnçaq və daşnaq qeyri-dövlət silahlı dəstələrinin üsyanlarına, eləcə də birinci dünya müharibəsi zamanı və ondan sonra öldürdükləri 600 mindən artıq müsəlman türk və kürdlərə məhəl qoymur. Eyni zamanda, dünyanın da öldürülən müsəlman türk və kürdləri görməzlikdən gəlməsini istəyir.

Erməni qeyri-dövlət silahlı qüvvələrinin silahlı əməliyyatlarının erməni qeyri-dövlət hnçaq və daşnaq dəstələrinin müsəlman türk və kürd kəndlərinə qarşı törətdikləri qətliamları və öldürdükləri 600 mindən artıq mülki əhali nəzərə alınanda isə üsyan etdikləri dövlətin hərbi gücü xaricində mülki şəxslərə hücum edilməsi, dövlətə qarşı vətəndaş müharibəsi ortadan qalxır və terrorizm vətəndaş müharibəsini əvəz edir. Birinci dünya müharibəsi dövründə erməni məsələsi Rusiya, İngiltərə və Fransanın müdaxilə etdiyi beynəlxalq bir terror problemi olaraq qəbul edilməlidir.

Bu vəziyyətdə isə başqa bir reallıqla qarşılaşırıq:

Beynəlxalq Ədalət Məhkəməsinin Bosniya və Herseqovinada baş verənlərlə əlaqədar 26 fevral 2007-ci il tarixli qərarında, Serbiyanın Srebrenitsada 8 min bosniyalının öldürməsini soyqırım kimi qəbul etmişdir. Beynəlxalq Ədalət Məhkəməsi Serbiyanı "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanın 2-ci maddəsinə əsasən təqsirkar saymışdı. Srebrenitsa barəsində Serbiya dövləti soyqırım cinayəti törətməyə görə deyil, Bosniya serblərinə verdiyi hərbi və siyasi dəstəkdə Bosniya serblərinin soyqırım cinayətini törədə biləcəyini təxmin edə bilmədiyinə görə təqsirkar hesab edilmişdi. Bu qərar isə mənfi tanınma kimi Bosniya serblərinin soyqırım cinayəti törətdiyinin tanınması kimi qəbul edilir. Bu zaman erməni qeyri-dövlət silahlı dəstələri tərəfindən öldürülən 600 mindən çox müsəlman soyqırımı cinayətini təşkil edir. İngiltərə, Fransa və Rusiya, Beynəlxalq Ədalət Məhkəməsinin Srebrenitsa qərarı çərçivəsində təqsirkar dövlətlərdir.

Bu vəziyyətdə 4 yeni faktla qarşılaşırıq:

1. Bu gün birtərəfli şəkildə kağız üzərində icad edilən qondarma "erməni soyqırımı"nı tanımaq və erməni qeyri-dövlət silahlı dəstələri tərəfindən öldürülən 600 mindən çox mülki şəxsə məhəl qoymamaq, müharibə cinayətləri arasında irqi və dini ayrıseçkilik səbəbiylə bəşəriyyətə qarşı törədilən cinayətdir. Eyni zamanda, müəyyən bir etnik və dini qrupun törətdiyi müharibə cinayətlərinə, bəşəriyyətə qarşı törətdiyi cinayətlərə və törətdiyi soyqırıma məhəl qoymamaq, gələcəkdə də bənzər hərəkətlərin müəyyən bir etnik və dini qrupun qanuniləşdirilməsi mənasını verdiyindən, "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanın 3-cü maddəsinin C bəndinə uyğun olaraq, soyqırımın cinayətinin törədilməsini birbaşa və açıq şəkildə təhrik edilməsi demək olduğu üçün soyqırım cinayətini təşkil edir.

2. Ermənistanın, ermənilərə qarşı törədilən qondarma soyqırımı iddia edərkən, erməni qeyri-dövlət silahlı dəstələrinin törətdikləri soyqırıma məhəl qoymamasının özü də soyqırım cinayətidir.

3. Beynəlxalq Ədalət Məhkəməsi, Birləşmiş Millətlər Təşkilatının orqanlarından biridir. Türkiyə Respublikası, BMT-nin Konvensiyasının 96-cı  maddəsinə görə BMT-nin Baş Assambleyaya müraciət edərək birtərəfli şəkildə qondarma soyqırım iddialarını qəbul edilərək, erməni qeyri-dövlət silahlı qüvvələrinin törətdiyi soyqırıma məhəl qoymayan dövlətlərin BMT-nin müqavilələrini tapdaladığına və alınan bütün tək tərəfli tanınma qərarlarının BMT-nin Konvensiyasının 103-cü maddəsinə əsasən hökmünün olmamasına dair tövsiyə görüş istəmək haqqına sahibdir.

4. Türkiyə Respublikası, tək tərəfli olaraq qondarma "erməni soyqırımı"nın tanınaraq, erməni qeyri-dövlət silahlı qüvvələrinin törətdiyi türk soyqırımını tanımayan dövlətlərin, BMT-nin hüququna qarşı çıxaraq "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanın 3-cü maddəsinin C bəndində müəyyənləşdirilən soyqırım törədilməsini birbaşa və açıq şəkildə təhrik edilməsi cinayətini törətdikləri üçün də şikayət etmək hüququna da malikdir.

Türkiyə tərəfinin vurğulamalı olduğu məqam, "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanın 4-cü maddəsində deyildiyi kimi ayrı-ayrı şəxslərin soyqırım cinayəti törətmələrinin də cəzaya məruz qalmasıdır.

"Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanın 5-ci maddəsində soyqırım cinayətini və ya 3-cü maddəsində göstərilən hərəkətlərdən birini edənlərin, konstitusiyaya görə səlahiyyətli rəhbər şəxslər, dövlət məmurları və ya xüsusi şəxslər olsa belə cəzalandırıldığı yazılır. 4-cü maddədə göstərilən xüsusi şəxslərin tərifi çərçivəsində qondarma "erməni soyqırımı"nı tək tərəfli tanıyaraq erməni qeyri-dövlət silahlı dəstələri tərəfindən öldürülən 600 mindən çox türk və kürd mülki şəxsə məhəl qoymadan parlament qərarlarının lehinə səs verən millət vəkillərinin, eləcə də qondarma "erməni soyqırımı" haqqında kitab yazan bütün tarixçilərin "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanın 3-cü maddəsinin C bəndinə uyğun olaraq soyqırım cinayətini törətdiklərini bildirmək vacibdir.

- Niyə bir çox ölkə və təşkilatlar 1915-ci ildə baş verdiyi iddia edilən qondarma "erməni soyqırımı"nı tanıyır, amma 1992-ci ildə ermənilər tərəfindən törədilmiş və əsaslı dəlillərlə sübut olunan Xocalı soyqırımını tanımır?

- Meksika, Pakistan, Kolumbiya, Çex Respublikası, Bosniya və Herseqovina, Peru, Honduras, Sudan, Rumıniya, İordaniya, Cibuti, Panama, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, habelə ABŞ-ın 19 ştatı Xocalı soyqırımını tanıyır.

Əvvəla, Xocalı soyqırımının müharibə və ya vətəndaş müharibəsi zamanı törədilən müharibə cinayətlərindən fərqini ifadə etmək lazımdır. Beynəlxalq humanitar qanun, heç bir şəkildə mülki şəxslərin həyatına zərər dəyməsini qəbul etmir. Xocalıda baş verənlərə baxdığımızda ilk növbədə Cenevrə Konvensiyalarının birinci dərəcədə tapdandığı görünür, yəni müharibə cinayəti törədilib. Önəmli məqam, burada bu müharibə cinayətinin daha ağır dərəcələrin olub olmamasıdır. Bir qədər daha dəhşətlisi insanlığa qarşı törədilmiş cinayət və daha sonra soyqırım cinayətidir.

Beynəlxalq Cinayət Məhkəməsinin 7-ci maddəsi insanlığa qarşı törədilən cinayətləri müəyyən edir. 7-ci maddənin 1-ci bəndinin A ve B bəndi, öldürmə (A) və kütləvi qırğın (B) kimi insanlığa qarşı törədilən cinayətləri müəyyən edir ki, əgər vətəndaş müharibəsi zamanı ermənilər erməniləri öldürsəydi, bu maddə qüvvədə olacaqdı. BMT Təhlükəsizlik Şurasının 2000-ci il tarixli 1315 saylı qətnaməsi mövcuddur. Syerra-Leonedə Lome sülh müqaviləsi ilə üsyançılara verilən əfv BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilməmişdir. Yəni əgər vətəndaş müharibəsi zamanı ermənilər erməniləri öldürsəydi belə əfvdən söhbət gedə bilməz.

Baş verən ise ermənilərin azərbaycanlıları öldürməsidir, yəni başqa bir qrupa aid olan mülki şəxslərin öldürülməsi məsələsidir. Bu, Beynəlxalq Cinayət Məhkəməsinin 8-ci maddəsinin A bəndindəki tərifdə göstərilmişdir. Başqa sözlə, digər qrup üzvlərinin öldürülməsi tərifinə daxildir və soyqırım cinayətini təşkil edir.

Ancaq Beynəlxalq Ədalət Məhkəməsinin Srebrenitsa qərarı çərçivəsində baş verən bir soyqırımdan danışıldıqda tanınmır. Mən tanınmamasının səbəbini birbaşa olaraq kağız üzərində həyata keçirilmiş bir soyqırımı tanıyan bəzi dövlətlərin əfsuslar olsun ki, bunu bir intiqam yəni eynilə qarşılıq vermə olaraq qəbul edərək qanuniləşdirdiklərini düşünürəm. Bu qanuniləşdirmə isə özü-özlüyündə bir cinayətdir.

Bunun üçün ilk növbədə bizim qondarma soyqırım qərarlarını qanuni şəkildə, üstün hüquqi qüvvəyə malik olan BMT qanununda hökmünün olmamasına gətirməliyik. Bunu əvvəllər qeyd etdiyim məlumatlar çərçivəsində asanlıqla edə bilərik. Başqa sözlə, bütün qondarma soyqırım iddialarının tanınmasını hökmünün olmamasına gətirə bilərik və bu qondarma soyqırımı tanıyan dövlətlərin əslində soyqırım cinayəti törətdiklərini sübut edə bilərik. Bundan sonra Xocalı soyqırımını tanımaq bu dövlətlər üçün məcburi olacaq, buna əmin olun.

- 31 mart - Azərbaycan türklərinin ruslar və ermənilər tərəfindən soyqırımının anım günündə Ermənistan işğal etdiyi Azərbaycanın Qarabağ bölgəsində qondarma "prezident və parlament seçkiləri" keçirdi. Türkiyə daxil olmaqla bir çox ölkə tərəfindən qınanan qondarma "seçkilər"in məhəl qoymadığı beynəlxalq hüquq normaları haqqında detallı məlumat verə bilərsinizmi?

- Əsas olan Azərbaycan vətəndaşlıq qanunu və seçki sistemidir, buna görə qondarma "prezident və parlament seçkiləri"nin hökmü yoxdur. Beynəlxalq hüquqda dövlətlərin haqları və vəzifələri var. Burada keçirilən qondarma seçkilərin hökmünün olmamasının qəbul edilməsi məcburidir, "ex injuria jus non oritur" prinsipi çərçivəsində qanunsuz hər hansı bir hərəkət qanuni hüquq yaratmır prinsipi əsasdır.

Qarabağ Birləşmiş Millətlər Təşkilatı baxımından Azərbaycanın ərazisidir və bunu müzakirə etmək belə lüzumsuzdur.

İşğal olunmuş bölgələrdə keçirilən seçkilər əslində bir növ oyundur: kim səs verib, necə səs verib, Azərbaycan müstəqillik qazandığı dövrdə burada kimlər yaşayıb, işğaldan sonra kimlər bu bölgələrə yerləşdirilib suallarını verəndə fərqli bir reallıq ortaya çıxır. Burada seçki sistemi vasitəsiylə insanların öz müqəddəratını daxili şəkildə müəyyənləşdirməsi məsələsi yoxdur. Əslində edilən xaricdən gətirilən erməni diasporasının, məsələn Suriyadakı vətəndaş müharibəsindən qaçanların da seçkilərə daxil edilərək ingiliscə "Settler Colonialism" adlanan "Məskunlaşma müstəmləkəçiliyi"nin qanuniləşdirilməyə çalışılmasıdır. Burada məqsəd təkcə Qarabağla tarixi bağı olmayan erməniləri deyil, digər irqlərə mənsub olanları da uzun müddət ərzində Qarabağa gətirərək və yerləşdirərək müstəmləkə dövləti qurmağa çalışmaqdır. "Məskunlaşma müstəmləkəçiliyi"nə yaxşı tərif vermək lazımdır. İkinci dünya müharibəsinin əsl səbəbi almanların "Lebensraum" adlı "Yaşayış sahəsi" nəzəriyyəsi çərçivəsində Şərqi Avropa və Ukraynada quracaqları müstəmləkə dövlətləridir. Bu səbəbdən, Qarabağı sadə bir etnik münaqişə olaraq da görməmək lazımdır. İllər əvvəl planlaşdırılmış bir müstəmləkə dövləti yaratmaq layihəsi ilə də qarşı-qarşıyayıq.

Əlbətdə ki, 31 mart - Azərbaycan türklərinin ruslar və ermənilər tərəfindən soyqırımının anım gününün xüsusilə seçilməsi təsadüfi deyil. Eyni zamanda qeyd etmək lazımdır ki, bu seçkilərin Beynəlxalq Cinayət Məhkəməsi Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinin D bəndindəki etnik təmizlənmənin qanuniləşdirilməsi kimi qəbul edilməsi zəruridir. Çünki etnik təmizlənmənin qanuniləşdirilməsi digər bir beynəlxalq cinayətin törədilməsidir.

- Əsassız erməni iddialarına qarşı kitab və məqalələrin müəllifi, beynəlxalq hüquq mütəxəssisi olaraq həqiqətləri insanlara çatdırmaq üçün başqa nə demək istərdiniz?

- Qismət olarsa, qondarma soyqırım iddiaları ilə bağlı yayımlanacaq kitabım ilə erməni itkilərini birinci dünya müharibəsi zamanı və sonrakı dövrlərdə Ermənistanın sənədləri ilə birlikdə ingilis və fransız sənədləri vasitəsilə təxminən 500 min nəfər azaldacam. Əslində tədqiqat hissəsini bitirdim, yalnız vaxt ayırıb yazmaq qalıb.

Ortada BMT tərifinə görə, soyqırımı təşviq edən bir nifrət cinayəti var. Bir tərəfdən, kağız üzərində soyqırım icad edilərək bir millət təqsirkar elan edilərkən, digər millətin törətdiyi soyqırımlara məhəl qoymayaraq qanuniləşdirilir, soyqırım qanuniləşdirilir. Bu soyqırım cinayətidir.

Ermənilər də bunu bildiklərinə görə tarixçiləri susdurmaq üçün Avropa və dünya tarixçilərinin birinci dünya müharibəsi və sonrakı dövrlərdə erməni problemini araşdırmasına qorxudaraq mane olmağa çalışırlar. Təəssüf ki, bunda bu günə qədər uğur qazanıblar.

Özümüzü də tənqid etməliyik. Tarixçilərin fəaliyyətindən başqa, hüquqşünaslarımız qondarma "erməni soyqırımı"na kifayət qədər diqqət ayırmayıblar. Birazda məsələni Türkiyə Xarici İşlər Nazirliyinin məmurlarına həvalə ediblər, ancaq bu XİN məmurlarının vəzifəsi deyil. Kifayət qədər iş görülmədiyinə görə XİN məmurlarını günahlandırmamalıyıq, lakin vəzifələrini yerinə yetirmədikləri üçün universitetlərimizin hüquq fakültələrinə hirslənməliyik.

Prof. Dr. h.c. Mehmet Şükrü Güzel

 

Müəllif: Təbriz Abbasov

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...